Xoşqədəm Hidayətqızının
layihə rəhbəri olduğu "Səni axtarıram" verilişi ilə bağlı ATV
telekanalı arasında başlanan mübahisə davam edir. Həftəsonu yerli
internet saytları yenə də ATV ilə teleaparıcı arasında artıq bir
neçə gündür ki, gündəmi zəbt edən hadisələrin yeni dalğası ilə
çalxalandı. Həftəyə bu dəfə damğasını vuran xəbər isə 5 il bundan
öncə ATV telekanalının vitse-prezidenti olmuş Həsən Abdullayevdən
gəldi. O, Vüqar Qaradağlının iddialarını puç elədi.
Xatırladaq ki, ATV telekanalının indiki rəhbəri Vüqar Qaradağlı
"Səni axtarıram" layihəsinin Hidayətqızının beyninin deyil, məhz
Həsən Abdullayevin beyninin məhsulu olduğunu iddia etmişdi.
H. Abdullayevin Publika.az-a verdiyi bu açıqlamadan sonra
nəzərlər yenidən ATV-də cəmləşsə də, bir neçə bəndlik bəyannamə ilə
kifayətlənən ATV rəhbərliyi susmağa üstünlük verdi. Halbuki həmin
bəyannaməni əsassız çıxaran bu yeni açıqlama ilə bağlı məhz ATV-nin
ortaya atacağı yeni bir əsaslandırma ictimai maraq kəsb edir.
Bəs bu açıqlama müəlliflik hüquqları uğrunda gedən mübarizəyə öz
töhfəsini verdimi? Həsən Abdullayevin açıqlaması verilişlə bağlı
mübahisələrə aydınlıq gətirib son qoya bildimi?
Bununla bağlı Publika.az-ın Xoşqədəm Hidayətqızı ilə müsahibəsini
təqdim edirik:
- Doğrusu, Həsən Abdullayevin açıqlaması məni təəccübləndirmədi.
Mən Həsən Abdullayevi onu bir çoxundan fərqləndirən ədalətli
addımları ilə tanımışam. Onu belə xatırlayıram. Ancaq son günlər
məni sındırmaq məqsədi ilə edilən elə hadisələrlə rastlaşdım, elə
haqsızlıq və ədalətsizliklər gördüm, düşündüm ki, Həsən müəllim də
həqiqəti üzə çıxarmaq üçün heç bir addım atmayacaq. Saytda onun
açıqlamasını oxuyanda anladım ki, bir kişinin sözünün üstündə
durması qanunlarla ölçülmür. O, insana genlə gəlir. Həsən müəllim
bir daha sübut etdi ki, kimin harada olmasından asılı olmayaraq, o
öz vicdanının səsinə qulaq asır, haqqın, ədalətin yanında olur. Mən
ona sizin sayt vasitəsilə təşəkkür edirəm.
- Bu açıqlamanın bir çox
mətləblərə aydınlıq gətirdiyini düşünürük... Yəni, sizin verilişin
müəllifi olduğunuz sübut olundu?
- Bəli. Həsən Abdullayev həm
də onu sübut etdi ki, o, əsl rəhbərdir. Bilirsiniz ki, ATV-ni quran
insanlardan biri Həsən Abdullayevdir. İndi ATV-nin daşından,
divarından da pul tökülür. Bu gün ATV-də Həsən Abdullayevin xətti,
stili var. Düşünürəm ki, Həsən Abdullayev ATV-də rəhbər vəzifə
tutsaydı, proseslər bu şəkildə cərəyan etməyəcəkdi. Həsən
Abdullayevin bu cavabı təkcə Qaradağlıya yox, eyni zamanda, son
günlər ortalıqda quyruq bulayanlara tutarlı cavab oldu. Hesab
edirəm ki, onlara ən yaxşı cavabı məhz Həsən Abdullayev
verdi.
- Sizin bundan sonrakı
addımınız maraqlı olardı...
- Bu məsələ artıq bitdi mənim
üçün. Artıq yeni verilişə hazırlaşıram. Həftəsonu saat 22:00-da
bütün tamaşaçılarım məni izləyəcək. Artıq bu barədə hamı məlumat
əldə edib. Gələn zənglər də təsdiq edir ki, mənim təqdimatımda eyni
formatlı veriliş üçün tamaşaçı marağı var və onlar məni gözləyir.
