Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin
deputatı Azay Quliyevin Publika.az-a müsahibəsi:
– Son vaxtlar Qərbin bir neçə təşkilatları tərəfindən
Azərbaycana qarşı qərəzli və böhtan xarakterli bəyanatlar verilir.
Bu cür bəyanatlara münasibətiniz necədir?
– Biz bu cür hallarla bağlı dəfələrlə fikir bildirmişik. Onların
məqsədləri Azərbaycanla bağlı qarşıya qoyulan məkrli planları icra
etməkdir. Biz iki ay öncə də bu cür planları ifşa etmişdik. İndi bu
təşkilatlar bütün güclərini Azərbaycana qarşı səfərbər ediblər.
Həmin dairələr Azərbaycanın uğurlarına kölgə salmağa və beynəlxalq
aləmdə rolunu kiçiltməyə çalışırlar. Onlar Azərbaycana özlərinin
diktə etdiyi planlarını sırımağa çalışırlar. Ancaq Azərbaycan bütün
bunlara qarşı öz güclü iradəsini nümayiş etdirir və onlara "yox"
deyir. Bilirsiniz ki, cənab Prezident dəfələrlə bəyan edib ki,
Azərbaycan öz doğru bildiyi yolla uğurla getməkdə davam edəcək.
Azərbaycan heç bir halda öz milli maraqlarını hər hansı
konyunktur maraqlara qurban verməyəcək. Azərbaycanın əsas istəyi
odur ki, bütün beynəlxalq qurumlarla və dövlətlərlə dostluq
şəraitində yaşasın, onun suverenliyinə və dövlətçiliyinə hörmət
etsinlər. Azərbaycanın əsas məqsədindən biri də bütün əməkdaşlığın
qarşılıqlı olmasıdır. Azərbaycan çox səmimi formada bütün
müttəfiqləri ilə qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir. Ancaq
kimsə bunun əksini və Azərbaycana qarşı şər və böhtan dili ilə
danışmaq istəyirsə, bu, həmin dairələrin öz problemləridir. Ona
görə də kiminsə gedib Avropa təşkilatlarında hər hansı məhbusun
fotolarını sinələrinə taxması şoudan başqa bir şey deyil. Onlar
görürlər ki, Azərbaycan xarici təzyiqlərə boyun əymir, ona görə də
bu cür şoular yaratmaqla diqqət çəkməyə çalışırlar. Həmin
təşkilatlar Azərbaycanın güclü iradə nümayiş etdirməsini görüb,
daha da aqressivləşirlər. Ancaq onların bu aqressivliyi yalnız
özlərinə ziyan vuracaq. Mən bu gün Azərbaycana qarşı aparılan bu
qarayaxma kampaniyasını xeyirlə şərin mübarizəsinə bənzədirəm.
Onlar əmin olsunlar ki, xeyir hər zaman şər üzərində qələbə çalıb.
Azərbaycan da bu mübarizədən qalib ayrılacaq.
– Avropa Parlamentinin vitse-prezidenti və Avropanın
Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və digər bir sıra
avropalı parlamentarilər Azərbaycana qarşı açıq formada qarayaxma
kampaniyaları aparırlar. Yəqin ki, Azərbaycan Milli Məclisin Avropa
Parlamentində təmsil edən nümayəndə heyətinin bu məsələlərə adekvat
cavabı olacaq?
– Ümumiyyətlə, mən onların iyunun 8-də hazırladığı bu şounu rədd
edirəm və qeyri-səmimi hesab edirəm. Çox təəssüflər olsun ki,
Avropa Parlamentinin rəhbərliyi Azərbaycanla səmimi deyil.
İndiyədək Avropa Parlamenti Azərbaycanla Əməkdaşlıq Komitəsinin bir
dəfə də olsun iclasını keçirməyib. Sual olunur, əgər sənin
Azərbaycanla bağlı hər hansı narahatlığın və ya sualın varsa, o
zaman niyə Avropa Parlamentinin Azərbaycanla Əməkdaşlıq Komitəsinin
iclasını keçirmirsən? Axı nə üçün Azərbaycanla dialoq aparmırsan?
Niyə Azərbaycanla monoloq dilində danışırsan?
Digər məsələ isə odur ki, Avropa Parlamentinin sözügedən
şəxsləri son bir ildə Azərbaycana səfər etməyib. Baxmayaraq ki,
Ermənistana 3 dəfə səfər ediblər. Yenə də sual olunur, axı niyə?
