Türkiyədə həbsdə olan PKK-çı deputatlar azadlığa
buraxılsa da, əfsanə general, millət vəkili Engin Alan hələ də
məhkumluq həyatı yaşayır.
Türkiyədə həbsdə olan deputatlar azadlığa buraxılıb. Bir qədər
əvvəl azadlığa buraxılan CHP-dən deputatlar Mustafa Balbay və
Mehmet Haberaldan sonra bu dəfə KCK (PKK-nın da daxil olduğu kürd
təşkilatları birliyi) prosesində həbs olunmuş 5 deputat azadlığa
buraxılıb. Yanvarın 5-də azadlığa buraxılan KCK üzvü deputatlar
Selma Irmak, Kemal Aktaş, Faysal Sarıyıldız, Gülser Yıldırım və
İbrahim Ayhanı Şırnakın Cizre mahalında 20 mindən artıq insan
qarşılayıb.
PKK simpatizanları Konstitusiya Məhkəməsinə etdikləri fərdi
müraciət nəticəsində həbsdən azad ediliblər. Onlar bir neçə il idi
ki, terror təşkilatı üzvü olmaqda ittiham edilərək həbs
olunmuşdular. Azadlığa buraxılan deputatlar izdihama kürd dilində
müraciət edərək kürdlərin mübarizəsinin uğurla nəticələndiyini
bildiriblər. Qeyd edək ki, azadlığa buraxılan kürd deputatların 4-ü
PKK-nın siyasi qanadı hesab olunan BDP-nin üzvü, bir nəfəri isə
müstəqil deputatdır.
Qeyd edək ki, həbsdə olan 7 deputat azadlığa buraxılsa da,
yalnız Milliyyətçi Hərəkat Partiyasından deputat seçilmiş general
Engin Alan həbsdə qalır. Türkiyə ordusunun generalı, uzun illər
separatçı qruplara qarşı savaşmış, MHP siyahısından İstanbuldan
deputat seçilmiş Engin Alanın azadlığa buraxılmaması Türkiyədə
narazılıqla qarşılanıb. Məsələ burasındadır ki, daha əvvəl azadlığa
buraxılan CHP deputatları, o cümlədən iki gün əvvəl azad edilən KCK
tərəfdarı olan deputatlar barəsində məhkəmə qərarı verilməyib. Yəni
onlar məhkəmə hökmü olmadan elan olunmadan azadlığa buraxılıblar.
Ancaq Türkiyə mətbuatının yazdığına görə, E.Alan barəsində artıq
məhkəmə hökmü var və onun azadlığa buraxılması üçün hüquqi imkanlar
daha münasibdir. Qeyd edək ki, Engin Alan Azərbaycanda da fəaliyyət
göstərib və ölkəmizin hərbi elitası ilə sıx münasibətləri var.
Balyoz ("kuvalt") məhkəməsi prosesində həbs olunaraq 18 il
azadlıqdan məhrum edilən general Engin Alan 31 mart 1945-ci ildə
İstanbulda dünyaya gəlib. 1965-ci ildə Quru Qoşunları məktəbini
bitirən Engin Alan orduda xidmətə başlayıb. Daha sonra Quru
Qoşunları Akademiyasında təhsilini davam etdirib. Baş Qərargahın
xüsusi təyinatlı qüvvələrin qərargahında zabit, xüsusi təyinatlı
briqadanın qərargah rəisi, Baş Qərargah yanında xüsusi təyinatlı
qüvvələrin təlim mərkəzində qrup rəhbəri, qərargah rəisi, 5-ci
desant alayının komandanı, 2-ci korpusun qərargah rəisi
vəzifələrində çalışıb.
1992-ci ildə general rütbəsi alan Engin Alan bir müddət
Türkiyənin Moskvadakı səfirliyində attaşe vəzifəsində çalışıb. Daha
sonra Azərbaycana göndərilən general Engin Alan bir müddət
Azərbaycanda hərbi attaşe vəzifəsində çalışıb. General Engin Alan
1974-cü ildə Şmali Kiprdə həyata keçirilən desant əməliyyatında
("Kıbrıs herekatı") iştirak edib. 1999-cu ildə PKK lideri Abdulla
Öcalan və müavini Şemdin Sakıkın həbs olunması əməliyyatında
Türkiyə tərəfdən rəhbərlik edib, Türkiyə xüsusi təyinatlılarına
komandanlıq edib. 2000-ci ildə rütbəsi artırılaraq general -
leytenant rütbəsi alıb. Bundan sonra müxtəlif ordu birliklərində
təchizat hissələrinə rəhbərlik edib. 2005-ci ildə ordudan tərxis
olunub.
Ordudan tərxis olunduqdan sonra da fəaliyyətini davam etdirən
Engin Alan Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfinə rəhbərlik
edib. 2011-ci ildə Türkiyədə ordu mənsublarına qarşı çevriliş
hazırlamaq ittihamı ilə başladılan həbslər zamanı (Balyoz davası)
Engin Alan da həbs olunur. 2012-ci ildə Ağır Cinayətlər Məhkəməsi
general Engin Alanı 18 il azadlıqdan məhrum edir.
2011-ci ilin yayında Türkiyədə keçirilən parlament seçkilərində
MHP-nin siyahısından İstanbuldan deputat seçilib. Bundan başqa,
həbsdə olduğu müddətdə barəsində ikinci məhkəmə hökmü çıxıb. "28
fevral" prosesində ittiham olunan E.Alan 2012-ci ildə həbs cəzası
alsa da, 2013-cü ilin yayında bu ittihamla məhkumluq üzərindən
götürülüb.
Türkiyə ordusunda, ölkə daxilində və xaricdə keçirilən xüsusi
əməliyyatlara görə general Engin Alan Kipr savaş medalı, Türk
Silahlı Qüvvələri Cəsarət və Fəraqət medalı, TSK Uğur medalı kimi
medallara layiq görülüb. Hazırda Sincan həbsxanasında saxlanılan
Engin Alan Abdulla Öcalanın saxlanıldığı məşhur əməliyyatdan sonra
dövlət məmurlarından birinə "bir gün o, (A.Öcalan) Ankaraya
gələcək, mən İmralıya (Öcalanın həbsdə saxlanıldığı ada-həbsxana)
aparılacağam" - dediyi bildirilir. Türkiyə ordusunun, xüsusən də
xüsusi təyinatlı qüvvələrin "əfsanəsi" hesab olunan generalın
dedikləri bir mənada təsdiqini tapır. PKK tərəfdarları azadlığa
buraxılır, separatçılara qarşı savaşan general isə hələ də
həbsxanada saxlanılır.(Müsavat.com)