Stalin:
- Yoldaş Bağırov, sən kimsən?
Mir Cəfər Bağırov
susur. Stalin təkrar edir:
- Soruşuram, sən kimsən?
Bağırov cavab verir:
- Siz ki bilirsiniz, mən kiməm: Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinin birinci katibi.
Stalin:
- Yox, sən əsl səfehsən!
Bağırov susur, Stalin davam edir:
- Sən üçüncü dünya müharibəsini başlamaq istəyirsən?
İstəyirsən ki, amerikalılar bizə nüvə hücumunu hədiyyə etsinlər?
Niyə Cənubi Azərbaycandan bizim silahlı qüvvələrin çıxarılması ilə
bağlı əmrimi yerinə yetirmirsən?
***
Bakının sahilə baxan
binalarının birində səs səsə qarışmışdı. Döyüş gedir, "Azadlıq"
hayqırtıları, güllə və qılınc səsləri qulaq batırırdı. Bu, üzü
dənizə baxan Azərbaycan İstiqlal Muzeyinin binasında "uyuyan
tarixin" röyalarından gələn səslər idi. Muzeyin guşələrini
gəzdikcə, elə bilirsən tarixi gəzib gəlmisən. Şərəfli və kədərli
Cənubi Azərbaycan tarixi guşəsinin ən dəyərli eksponatlarından biri
Milli Demokratik Respublikanın müdafiə naziri, general-mayor Cəfər
Kavianın mundiri, dəfələrlə auksionda yüksək qiymətə alınması
təklif olunan qızıl işləməli "Səttarxan" ordeni, "21 Azər" medalı,
Təbriz qoşunları komandanının qılıncı, Seyid Cəfər Pişəvərinin
general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və
nizamnamələrin surəti, Səttarxanla Cəfər Kavianın atası
Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli adamı sanki
ovsunlayır. Anlayırsan ki, bura bir də gəlməlisən, nəyin, necə,
niyə baş verdiyini öyrənməlisən, oxumalısan, bilməlisən. Amma bütün
olanları olduğu kimi, təhrif etmədən çatdıran olacaqmı?
Öyrənirəm ki, Cəfər Kavianın üç oğlu və üç qızı Bakıda yaşayır.
Eksponatları muzeyə oğlu Marks Kavian Arazın o tayından minbir
əziyyətlə gətirib və illərlə qoruyub-saxlayıb. Muzeyin əməkdaşları
onunla əlaqə yaratmağıma yardımçı oldular və biz, telefonda
razılaşdığımız kimi, elə İstiqlal Muzeyində də görüşüb
söhbətləşdik.
***
Cənubi Azərbaycan Demokratik Respublikasının müdafiə naziri
olmuş Kavian Cəfər Məhəmmədəli oğlu 1895-ci ildə Təbriz
yaxınlığındakı Səhlan kəndində kəndli ailəsində anadan olub. İlk
təhsilini ruhani məktəbində alıb. Atası Məhəmmədəli qardaşı
İsrafillə birlikdə azadlıq hərəkatının fəallarından, gizli inqilabi
hərəkatın məşvərətçisi və Səttarxanın yaxın silahdaşı idi. Hərəkat
yatırıldıqdan sonra Məhəmmədəli həbs olunub və işgəncələrə
dözməyərək vəfat edib.
Səttarxan hərəkatına fədai kimi lap gənc yaşlarından qoşulan
Cəfər Kavian, iki adla - gənc ikən Məşədi, milli hökumətin milli
qoşunlar vəziri olanda isə General Cəfər Kavian kimi tanınır.
İnqilabdan sonra isə qardaşını da götürüb mücahidlərlə birlikdə
Bakıya pənah gətirir və iki qardaş 1912-1914-cü illərdə Bakıda
yaşayaraq dərziliklə məşğul olurlar. 1914-cü ildə Cənubi
Azərbaycana qayıdan Cəfər 1918-ci ilə qədər inqilabi və gizli
Sosial Demokrat partiyasının işləri ilə məşğul olur. Fasilələrlə
Naxçıvanda və Bakıda yaşasa da, 1920-ci ildə gizli şəkildə yenidən
Təbrizə qayıdır və Şeyx Məhəmməd Xiyabani hərəkatında milli fədai
başçısı kimi fəaliyyət göstərir. Şeyx Məhəmməd inqilabı məğlub
olandan sonra Əbül- Yasin Lahrudi inqilabına qoşulur və fədai
başçısı təyin edilir. Hərəkat dayandırıldıqda isə, Kavian
mühacirlərlə birlikdə Tiflisdə birləşmiş Qafqaz partiyasına
qoşulur. 1922-1924-cü illərdə partiyanın göstərişi ilə Bakıya,
Partiya məktəbində təhsil almağa gəlir...
