Azərbaycanda icra hakimiyyəti başçısı postuna qadın
təyin olunub.
Axar.az xəbər verir ki, medianın və ictimaiyyətin diqqətində
olan bu hadisə heç də ilk təyinat deyil.
Əslən lənkəranlı olan Dilruba
Camalova 1993-2000-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti
başçısı vəzifəsini daşıyıb. 2000-2006-cı illərdə isə Qadın Problemləri
üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində
çalışıb.
O, 2009-cu ildə Cəlilabad rayon ərazisində baş verən yol
qəzasında dünyasını dəyişib.
1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə
Piriyeva rəhbərlik edib.
Sədaqət Qəhrəmanova 1995-2005-ci illərdə Əli Bayramlı (indiki
Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı işləyib.
Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.
İradə Gülməmmədova isə ötən
gün Abşeron rayon icra başçısının müavini vəzifəsindən birinci
posta yüksəlib. İ.Gülməmmədova Şuşada anadan olub.
Tibb Universitetini bitirən yeni xanım başçı Abşeron Rayon Uşaq
Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir
müddətdən sonra Abşeron Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə
təyin edilib.
10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində
çalışır.
Qeyd edək ki, 2012-ci ilə qədər 85 rayon üzrə icra hakimiyyəti
başçısının cəmi 35 qadın müavini olub. 2014-cü ildə bu göstərici
78-ə yüksəlib.