Prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni
tərkibini təsdiqləsə də, tam tərkib hələ formalaşmayıb. Ölkə
başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat
həyata keçirib, aşağıdakı 7 təyinat hələ gerçəkləşməyib:
- Dövlət Sosial Müdafiə Fondunun sədri – Səlim Müslümov Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri təyin oluduğundan, icraedici də
yoxdur.
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi –
Məleykə Abbaszadə icra edir.
- Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - Kamran İmanov
icra edir.
- Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi -
Bəhram Xəlilov icra edir.
- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri vəzifəsi - İnam Kərimov icra edir.
- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin sədri vəzifəsi - Akim Bədəlov icra edir.
- Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi -
İsgəndər Çəndirli icra edir.
Təsdiqlənməyən şəxslərdən biri - Tələbə Qəbulu üzrə Dövlət
(TQDK) Komissiyasının sədr əvəzi Məleykə Abbaszadə ilə bağlı
ekspertlərin fikirlərini öyrəndik.
Təhsil eksperti Etibar Əliyevin fikrincə, Məleykə Abbaszadə
digər məmurlarla müqayisədə üzərinə düşən vəzifəni yerinə yetirməyi
bacarır və onun vəzifədən kənarlaşdırılması siyasi iradənin
nəticəsi ola bilər:
"Onu xeyli tənqid eləməyimizə baxmayaraq, Məleykə Abbassadə
rəhbərlik etdiyi qurumda üzərinə düşən vəzifəni yerinə yetirməyi
bacarır. Son dövrlə TDQK-da kütləvi korrupsiya hallarına rast
gəlinmir. Qurum cəmiyyətə açıqdır, istədiyiniz zaman məlumat əldə
edə bilirsiniz və İnternet saytları da normal işləyir. Məleykə
Abbaszadənin vəzifədən uzaqlaşdırlması inandırıcı görünmür. Təbii
ki, heç kim əvəzedilməz deyil, amma Məleykə xanım işinə
məsuliyyətlidir".
Digər ekspert Nabatəli Qulamağlu TQDK-nın komersiya xatirinə
müxtəlif metodiki elmi qaydaları pozduğunu hesab etsə də, TDQK-nın
fəaliyyətində müsbət tərəflərin olduğunu bildirir: TQDK-nın bir
nömrəli tənqidçisiyəm, bəlkə də bu qurumu mənim qədər tənqid edən
olmayıb. Amma TQDK-nın fəaliyyətində müsbət tərəflər çoxdur.
Ümumiyyətlə, TQDK Təhsil Nazirliyindən fərqli olaraq, ictimaiyyət
arasında hər halda müsbət bir qurum kimi tanınır. Mənim ehtimalıma
görə, Məleykə Abbaszadə vəzifəsinə təsdiqlənəcək".
Xatırladaq ki, TQDK ilə Təhsil Nazirliyi arasında gərgin
münasibətlər olub və Misir Mərdanovun Təhsil naziri vəzifəsindən
bir neçə ay əvvəl azad olunmasının səbəblərindən biri kimi bu
gərginlik göstərilir. Hazırda Məleykə Abbaszadənin Nazirlər
Kabinetinin təsdiqlənən tərkibində yer almaması sözügedən
gərginliyi bir daha gündəmə gətirdi.