Ötən gün AMEA Dilçilik
İnstitutunun keçmiş direktoru Tofiq Hacıyevin istefa ərizəsini geri
götürməsi ilə bağlı mediaya söylədikləri bir daha qalmaqallı olayı
gündəmə gətirdi. Maraqlı məqamlardan biri də odur ki, Tofiq Hacıyev
işinin başına dönməsini qəribə şəkildə izah edib: "O vaxt əsəbi
şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları,
müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə
bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq
istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".
Məsələnin hüquqi tərəfi barədə hələlik AMEA-dan açıqlama
verilməyib. Belə ki, AMEA prezidenti və İdarə Heyəti üzvləri
məzuniyyətdədir, akademik Tofiq Hacıyevin özü də yay məzuniyyətini
hələlik başa vurmayıb. Bu baxımdan onun iyul ayının 24-də təqdim
etdiyi və AMEA İH tərəfindən qəbul edilən istefa ərizəsini hansı
formada geri götürdüyü bəlli deyil. Nəzərə alanda ki, istefa
ərizəsinin qəbulundan sonra Dilçilik İnstitutuna artıq AMEA
prezidentinin sərəncamı ilə əvəzedici də təyin edilib, onda bu
hüquqi prosedur bir az da qabarıqlığı ilə ortaya çıxır.
Ancaq məsələnin hüquqi prosedurundan əvvəl artıq Nəsimi adına
Dilçilik İnstitutunun əməkdaşlarından adının çəkilməsini
istəməyənlər mediaya bəzi açıqlamalar verməyə başlayıblar.
Bu açıqlamalardan biri Azərfax-ın redaksiyasına ünvanlanıb.
Axar.az Azərfax-ın gizli saxlamağı məsləhət bildiyi müəllifin
qeydlərinin xüsusi maraq doğurduğunu nəzərə alıb, təqdim edir:
"Tofiq Hacıyev 2013-cü ilin dekabrında İnstitutun direktoru
vəzifəsinə təyin olunur. Bu necə baş verir – onun özü bunu yaxşı
bilir. Bu vəzifənin fəlsəfəsindən xəbəri olmayan və heç zaman
müəssisə rəhbəri işləməyən adamın işlərinin ağırlığı elmi işlər
üzrə direktor müavini f.e.d.Məhəbbət Mirzəliyevanın öhdəsinə düşür.
Hətta M.Mirzəliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə baş
tutan Beynəlxalq "I Sələflər və Xələflər" Simpoziumunda ancaq qonaq
kimi iştirak edib "toy generalı" olan Tofiq Hacıyev yavaş-yavaş
direktorluğun şirinliyini hiss edir. Ona əlaltıları başa salırlar
ki, bu işin xeyli üstünlükləri və faydası var. O, Müdafiə Şurasının
sədri təsdiq olunur. Amma bununla da kifayətlənmir və görkəmli
dilçi alim, həqiqətən dünyaca tanınmış, etiraf edilmiş akademik
Ağamusa Axundovun baş redaktoru olduğu "Türkologiya" jurnalını ələ
keçirmək ehtirasına tutulur və bunu bacarır. Ağamusa müəllimdən
istefa ərizəsi alırlar və T.Hacıyev baş redaktor olur.
Jurnal rusca çıxdığından normal adamlar başa düşmür ki, rus
dilini primitiv səviyyədə bilən "dünyaca məşhur türkoloq" ona necə
rəhbərlik edəcək? Ona deyirlər ki: "Hər işi biz görəcəyik, siz
narahat olmayın. Təki bu jurnal əlimizə keçsin". Özü də bunu öz
əlaltısı "Türkologiya" jurnalında işləyən, eyni zamanda, Dilçilik
İnstitutunda Həmkar Təşkilatının sədri olan Solmaz Süleymanovanın
vasitəsilə məkrlə həyata keçirir. İşi də yəqin ki, planı quran bu
xanım görəcəkdi - elementar dilçilik savadı olmayan bir
xanım...
Soruşa bilərsiniz, Ağamusa Axundovun baş redaktorluqdan
uzaqlaşdırılmasında planlı məkr nədən ibarət idi? Bu barədə də
əlavə məlumat vermək mümkündür. Özünü vicdan dağarcığı sayanların
iç üzü hökmən açılacaq. Heç nəyi çuvalda gizlətmək mümkün
olmayacaq.