Daha sonra İrana qayıdan Kavian1930-cu ilin sonlarında həbs
edilir. Məhkəmənin 3472/14 nömrəli qərarında deyilir: "Cəfər Kavian
ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr
nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur.
İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran
məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də,
Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci
maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci
maddəsi ilə cəzalandırılaraq həbs olunurlar. Hökm yerinə
yetirilir".
Kavian ömrünün çox hissəsini zindanda keçirib. Onu həbs edən
Ələkbər xan ona zindanda olmazın işgəncələr verib, hətta qızı ilə
görüşməyə belə, imkan yaratmayıb. Bütün bu zülmlərə dözən Kavian
Ələkbər xana deyib:
"Nə bacarırsan elə, bir gün gələcək, sənin paqonlarının yerinə
mıx çalacağam". Marks müəllim deyir ki, on beş il sonra xəstə düşən
Kavian öləcəyindən və qisasını ala bilməyəcəyindən ehtiyat edərək,
Ələkbər xanın öldürülməsi üçün silahlı dəstə göndərir, zülmü
dillərə dastan olan Ələkbər xan öldürülür və şah ölkədə yeddi
günlük matəm elan edir. 1945-ci ildə Təbriz şəhərində "Nollar" adlı
fədai partizan dəstəsinin yaradılması haqqında Cəfər Kavianın
qeydlərində deyilir: "Yerli mürtəce hökumətin üzvlərindən biri olan
Azərbaycan İttilaatı- Dövlət təhlükəsizlik idarəsinin rəisi general
Ələkbər xan Vəkili səhər evindən çıxıb işə gedərkən, əvvəlcədən
müəyyən etdiyim yerdə dörd nəfərlik partizan (fədai) dəstəsi
tərəfindən (Sadıq Dadar, Əsi Şahbazi, Şahməmməd, Əhməd Vəkili)
mənim göstərişimlə öldürülmüşdür. O şəxs Rzaxan hökümətinin sadiq
nökəri və Azərbaycan xalqının düşməni idi. O, 1930-cu ildə və ondan
sonrakı illərdə azadlıq sevənləri öldürüb, işgəncəyə məruz
qoymuşdur. O cümlədən, Təbriz həbsxanasında mənə və mənim ailə
üzvlərimə də çoxlu əzab-əziyyət vermişdir. Mürtəce və satqın
Ələkbər xan Vəkilinin ölümü yerli hökumət dərgahında işləyən
vəzifəli şəxsləri daha da vahiməyə salır, hətta bəziləri
şələ-şüləsini yığaraq Tehrana qaçırlar".
Həbsdən sonra azadlığa çıxaraq yenidən Azərbaycanın Zəncan
şəhərinə sürgün edilən Cəfər Kavian, 1941-ci ildə Sovet ordusu
İrana gəldikdən sonra azad edilərək Təbrizə qayıdır və 1944-cü ilə
qədər Təbrizdə müxtəlif antifaşist, xalq partiyalarının
yaranmasında yaxından iştirak edir.
1945-ci ildə Azərbaycan Demokratik Partiyasının yaradılmasından
sonra partiyanın Mərkəzi Komitəsinin üzvlüyünə seçilir və
Azərbaycanda partizan hərəkatına başçılıq etmək ona tapşırılır.
Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq,
general rütbəsinə qədər yüksələn Kavian göstərdiyi xidmətlərə görə
MK-nın, Azərbaycan Milli hökumətinin və Milli Məclisin qərarı ilə
"Səttarxan" ordeni və "21 Azər" medalı ilə təltif olunur.
