"Türklər ermənilərə qarşı soyqırım
törətməyiblər".
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq
Andrey Yepifançev öz Feysbuk səhifəsində çıxış edib.
Onun sözlərinə görə, ermənilərin də türklərə qarşı etdiklərinə
göz yummaq lazım deyil:
"Ermənilərə qarşı hərəkət cinayət, deportasiya və sairə ola
bilər, amma onu bir neçə səbəbə görə soyqırım adlandırmaq
olmaz.
Ermənilər fəlakətdən öncəki tarixə baxmır və öz üzərilərinə
türklərin qəzəbini cəlb etmək üçün nələr etdiklərini göstərmirlər.
Onlar çox və həddindən çox şey ediblər. Türklərin həqiqətən də
ermənilərə qarşı repressiya həyata keçirmək üçün səbəbləri var idi.
Onun bizim dövrün normalarına cavab verməsi başqa məsələdir. O
zaman humanizm normaları tamam başqa idi və indiki kimi "genosid"
termini yox idi. Təkcə türklərin ermənilərə qarşı
repressiyalarından tutub ermənilərin türklərə qarşı etdiklərinə göz
yummaq lazım deyil. Van üsyanı zamanı Vandakı türklərin qırğınını
yada salaq. Türklərin genosid etdiyini hesab ediriksə, o zaman
gəlin ermənilərə qarşıda eyni normaları tətbiq edək. Həmin an
ermənilərin də fəaliyyətini eyni sözlərlə ifadə etmək
lazımdır".
Yepifançev türklərin əleyhinə üsyan qaldırmayan heç bir
erməninin öldürülmədiyini deyib:
"Türklərin törətdiyi deyilən cinayətdə hüquqi normalar
baxımından soyqırım kəlməsini xarakterizə edən əsas nüans yoxdur.
Bu norma xalqın məhv edilməsi niyyətidir. Türklər çoxlarını
öldürərək qisas aldılar və sonra kütləvi şəkildə erməniləri ön
cəbhədən köçürdülər. Çünki əks təqdirdə burada ermənilər hücum
edəcək rus döyüşçülərinə yardım edə bilərdilər. Amma türklər xalqı
məhv etmədilər. Deportasiya məhv demək deyil. Bundan əlavə,
insanları məhv etməmək üçün hərdən deportasiya edirlər. Türklər
həmçinin üsyan qaldırmayan, türkləri öldürməyən, partizan dəstələri
yaratmayan və rusların gəlişini gözləməyən ermənilərin
məskunlaşdığı yerlərdə, ümumiyyətlə, heç kimi öldürməyiblər. 70 min
erməninin məskunlaşdığı İstanbuldan türklər yalnız 3 min etibarsız
ermənini köçürdülər. Yerdə qalanlara isə heç nə olmadı".
Politoloq "soyqırım" ətrafında baş verənlərin siyasət olduğunu
vurğulayıb:
"Bunlardan başqa olan hər şey siyasətdir. Hansı ölkəyə baş
verənləri soyqırım kimi tanımaq sərfəlidirsə, o bunu edir. Kimə
sərfəli deyilsə, onlar tanımırlar. Fransada güclü erməni diasporu
var. O, basqılar edir və bunu tanıyırlar. Başqa ölkələrdə yoxdur və
soyqırımı tanımırlar. Ermənilərlə bərabər yunanlar və suryanilər də
çalışdılar, amma onların belə diasporu yoxdur və ona görə də
soyqırımlarını tanımırlar. Mən heç kimin xətrinə dəymək istəmirəm.
Bu, tamamilə obyektiv baxışdır. Mən olanların dəhşətli cinayət
olduğunu və bunun heç vaxt təkrar olunmamasını qəbul edirəm, amma
gəlin bir az obyektiv olaq. Bu, soyqırım deyil".