Əgər doğrudan da sənin Azərbaycanla bağlı narahatlığın varsa, o
zaman sən gəlib yerində araşdırma aparmalısan.
Bu şəxslər digər bir bəhanə də gətirirlər ki, guya Azərbaycan
hakimiyyəti bunlara məhbuslarla görüşməyə icazə verməyib və sairə.
Bütün bunlar ağ yalandır. Bu adamlar məhbuslarla görüşmək
istəmələri barədə indiyədək heç zaman Azərbaycana rəsmi şəkildə
müraciət etməyib. Bu da növbəti yalan. Demək, bu adamların məqsədi
Azərbaycanda problem həlli deyil. Bunların əsl məqsədi "siyasi
məhbus" adlandırdıqları şəxslərdən istifadə edərək, Azərbaycana
qarşı qərəzli kampaniyalar aparmaq, təzyiqlər göstərmək və bu cür
haqsızlığı həyata keçirməkdir.
Mən yenə də bəyan edirəm, əgər onlar doğrudan da insan
haqlarının tərəfdarıdırsa, Avropa dəyərlərinin carçısıdırsa, onlar
ilk növbədə dialoqa üstünlük verməlidir, Azərbaycanda insanlara
fərq qoymamalıdır, bir milyondan çox qaçqın və məcburi köçkünün
pozulmuş hüquqlarını qaldırmalıdır. Avropa Parlamenti indiyədək
Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin problemləri ilə
bağlı hər hansı məsələ qaldırıbmı? Əlbəttə ki, xeyr. Biz çox yaxşı
bilirik ki, onların əsl məqsədləri nədir. Burada erməni lobbisinin
də təsiri var. Bütün bunların hamısı indi yaxşı fürsət tapıblar.
Çünki Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir və
dünyanın diqqət mərkəzindədir. Bu adamlar da bundan istifadə
edərək, Azərbaycana arxadan zərbə vurmağı düşünürlər. Ancaq
bunların hamısı sabun köpüyü kimi bir şeydir. Azərbaycan öz
proqramlarını və tədbirlərini yüksək səviyyədə keçirəndən sonra, bu
adamlar bir ara sakitləşəcək. Bu il Azərbaycanda parlament
seçkiləri keçiriləcək. Yəqin ki, həmin ərəfədə də həmin təşkilatlar
anti-Azərbaycan kampaniyalarına başlayacaq.
Çox təəssüf edirəm ki, indi Azərbaycana qarşı aparılan bu cür
kampaniyaların arxasında Avropa Parlamentinin rəhbərliyi dayanır.
Təəssüf edirəm ki, bu gün Azərbaycanın Avropa ilə bağlı həyata
keçirdiyi siyasəti onlar düzgün qavramır. Azərbaycan Avropaya
inteqrasiya edir, Avropa institutları ilə əməkdaşlığa maraq
göstərir. Ancaq Avropa təşkilatları Azərbaycana təşəkkür etmək
əvəzinə, ölkəmizi hədəfə götürürlər. Azərbaycan bu gün Avropa üçün
çox önəmli müttəfiqdir. Bu gün Azərbaycanı bu qədər kiçiltmək və
qarayaxma kampaniyası aparmaq, ilk növbədə Avropanın özünə qarşı
qarayaxma kampaniyası aparmaqdır. Bütün bu cür təhdidlər bumeranq
effekti verir və Azərbaycanın Avropa institutları ilə
münasibətlərini korlayır. Bəs bu münasibətlərin korlanması kimin
xeyrinədir? Hamı bilir ki, Avropa institutlarının Azərbaycanla
münasibətlərinin korlanması, nə onların, nə də Azərbaycanın xeyrinə
deyil. Bu, ancaq Avropanı və Azərbaycanı istəməyən hansısa
dairələrin xeyrinədir.
– ATƏT-in Bakı ofisinin rəhbəri Alex Şahtaxtinskinin
Azərbaycanla qurduğu səmimi və obyektiv münasibətlər Qərbin
ayrı-ayrı şəxslərinin ciddi narahatlıq keçirməsini üzə çıxarıb.
Məhz bu səbəbdən də son günlər Şahtaxtinski ətrafında qalmaqal
böyüyür...