- Atam bizi götürüb yenidən Təbrizə qayıdır,- deyə, Marks
müəllim söhbətinə davam edir. - O, inqilabi, antifaşist
təşkilatlarda çalışmaqla bərabər, Pişəvəri, Doktor Cavid, Şəbüstəri
və Padiqanla birləşərək artıq Milli Hökumətin yaranmasının vaxtı
çatdığı qərarına gəlirlər. Onun mükəmməl hərbi bacarığından
istifadə etməyə başlayırlar. Atam partizan hərəkatına rəhbərlik
edir. Bütün məsələlər öz həllini tapandan sonra Mili Hökumət
yaradılır və Cəfər Kavian Milli Məclis tərəfindən Milli Hökumətin
müdafiə naziri təyin olunur. Pişəvəri Milli Hökumətin görünən
tərəfi idi, Kavian görünməyən tərəfi. Partizan hərəkatının
yaradılmasından tutmuş, fədailərin silahlanmasına qədər bütün işlər
atamın ixtiyarına verilmişdi. Fədailər Təbrizi şahın zülmkar
qoşununun əsarətindən təmizləyirlər. Təbriz nəzarətə götürüldükdən
sonra şah ordusunun komandanı təslim olmaq məcburiyyətində qalır.
1945-ci ilin dekabr ayında komandan, general Ələkbər Derəxşani
təslim aktını imzalayır və ona həvalə edilmiş rəmzi komandan
qılıncını Milli Hökumətin müdafiə naziri general Cəfər Kaviana
təhvil verir.
Söhbət zamanı generalın oğlu atasının tarixi şəxsiyyət kimi
tanınmamasının səbəblərindən danışdı. Dedi ki, tarixi faktlar
bilərəkdən saxtalaşdırılır: "Bəzi adamlar Pişəvərini qabağa verib
ondan istifadə edərək kitab yazırlar. İstəyim odur ki, Milli
Hökumət, Pişəvəri haqqındakı nəsə yazmaq istəyənlər sənədlərlə,
tarixi faktlarla tanış olsunlar. Bütün sənədləri İstiqlaliyyət
Muzeyinə vermişəm. Gedib tanış olsunlar və görsünlər ki, Milli
Hökluməti quranlar, yaradanlar kimlərdi, ona rəhbərlik edənlər
kimlər".
1946-cı ildə Sovet Azərbaycanına pənah gətirən Cəfər Kavian
ömrünün sonuna qədər burada yaşayır. Milli Hökumətin qısa müddətdə
süquta uğramasında isə rəhbərlərin və fədailərin günahı yox idi.
Demokratik Respublikanın süqutu haqqında M. C. Bağırovun
köməkçilərindən biri olan Mütəllim Babayev xatirələrində təsadüfən
İ. Stalinlə M. C. Bağırovun telefon danışığını eşitdiyini deyirdi.
Rəhbər Bağırovu, onun qoşunları Cənubi Azərbaycandan çıxarmaq
tapşırığına əməl etmədiyinə görə tənbeh edirdi: "1944-cü ildə
faşist Almaniyasına qarşı ikinci cəbhə hücuma başlayanda İ.
Stalinin yeni göstərişini aldıq: "Sovet silahlı qüvvələri Cənubi
Azərbaycandan çıxarılsın!" Lakin bu tapşırığı Mir Cəfər Bağırov çox
həvəssiz və ləng yerinə yetirirdi. O, yaxşı bilirdi ki, qoşun
çıxarılsa, şah ordusu Demokratik Respublikanın bütün qurumlarını
darmadağın edəcək, adamlara divan tutacaq. Pişəvəri ilə telefon
danışıqlarında hər şeyi açıb-ağartmaq istəmir, qoşunlarımızın orada
olmasından isitifadə edərək adamların və gərəkli avadanlıqların
sərhədin bəri tayına keçməsi tapşırığını verdi. Pişəvəri isə bu
qərarla heç cür razılaşmaq istəmir, telefon xəttində az qala
qışqırırdı: "Bu, xəyanətdir, biz belə danışmamışdıq!".