Dünən efirdə olmadım, bunu gördüm. Telefonum susmadı. Dünyanın hər
yerindən, Azərbaycanın ən ucqar nöqtələrindən gələn dəstək
zənglərinə görə, Vatsap, Feysbuk, İnstaqram, Tvitter sosial
şəbəkələrində yazan, göz yaşı qoyan tamaşaçılarıma demək istəyirəm
ki, həsrət bitir. Hər bazar görüşəcəyik. Gözlər ANS-ə
dikilsin".
- Bəs "Xoşqədəmlə axtarıram
səni" verilişi niyə yayımlanmadı?
- Dekorasiyalar gecikdi.
Qaradağlının bizə yaratdığı maneələrin nəticəsidir. ATV müqaviləni
pozduğu üçün verilişə dəyişikliklər etmək məcburiyyətində qaldıq.
Yeni veriliş isə yeni dekorasiya tələb edir. Çatdıra bilmədik. Bu
həftə efirdə olacağıq.
- Vüqar Qaradağlının "Səni
axtarıram" verilişinin arxivinin ATV-dən çıxmasına qadağa qoyduğunu
bildirmişdiniz. Məsələnin sonu necə oldu?
- Bu, qanunla həll olunacaq.
Mənə elə gəlir ki, Həsən Abdullayevin vicdanlı addım atması,
kişilik göstərməsi hər kəsə bir nümunə oldu. Düşünürəm ki,
Qaradağlı bu həddə gətirib çatdırmaz. Yəqin, onun ətrafında bir
ağsaqqal, ağıllı adamı olar onu başa salsın ki, həddi aşmasın. Bir
də ki, o arxivi yaradan Xoşqədəm Hidayətqızıdır. Mən Suriyaya,
Əfqanıstana, İraqa Qaradağlıya demədən getmişəm. Suriyada şirkətin
xəbəri olmadan çəkiliş aparmışam. O arxivi yaradan baş, beyin
Xoşqədəm Hidayətqızındadır. Canı sağ olsun, yenə yaradarıq. Nə var
ki?!
- Yayılan xəbərlərdə
"Xoşqədəmlə axtarıram səni" layihəsi ilə yanaşı, həftə içi 5 gün
veriliş aparacağınız da deyilir...
- Bəli, həftə içi də
tamaşaçılarla birgə olacam. Çox möhtəşəm olacaq. Reytinqləri
qıracağıq.
- Bu verilişin "Xoşqədəmlə
axtarıram səni" layihəsi ilə əlaqəsi var?
- (Fikirləşir) Əlaqəsi olacaq.
Olmasa, olmaz. Bu, mənim çoxdankı arzumdur. Çox sağ olsun, ANS
mənim arzumu reallaşdırdı.
- Sizin ANS-ə Elgiz Əkbərin
yerinə gəldiyinizi və onun işdən çıxarıldığını
deyirlər...
- Xeyr! Mən Elgizi çox
istəyirəm. Elgiz bu gün Azərbaycanda çoxlarından fərqlənir. Həyata
keçirilən sosial layihələrdə Elgiz öz yanaşması, hətta sualları ilə
fərqlənir. Mən hər adama "həmkar" demirəm. Elgizə isə cəsarətlə
"həmkar" deyirəm. O, jurnalistikaya qəzetdən gəlib. Yazmağı, cümlə
qurmağı bilir. O, professionallığını, mərdliyini başqa bir
davranışı ilə də təsdiq edib. Belə ki, ayrı-ayrı kanallarda
işləməyimizə baxmayaraq, onun verilişinə yaxınını tapmaq məqsədi
ilə gələnləri "Səni axtarıram" verilişinə yönləndirirdi. Mən belə
bir adamın incidilməsinə, inciməsinə razı olmaram. İkinci də ki,
Elgizin verilişi hər zaman reytinqli olub. ANS ona əmək verən,
zəhmət çəkən işçini incitməz. Bu, ANS məktəbinə xas olan cəhət
olmaz. Belə bir şey olsaydı, mən heç vaxt ANS-ə getməzdim. Elgiz
mənim qəbul etdiyim, "həmkar" dediyim aparıcıdır. Mən ona qarşı
belə bir addım atmaram. Bu yalandır. ANS-də bir rəhbər var. Hər kəs
də bir amala xidmət edir. Mən neçə gündür oradayam, hər şeyi
görürəm.
- Artıq həftənin 6 günü
efirdə olacaqsınız. Yeni ailə qurmusunuz. Özünüzü tamamilə işlərə,
telekanala verməyinizə Doğuş bəy necə baxır?
- Bu barədə danışmaq
istəmirəm. No comment!