Türkiyə və Azərbaycan arasındakı qardaşlıq müvəqqəti siyasi mübahisələrlə zədələnməyəcək qədər dərin köklərə malik bir bağdır.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz BMT Baş Assamleyasındakı məlum hadisədən sonra sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı kampaniyalara münasibət bildirərkən deyib.
“Bu, ortaq tarix, həmrəylik və strateji etimadla güclənən bir əlaqədir: Balkan müharibələri və Çanaqqala döyüşləri zamanı nümayiş etdirilən həmrəylikdən tutmuş Qafqaz İslam Ordusunun mübarizəsinə, zəlzələ və daşqın fəlakətləri zamanı göstərilən qarşılıqlı yardımdan "Star" neft emalı zavodu kimi investisiyalara qədər... Bu qardaşlıq heç vaxt sadəcə sözdə qalmamış, hər dövrdə əməllərlə sübuta yetirilmişdir. Türkiyə və Azərbaycan qardaşlığı dünən də var idi, bu gün də var, sonsuza qədər də davam edəcək. Bu qardaşlığı bəzən dini məsələlər, bəzən İsrail məsələsi, bəzən də Türkiyə-Ermənistan münasibətləri ilə pozmaq, araya nifaq soxmaq istəyən Türkiyə və Azərbaycandakı bəzi qruplar və bu qrupları maşa və kukla kimi oynadan imperialist xarici kəşfiyyat orqanlarına demək istəyirəm ki, heç birinizin gücü bu qardaşlığı pozmağa çatmaz. Boş yerə güc sərf etməyin.
Türkiyə-Azərbaycan qardaşlığı artıq bir millət iki dövlət, bir ordu, bir hava məkanı səviyyəsinə gəlib, Şuşa Bəyannaməsi ilə tarixin ən yüksək nöqtəsinə çatıb.
Hər kəs ağlını başına yığmalı, iki müstəqil dövlətin öz siyasətləri ola biləcəyini xatırlamalı və buna hörmət etməlidir. Dolayısı ilə bu fərqli mövqelər bizim sonsuza qədər davam edəcək qardaşlığımızı əngəlləməz. Heç kimin də bu gücü, səbiri, inancı sınaqdan keçirməsinin bir mənası yoxdur”, - general vurğulayıb.
Qeyd edək ki, Yücel Karauz 27 Sentyabr - Anım Günü ilə bağlı fikirlərini də ifadə edib.