Yuxarı

Azərbaycan buna görə bütün imkanları səfərbər edir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mina təmizləmə İkinci Dünya müharibəsindən başlayaraq, son səkkiz ilin ən təhlükəli və aktual problemlərindən biridir. Mövzunun aktuallığını nəzərə alaraq mina təmizləmə proseslərinin mürəkkəbliyinə, bu sahədə bəzi ölkələrin təcrübəsinə, istifadə edilən müasir texnologiyalara, Azərbaycanda bu istiqamətdə görülən işlərə nəzər salmaq zərurəti yaranır. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir və Azərbaycan dövləti prosesin maksimum sürətlə və keyfiyyətlə aparılması üçün bütün imkanları səfərbər edir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, mütəxəssislər hazırda ən çox minanın Əfqanıstanda qaldığını bildirirlər. Minalara Liviya, Suriya kimi qaynar nöqtələrdə, eləcə də Ukrayna və Gürcüstanda da rast gəlinir.

Bəzi hesablamalara görə, dünyanın altmış ölkəsində hələ də yer altında qalan ölümcül minaların ümumi sayı 110 milyondan çoxdur. Prosesin mürəkkəbliyinə baxmayaraq, ərazilərin minalardan təmizlənməsi mümkündür. 2015-ci ildə, 22 illik mina təmizlənmə fəaliyyətindən sonra Mozambik minasız ölkə elan edildi. Ümumi sahəsi 44 milyon kvadratkilometr olan ölkədə iki yüz mindən çox mina təmizləndi.

Əfqanıstanın bir çox əyalətlərində insanlar son 40 ildə ardı-arası kəsilməyən müharibələr nəticəsində ərazilərə səpələnən mina və partlamamış hərbi sursat təhlükələri ilə qarşılaşırlar. Uzun müddət davam edən münaqişənin mirası olaraq qalan minaların və sursatların partlaması nəticəsində hər ay Əfqanıstanda 150 nəfərədək insan həlak olur və ya xəsarət alır. Hazırda ölkədə belə hadisələr nəticəsində ziyan çəkərək əlil olan insanların sayı bir milyondan çoxdur. Son otuz ildə Əfqanıstanın müxtəlif yerlərində 19 milyon mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Danimarkanın Qaçqınlar Şurasının ixtisaslaşdırılmış minaya qarşı mübarizə şöbəsi olan Danimarka Minalardan Təmizləmə Qrupu 1999-cu ildən bəri Əfqanıstanda fəaliyyət göstərir. Bu qrup mina təmizlənməsi, partlamamış hərbi sursatların məhv edilməsi və mina təhlükəsi ilə bağlı məlumatlandırma ilə məşğul olur. Əfqanıstanda fəaliyyətə başladığı gündən bəri bu təşkilat 24 mindən çox piyada əleyhinə minanı və 940 mindən artıq partlamamış hərbi sursatı təmizləyib. Mina sahələrini aşkarlamaq üçün peyk görüntülərindən istifadə etməklə, dünyanın ən çox minalanmış ölkəsi olan Əfqanıstanın hərbi sursatlardan 2023-cü ilədək tamamilə təmizlənməsi qarşıya məqsəd qoyulub.

Hərbi ekspert bildirib ki, Suriyada yaşayış məntəqələrinə, neft yataqlarına, mədəniyyət abidələri olan ərazilərə əsasən partlayış üsulu ilə yerində zərərsizləşdirilən sursatlar basdırılıb. Suriyada qurulan mina tələlərinin Qarabağ müharibəsində rast gəldiklərimizlə bir çox oxşarlığı var. Belə tələlər xidməti itlər tərəfindən daha rahat aşkarlanır.

Hazırda mina təmizlənməsində İkinci Dünya müharibəsi zamanı ixtira edilən mina axtaranlardan və mexaniki vasitələrdən geniş istifadə edilir. Lakin indi geoloji radarlar, virtual reallıq dəbilqələri, baş kameraları, pilotsuz vasitələr və digər texnoloji yeniliklərlə birlikdə inkişaf etmiş elektromaqnit texnologiyalardan istifadə olunması gündəmə gəlib.

“Yalnız mina təhlükəsinin mövcudluğu kifayətdir ki, aidiyyəti olmayan insanlar həmin ərazidən kənarda dayansınlar. Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlarımız bu qaydalara əməl etmirlər, nəticədə isə həyatlarıni ciddi risk altında qoyurlar. Son altı ildə mina təhlükəsi olan altmış ölkədən, Mozambikdən sonra heç biri tam təmizlənməyə nail ola bilməyib. Bəzi ölkələr minalarla onilliklər boyu mübarizə aparsa da, problemin tam həlli hələ mümkün olmayıb. Lakin Azərbaycan bu vəzifənin öhdəsindən nisbətən qısa müddətdə gəlməkdə daha qətiyyətlidir”, - Ə.Verdiyev deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əsas vəzifəsi mümkün olan ən qısa müddətdə əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdən ibarətdir. Azərbaycanlı mütəxəssislər bu proseslərdə həm öz təcrübəsindən, həm də beynəlxalq təcrübədən yararlanırlar. Artıq Müdafiə Nazirliyində əlavə mühəndis istehkam taborları yaradılıb, Agentliyin isə ştat strukturu genişləndirilib. Bu sahədə Türkiyə ilə çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Genişlənən ştat strukturlarının müasir mina təmizləmə vasitələri ilə təchizatında Azərbaycan Türkiyə avadanlıqlarına üstünlük verir. Bundan əvvəl Avropanın aparıcı şirkətlərinin məhsulları da əldə edilib. Bu sahədə İsraillə genişmiqyaslı əməkdaşlıq mövcuddur. Türkiyə Azərbaycan üçün peşəkar heyətlərin hazırlanması ilə yanaşı, özünün mina təmizləmə qruplarını, həm də öz avadanlıqları ilə işğaldan azad edilmiş ərazilərə göndərib. Azərbaycanın digər tərəfdaşı Pakistan da minaların təmizlənməsində köməyini təklif edib.

Müsahibimiz əlavə edib ki, hazırda prioritet vəzifə qoşunların yerləşdiyi ərazilərdə, təchizat və təminat yollarında, sərhəd zastavalarında, mövqelər arasında və infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdə minalardan təmizlənməni daha tez icra etməkdir. Bu məqsədlə Türkiyədən 20 ədəd “MEMATT” adlanan robotlar artıq Azərbaycana gətirilib. “ASFAT” şirkətinin istehsalı olan bu robotlar üstün taktiki-texniki xüsusiyyətlərə malikdir. MEMATT beş yüz metr məsafədən idarə olunan robotdur və əsasən piyada əleyhinə minaları təmizləyir. O, saatda dörd kilometr sürətlə irəliləyir və 1,7 metr eni, 1 kilometr uzunluğu olan ərazini bir saat ərzində minalardan təmizləyə bilir. Bu isə hər saatda əlavə olaraq 34 min kvadratmetr ərazinin minadan təmizlənməsi deməkdir.

“Digər texnikadan - “Bozena-5”dən piyada və tank əleyhinə minaların təmizlənməsində istifadə edilir. O, beş kilometr uzaqlıqdan idarəedilən texniki vasitədir və 11 saat fasiləsiz işləyə bilir. “Bozena-5”in maksimum sürəti saatda doqquz kilometrdir”, - deyə Ə.Verdiyev bildirib.

Tarix
2021.04.06 / 16:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla