Ana səhifə Gündəm |
Mən uzun illər boyunca hərbi jurnalist kimi bir çox ölkəni gəzib, Qarabağ problemini işıqlandırmışam. Bu gün, sentyabrın 27-i mənim üçün Azərbaycan xalqının birliyi ilə assosiasiya olunur. Bu, nəinki azadlıq mübarizəsinin və qələbənin yaxınlaşmasının başlanğıcı, həm də birlik günüdür. Mən ilk dəfə hiss etdim ki, məhz Qurtuluş müharibəsi başlanandan Azərbaycan xalqı, hökuməti, ordusu, diasporu bir yumruq kimi birləşdi.
Bu sözləri Axar.az-a açıqlamasında litvalı hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin şahidi Riçard Lapaytis deyib.
“Bu birliyi özlərini Vətən üçün fəda edən şəhidlərin xatirəsi kimi qoruyub saxlamaq lazımdır. Azərbaycan xalqı əbədi olaraq bir yumruq kimi qalmalıdır. Yəqin ki, müharibənin ilk günlərini xatırlayırsınız. Hər kəs dua edirdi, mənim də ilk işim məhz orduya dua etmək oldu. Azərbaycan Ordusunun dayanmaması üçün dua edirdim. Bu 44 gün boyunca, zənnimcə, hər bir azərbaycanlı vətənində, ya xaricdə yaşamasından asılı olmayaraq, kiçik qələbəyə belə sevinirdi. Azərbaycan Ordusunun hər bir addımının mənası var idi. Biz bacardıq! Ona görə də bu gün xüsusi gündür!" – deyə o bildirib.
Lapaytis etiraf edib ki, müharibənin “yetişməsinə” baxmaq onun üçün ağır idi, bunu demək isə daha ağır:
“O vaxtlar vəziyyətdən yeganə çıxış yolunun müharibə olduğunu demək mənim üçün asan deyildi…
Qarabağa baxın! İşğalçı 30 il ərzində Azərbaycanı Əfqanıstana, Vyetnama döndərirdi. Orada hər şey ölüm üçün hazırlanmışdı, işğalçının Azərbaycan torpağında heç bir müqəddəs yeri yox idi. Əslində hər şey məhv edildi, daş üstündə daş saxlamadılar. Bundan artıq nə olmalı idi? Hətta Ağdam məscidini də atış istiqaməti kimi saxlamışdılar, hər yerdə donuz... Hələ bütün bunların arxa planında nə qədər insan həyatının dayandığından söhbət belə açmıram...”
Həmkarımız danışdıqca ikili hisslərə qapanır, çünki Riçard hər şeyi öz gözü ilə görüb, Azərbaycan xalqı ilə bir yerdə sevinib, bir yerdə ağlayıb.
Xarici jurnalistlərin çoxu bizə bu qədər yaxın ola, dərdimizi bölə bilməmişdi.
“Qəlbim bu gün müqəddəs, titrək hisslərlə doludur. Bu gün qürur və eyni zamanda anım günüdür. Şəhidlərin anım günü. Azərbaycanın öz gələcəyini təmin etdiyinə, Azərbaycanın öz taleyini birdəfəlik dəyişməsinə görə övladlarını vermiş şəhid valideynlərinə "çox sağ olun!" demək istəyirəm. Bu, yalnız bir məqsəd üçün verilə biləcək ən böyük qurbandır. Axı onların yoldaşları, uşaqları, yaxınları, dostları qaldı bu dünyada. Hər bir əsgərin öz arzusu, yolu var idi...
Bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya getdim. Özümü elə hiss etdim, sanki, evimə yenicə qayıtmışam. Şuşaya qayıdan azərbaycanlıların özlərini necə hiss etdiklərini təsəvvür belə edə bilmirəm... Söz tapa bilmirəm.
Bunu bizə yaşatdığın üçün sağ ol, Azərbaycan əsgəri! Sağ olun, cənab Prezident İlham Əliyev! Sağ olun ki, 1 milyon qaçqın və digər azərbaycanlılar öz evlərinə qayıda biləcək! Şəhidlərin qarşısında baş əyirəm”, - həmkarımız vurğulayıb.
Qeyd edək ki, Riçardas Lapaytis dəfələrlə cəbhədə olmuş və qanlı hadisələrin şahidi olmuş Baltikyanı jurnalistlərdən biridir. Lapaytis Xocalı hadisələrini və ermənilərin digər vəhşi cinayətlərini göstərən fotofaktlardan ibarət şəxsi arxiv toplayıb. O, bu günə qədər ermənilər tərəfindən ünvanlanan daimi təhdidlərə baxmayaraq, Azərbaycanın haqlı mövqeyini işıqlandırmağa davam edir.
Tarix
2021.09.27 / 15:40
|
Müəllif
Fatimə Zülfüqar
|