– Mən bundan çox təəssüflənirəm. Çünki Azərbaycan ATƏT ilə
yaxından əməkdaşlıq edən ölkədir və bu münasibətlərin qorunmasına
indi də sadiqdir. ATƏT Azərbaycan üçün çox önəmli beynəlxalq
qurumdur. Biz ATƏT-in önəmini dəfələrlə bəyan etmişik. Bu gün
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
missiyasına ATƏT-ə həvalə edib. İndi Azərbaycan ATƏT-in bütün
institutları ilə çox yaxından əməkdaşlıq edir. Doğrudan da, bizim
üçün ATƏT BMT-dən sonra ən böyük regional təşkilatdır. Biz ATƏT ilə
heç bir halda münasibətlərin korlanmasına tərəfdar deyilik və
bundan sonra da olmayacağıq. Ancaq gəlin yaranan real mənzərəyə
diqqət edək.
ATƏT bizimlə beynəlxalq hüquq çərçivəsində olan razılaşmanı
birtərəfli formada pozub. Səfir Şahtaxtinskiyə qarşı edilən
ittihamlar, onun vəzifədən uzaqlaşdırılması halları bu gün ciddi
araşdırılmalıdır. Sual olunur ki, ATƏT-in Bakı ofisinin missiyası
nədən ibarətdir? ATƏT-in Bakı ofisinin əsas missiyası yalnız və
yalnız Azərbaycanla olan əməkdaşlı daha da genişləndirmək
olmalıdır. Şəxsən mənim rəhbərlik etdiyim Milli QHT Şurası ATƏT-in
Bakı ofisinin əlaqələndirici koordinatoru, o cümlədən səfir
Şahtaxtinski ilə çox yaxşı əlaqələr qurmuşdu. Hətta, biz bir neçə
istiqamətdə əməkdaşlıq etməklə bağlı konkret razılığa gəlmişdik,
əməkdaşlıq haqqında memorandum imzalamağı düşünürdük. Ancaq belə
bir əməkdaşlıq istəyində olan obyektiv bir səfiri qəfil geri
çağırmaq və onu Azərbaycanla əməkdaşlığına görə ittiham etmək doğru
deyil. Bununla bir daha aydın olur ki, Qərb ATƏT-in Bakı ofisindən
öz missiyasına daxil olan məsələləri deyil, əksinə, öz maraqlarına
uyğun olan tələbləri gözləyir.
Yəni, onlar düşünür ki, ATƏT-in Bakı ofisi Azərbaycanı təzyiq
altında saxlamaq, Azərbaycan haqqında donoslar yazmaq və
Azərbaycanı haqsız yerə tənqid etmək üçün fəaliyyət göstərməlidir.
Bu cür hərəkətlər nə dərəcədə ədalətlidir? Bu, nə dərəcədə ATƏT-in
qəbul etdiyi prinsiplərə uyğundur?
Bu gün ATƏT-in ofisləri cəmi 8-9 ölkədə var. Ancaq Azərbaycan bu
təşkilatla yaxın münasibətlər qurmaqdan çəkinmir. Eyni zamanda
Azərbaycan ATƏT-dən obyektiv və qərəzsiz mövqe sərgiləməyi
gözləyir. ATƏT bizə necə münasibət göstərirsə, hesab edirəm ki,
Azərbaycanda ATƏT-ə eyni münasibət göstərməyə haqq edir. Yaxşı olar
ki, onlar bu məsələ üzərində şou düzəltməsin. Bu gün ABŞ-ın ATƏT
Daimi Şurasındakı səfiri Daniel Bayer bu məsələ ilə əlaqədar şou
düzəldir. Yaxşı olar ki, ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri
Daniel Bayer öz ölkəsinin ATƏT-dəki həmsədrlik missiyasını
layiqincə yerinə yetirməsini tələb etsin. Qoy ABŞ dünyanın aparıcı
dövləti kimi ATƏT-in təhlükəsizlik missiyasını gücləndirməklə
məşğul olsun.
Səfiri Daniel Bayer bu suala cavab versin ki, BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olan ABŞ nə üçün indiyədək özünün də səs
verdiyi BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsinə hər hansı cəhd
etməyib. Düşünürəm ki, ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel
Bayer ilk növbədə bu suallara konkret cavab versin. Daha sonra
Azərbaycanı tənqid etməklə öz piarını qurmaqla məşğul olar.