Pişəvəridən söz düşmüşkən, Marks müəllim onun ölümü ilə bağlı
səslənən müxtəlif versiyalara aydınlıq gətirir. Deyir, Pişəvəri
İrandan Şimali Azərbaycana keçib, burada sığınacaq tapmış
insanlarla görüşmək üçün rayonlara səfər edirdi. Nuru Quliyev və
Qulam Yəhya Danişyan səfərlərində onu müşayiət edirdi. Gəncəyə
gələndə səhər saat dörddə Pişəvərini oyadırlar ki, Şəkiyə qonaq
gedirik. Günün o vaxtı qalxıb qonaq getmək ağlabatan olmadığından,
Pişəvəri getmək istəmədiyini bildirir. Yola çıxası olurlar. Nuru
Quliyevlə Qulam Yəhya yuxularının gəldiyini bəhanə edərək arxa
oturacaqlarda otururlar. Yevlax yaxınlığında sürücü Pişəvəri oturan
tərəfi körpüyə çırpır. Pişəvəri yaralı halda Yevlax xəstəxanasına
aparılır. Yevlax təhlükəsizlik şöbəsinin sədri Lətif Salayev hadisə
yerinə gələrək maşının qabaq hissəsinin vurulduğunu görür. Salayev
sürücü Qarnik Melikyanın ciblərini yoxlayarkən bir ədəd "Valter"
tapançası və on min manat pul tapır. Salayev onun yanında qarovul
qoyub, xəstəxanaya, Pişəvərinin yanına gəlir. Onu görən Pişəvəri
-"xəyanət, xəyanət, xəyanət"- deyə, zarıyır. Salayev ondan soruşur:
" Yoldaş Pişəvəri, avtomobil sizin, sürücü sizin, nə xəyanət?"
Pişəvəri isə bildirir ki, nə maşın onundur, nə sürücü: "Hər ikisi
Qulam Yəhyanındır. İran şahı məni öldürə bilmədi, amma bunlar mənim
axırıma çıxdı". Hadisədən bir gün sonra canını tapşıran Pişəvəri
Buzovnadakı Nobel bağında dəfn edilir. Marks müəllim deyir ki, bu
hadisə baş verəndə onun on yaşı olub. Atası onu Pişəvərinin dəfninə
aparmışdı. Mərasimdə Milli hökumətin görkəmli simalarından Padiqan,
Qiyami Pənahiyan, Azər, Qulam Yəhya və başqaları iştirak edirdi.
Qulam Yəhya başı tənzifli dəfnə gəlmişdi. Amma Qulam sonralar öz
xatirələrində yazmışdı ki, Pişəvərinin öldüyündən üç ay sonra xəbər
tutub. Marks müəllimin dediyinə görə, Əkrəm Rəhimlinin (Bije)
"Seyid Cəfər Pişəvəri" kitabının 195-ci səhifəsində yazılır ki,
rəsmi toplantıda Pişəvərinin əmisi oğlu və bacısının əri olan
Mirağa Azəri üzünü Qulam Yəhyaya tutub belə bir ittiham
səsləndirir: "Qulam Yəhya, Pişəvərini sən öldürdün ki, onun yerinə
keçəsən". Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərinin
fədailərlə görüşə general-mayor Cəfər Kavianla yox, məhz Qulam
Yəhya ilə getməsi hələ də şübhə doğurur.
Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla
tez-tez görüşərmişlər. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona
Razin qəsəbəsində üçotaqlı mənzil verir. O evdə indi oğlu Marks
Kavian ailəsi ilə birlikdə yaşayır. Marks Kavian danışır ki,
Bağırovla atasının arasında belə bir söhbət olmuşdu:
Bağırov: " Eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək
istəmisiniz?" Atam başa düşür ki, bunu ona xəbər veriblər: "Yoldaş
Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən
kimi evə gəlib onu güllələmək istədim, amma buna imkan vermədilər.
Belə olan halda, onu dərhal həbs etdirdim. Bir müddətdən sonra
mərhumun ailəsi və qohumları şikayətçi olmadıqlarını bildirdilər.
