Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun
8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə
yarışların keçiriləcəyi "Baku Cristall Holl" da yaradılan şəraitlə
tanış olublar.
Axar.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov
dövlət başçısına burada görülən işlər barədə məlumat verdi.
"Baku Cristall Holl"da birinci Avropa Oyunları zamanı idmanın
voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə
yarışlar keçiriləcək.
Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min
tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən
müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı
həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə,
birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı Belçika,
Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya,
Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya
komandaları iştirak edəcəklər.
"Baku Cristall Holl"un müasir səviyyədə qurulması həm də ölkədə
idmanın inkişafına göstərilən diqqətin nəticəsidir. Azərbaycanda
idmanın voleybol növünə maraq getdikcə artır. Ölkəmizdə idmanın
digər növlərində olduğu kimi, voleybolda da mühüm nailiyyətlər əldə
edilib. Azərbaycan Voleybol Federasiyası Beynəlxalq və Avropa
Voleybol federasiyalarının, o cümlədən Şərqi Avropa Voleybol Zona
Assosiasiyasının üzvüdür.
"Baku Cristall Holl"un boks meydançasında yaradılan şərait də
birinci Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların
ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2600
tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı
beynəlxalq idman qurumları, o cümlədən "Bakı-2015" Avropa
Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə
yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də
tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. Birinci Avropa
Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5
çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının "Baku Cristall Holl"un əsas
hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik
divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar,
məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə
mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması
beynəlxalq idman federasiyalarının tələblərinə daxildir.
Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada
media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb.
"Baku Cristall Holl"da Avroviziya mahnı müsabiqəsi zamanı şərhçilər
üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları
Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın
əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə
təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə
sistemi də tamamilə yenilənib. "Baku Cristall Holl" ilə
qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı
zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub.
İkimərtəbəli və 4500 kvadrat metr sahəsi olan bu zonada protokol,
Avropa Oyunları Ailəsi, Federasiya nümayəndələrinin üzvləri üçün
otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi
xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər
xidməti otaqlar da funksional keçiddə yerləşir.
Birinci Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və
karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılan
zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var.
Avroviziya mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə
edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədir. Zalın
mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə
uyğun şəkildə yenidən qurulmasıdır. Burada taekvondo və karate
yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında
isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq
idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança
quraşdırılacaq.
Ümumilikdə, "Baku Cristall Holl"da birinci Avropa Oyunları
zamanı keçiriləcək yarışlar üçün yaradılan zalların hamısı
Beynəlxalq Olimpiya Oyunları standartlarına cavab verir. Birinci
Avropa Oyunlarında dünyanın bir sıra qabaqcıl idmançıları mübarizə
aparacaqlar. 59-u qızıl medal sahibi olmaqla ümumilikdə, 150
Olimpiya medalçısı "Bakı-2015" ilk Avropa Oyunlarına qatılacaq.
"Bakı-2015" birinci Avropa Oyunları zamanı bütün dünyanın diqqəti
çempion olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.
Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları isə birinci
Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük
rəqabət gözləyir. Ümumilikdə, belə bir tarixi idman tədbirində
iştirak etmək bütün idmançıların karyerasında yüksək dönüş nöqtəsi
olacaq. İyunun 12-dən 28-dək davam edəcək Oyunlarda mübarizə
aparacaq 6 min idmançıdan 200-ə yaxını dünya çempionudur. Bütün bu
faktlar Avropa Oyunlarında güclü rəqabətin olacağının və dünya
idman ictimaiyyətinin bu Oyunlara böyük əhəmiyyət verməsinin
təsdiqidir.
"Baku Cristall Holl"un ətrafında geniş abadlıq işləri də
aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o
cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada
Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar
üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya,
logistika, mühafizə zonaları, "Bakı-2015" Avropa Oyunlarının
Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti
qurğular quraşdırılıb.