Bütün bunları "qazandıqdan" sonra artıq ona zaval olmadığını
düşünən T.Hacıyev haqqında söhbət gedən şər yuvasının
aktivistlərini – Solmaz Süleymanovanı, indiki müavini Baba
Məhərrəmlini və elmi katib Aynel Məşədiyevanı başına yığaraq yeni
məkrli planlar qurmağa başlayır. Elmə, alimə yaraşmayan arzu və
istəklərini (bunlar ötəri söz deyil, hamısını yeri gəldikcə bir-bir
açmaq olar) həyata keçirmək yolunda M.Mirzəliyevanı əngəl sayan
direktor və onun şər qrupu Mirzəliyevanın 1 illik faydalı
fəaliyyətini, kollektivin ona xüsusi rəğbətini nəzərə almadan onu
işindən kənarlaşdırmaq fikrinə düşür. Olmazın şər və yalanlar
Mirzəliyevanın və İnstitutda gedən prosesləri, haqqı və nahaqqı
görüb susmaq istəməyənlərin üstünə yağdırılır.
Ortada kriminal da var: "Həmkarlar təşkilatının sədri Solmaz
Süleymanovanın bilavasitə əlilə institutun baş mühasibi Alimpiada
Linnik işdən azad edilir. Bərpa olunmaq üçün məhkəməyə müraciət
edən Linnik stress və mənəvi təzyiqə dözməyib vəfat edir. Faktiki
olaraq şər qrupu onun ölümünə səbəb olub. Stress və ölüm! Bu iş
addım-addım izlənsə, nələr üzə çıxa bilər, düşündükdə heç də
xoşagələn məsələlər ortaya çıxmır. Bu azğın adamlar nə üçün bu
qədər irəliləyirlər? Bir səbəb var. Görünür, baş mühasib mövqeyi bu
adamlara xüsusi lazım imiş. Dilçilik İnstitutuna işə götürülən
Sabir adlı yeni baş mühasib isə BDU-dakı maxinasiyaları ilə ad
çıxarmış bir şəxs olsa da, Tofiq Hacıyevlə ailəvi dostluğuna görə
bu gün o, toxunulmazlıq statusuna malikdir. Bu yeni mühasibin
kaprizləri üzündən İnstitutda uzun illər çalışmış səviyyəli
mütəxəssis fil.ü.f.d. Rübabə Əliyeva da işdən azad olunur. Azad
olunmaların siyahısı bununla heç də bitmir.
Həmin Sabir 2014-cü ilin dekabrında işçilərin əmək haqlarını
günlərlə (bəzən aylarla) yubatdığı üçün 20-yə yaxın əməkdaş ondan
İnstitut rəhbərliyinə şikayət edir. Maaşları nə üçün yubatdığı da
çox maraqlı və kriminala söykənən faktdır. Maraqlıdır ki, AMEA-da
belə hal heç bir başqa institutda baş vermir. Şikayətlər haqlı
olaraq direktor T.Hacıyevin diqqətinə çatdırılanda direktor öz
dostu olan baş mühasibə qarşı olan bu haqlı münasibətdən
əməlli-başlı hiddətlənir. Məktub müəlliflərini bir-bir otağına
çağıraraq, onlara hədə-qorxu gəlir. Hətta Elmi Şurada haqlarını
istəyən bəzi əməkdaşlara "Səni pəncərədən ataram" kimi hədə-qorxu
gəlir. Şər qrupunun əli ilə növbəti mənəvi repressiya təşkil
edilir… Burda atalar deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı
yarıldı".
İnstitutun 15 nəfər əməkdaşı mənəviyyatsızlıq mühitinin
güclənməsində aktiv rol oynayan və əməkdaşların hüququnu qorumaq
əvəzinə direktorun kölgəsinə və şər qrupunun başçısına çevrilən
Solmaz Süleymanovanın məsələsinin kollektivin açıq iclasında
müzakirə edilməsi üçün AMEA Azad Həmkarlar Komitəsinə rəsmi
müraciət edir. Müraciətə cavab olaraq, T.Hacıyev yenə də məsələni
malalamaq niyyətilə ona yaltaqlanan insanlardan ibarət xüsusi
komissiya yaradaraq Süleymanovadan şikayət edən imzası olanların
hər birinin ayrı-ayrılıqda "məhkəməsini" qurdurur, onlardan təzyiq
altında özlərinə uyğun izahatlar tələb edir və bununla da onları
sındırmağa çalışır. Bu təzyiqlərə baxmayaraq, onlar fikirlərindən
dönmür, ədalətsizliyə son qoyulmasını təkidlə tələb edirlər. Yenə
də şər qrupunun təşviqi ilə artıq öz sözü və iradəsi olmayan
direktor bu əməkdaşlara xəbərdarlıq elan edir, onlardan ikisinə elə
ertəsi gün şiddətli töhmət, iki gün sonra isə işdən çıxarılmaları
haqqında əmr verir.