Məhkəmə oğlumun günahsız olduğunu bildirdi və ona, sadəcə, şallaq
cəzası kəsdi. Mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya, hərbi
məktəbə göndərdim." Bağırov atama dedi: "Sən düz iş görmüsən, o,
sadəcə, bədbəxt hadisə idi. Bilirsən, elə şeylər var, edirsən, amma
sonra peşman olursan. Mənim oğlum döyüşdə həlak oldu. Mənə deyəndə
ki, onun cənazəsini gətirək Vətəndə dəfn edək, razı olmadım. Krıma
gedib, onu başqa əsgərlərlə birgə oradaca dəfn elətdirdim. İndi isə
buna peşmanam." Bu vaxt Bağırovun gözləri dolmuşdu. Sonralar məlum
olur ki, o, oğlunun cənazəsini Bakıya gətirdərək dəfn
etdirmişdi.
Araşdırma zamanı məqalələrin birində o vaxtlar Azərbaycana
rəhbərlik edən Heydər Əliyevlə Cəfər Kavianın yetmişinci illərdəki
münasibətləri haqqında olan məqam diqqətimi çəkdi. Oğlu Marks
deyir: " Yadıma gəlir ki, atam Heydər Əliyevlə tez-tez telefonla
səmimi söhbət edərdi. O, bizim yaşadığımız evə də gələrdi. Dövlət
Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində olanda o, bir
gün atamı yanına dəvət etdi. Atam nasaz olduğundan, məni də özü ilə
apardı. O vaxtlar atam darıxırdı, qüssədən, kədərdən tez-tez
xəstələnirdi. Təbriz hadisələrindən danışan zaman atamın halı
pisləşdi. Heydər Əliyev dərhal ona təcili yardım çağırtdırdı və ona
tibbi yardım göstərildi. Vidalaşıb ayrılanda atam paltosuna əl
uzatdı. Heydər Əliyev ona kömək etmək istəyəndə atam etiraz etdi.
Atamın etirazına qarşı böyük şəxsiyyət Heydər Əliyev səmimiyyətlə
dedi: "Hörmətli Vətən generalı! Biz polkovniklər Sizin qulluğunuzda
dayanmağa həmişə hazırıq!".
Sovet hökumətindən ailəsinə Kavianın Fəxri Xiyabanda dəfn
edilməsi təklif edilsə də, onlar heç vəchlə buna razı olmur. O,
əmanət məzar kimi, nə zamansa yenidən doğulduğu şəhərdə dəfn
edilməsi məqsədi ilə, taxta qutu içində Bakıdakı məzarlıqlardan
birində dəfn edilir.
"Əziz Kavian! Biz sənin, xalqına və Vətəninə olan borcunu
artıqlaması ilə ödədiyinə şəhadət veririk. Sənin pak məzarın
qarşısında and içirik və səni əmin edirik ki, sənin amal və
arzularını həyata keçirmək uğrunda son nəfəsimizə qədər
çalışacağıq."- Sadıq Padiqan.
İstiqlal Muzeyində tarixi şəxsiyyət-- general-mayor Cəfər
Kavianın oğlu Marks Kavianla söhbətimiz bitmək bilmirdi. Əlimdəki
sənədlər, məqalələr haradan başlayacağım barədə qərarımı
dəyişmişdi. Əlbəttə ki, "21 Azər" jurnalındakı Demokratik
Respublikanın yaranmasına dair müxtəlif materiallar, publisist,
istefada olan polkovnik-leytenant Şəmistan Nəzirlinin "Yada düşdü"
jurnalındakı "General Cəfər Məmmədzadə" adlı məqaləsi, "Azərbaycan"
qəzetinin 20 dekabr, 1945-ci il sayında çıxan "Xalq Qoşunları
vəziri Ağayi Cəfər Kavian" başlıqlı yazı, Cəfər Kavianın öz
dəst-xətti ilə yazdığı tərcümeyi-hal, 1975-ci ildə Cəfər Kavianın
dəfn mərasimi zamanı Sadıq Padiqanın nitqinin və digər sənədlər,
yazılı, internet və video materiallar bizim, hadisələrə daha geniş
prizmadan yanaşmağımız üçün kifayət edirdi, amma imkanlarımız
məhduddur - cəmi iki qəzet səhifəsi. Mövzuya yenidən qayıtmağın
lazım olduğunu deyə bilmərəm, amma İstiqlal Muzeyinə gəlmək
lazımdı, həm də dönə-dönə./Aydın Yol