"Səni pəncərədən ataram". Bu, dilində kobud sözlər "çiçək açan"
Azərbaycandan başqa heç yerdə tanınmayan "dünyaca məşhur
türkoloq"un leksikonundan kiçik bir nümunədir. Bu sözlər isə
başqaları ilə yanaşı, ömrünü dilçilik institutnda keçirmiş, həlim,
saf, işgüzar və doğrudan da professional dilçi, riyazi dilçiliyin
Respublikada tək-tük nümayəndələrindən biri, bəlkə də birincisi
olan elmlər doktoru Kamilə xanım Vəliyevaya ünvanlanır. O Kamilə
xanıma ki, onun atası görkəmli dilçi və müəllim Abdulla Vəliyevlə
Tofiq Hacıyev Universitetdə uzun illər bir kafedrada çalışmışdılar.
Budur direktorun, "dünyaca məşhur dilçinin" bugünkü durumu. Onu da
xatırladaq ki, Dilçilik İnstitutu AMEA-nın 5-ci mərtəbəsində
yerləşir.
Hadisələr sürətlə uçuruma doğru irəliləyir. Dilçilik
İnstitutunun Elmi Şurasında öz rəhbərliyi ilə müzakirə olunub
təsdiqlənmiş, mayda AMEA HİEB-də yenə də özünün iştirakı ilə
keçirilən büro iclasında da təsdiqlənmiş attestasiyanı T.Hacıyev
nədənsə özbaşına (yenə də şər qrupunun diqtəsi ilə) ləğv etmək
qərarına gəlir. 2014-cü ilin fevralında öz əmri ilə Attestasiya
Komissiyasının sədri qoyduğu M.Mirzəliyevaya qara yaxmaq,
kollektivin saglam qüvvələrinin gözünü qorxutmaq niyyəti onu yeni
bir səhvə sürükləyir: yenidən attestasiya keçirmək fikrinə düşür.
Bu ancaq özbaşınalıq yox, həm də ciddi şəkildə iş bilməzlik kimi
qiymətləndirilə bilər. Və sözsüz ki, özünə hörmət edən AMEA
rəhbərliyi buna imkan vermir.
İntiqam hissi T.Hacıyevi və ətrafındakı şər qrupunu sakit
buraxmadığından İnstitutda hökm sürən mənəviyyatsızlıqla
barışmayan, haqq uğrunda mübarizəyə qalxan 2 gənc elmi işçi -
institutun əyani aspirantları olmuş fəlsəfə doktorları Kamil
Hüseynov və Emil İbadov əsassız ittihamlarla işdən azad edilirlər.
Direktor hətta onların institutda 2011-ci ildən işlədiyini də
bilmədiyindən saytlara verdiyi müsahibələrdə özünə haqq qazandırmaq
üçün onların 2008-ci ildən çap işlərinin olmadığını göstərir.
Təxminən bu zaman Məhəbbət Mirzəliyeva da öz ərizəsi ilə direktor
müavinliyindən istefa edir. Beləliklə, meydan tamamilə açılır.
Sağa-sola at sürmək, istədiyini etmək, əsl diktatura rejimi
yaratmaq üçün əlverişli zəmin yaranır və İnstitutda intriqalar,
şərləmələr, dedi-qodular baş alıb gedir.
AMEA rəhbərliyinin səbr kasasını isə "dünyaca məşhur türkoloqun"
son "elmi" kəşfi doldurmuş oldu. Dünyaca məşhur türkoloq"un işdən
çıxma səbəbini öyrənmək istəyənlər onun bu yaxınlarda çapdan çıxmış
"Naxçıvan dialektoloji atlası"na yazdığı son dərəcə "elmi",
"samballı" "kəşflərlə" dolu ön sözünü oxusalar, pis olmaz. Bu ön
söz elə "dərin" elmi-məzmuna malik idi ki, Atlasın nəşr edilmiş
nüsxələrini elə o dəqiqə məhv etdilər. Sərf edilmiş külli miqdarda
məbləğ isə havaya atıldı. Yaxşı deyiblər ki, insanın özünün özünə
elədiyini heç kim ona edə bilməz. Ona görə də doğru-dürüst adam
günahı başqalarında yox, birinci növbədə özündə axtarmalıdır.
Abrına qısılıb durmalıdır. Söhbətin nədən getdiyini bilənlər yaxşı
bilir. Bu barədə ehtiyac olsa, geniş izahat verməyə və T.Hacıyevin
nəinki antropologiya, etnoqrafiya, hətta dilçilik sahəsində də
gülməli iddialarına işıq salıb araşdırmağa hazırıq".