Ana səhifə Gündəm |
Kreml Yaxın Şərq kartından nəinki Qərbə təzyiq, eləcə də müəyyən iqtisadi və hərbi dividentlər əldə etmək üçün istifadə edir.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, Rusiyanın Yaxın Şərq siyasətində Suriya, İran və Türkiyə faktorunun ön planda olduğunu bildirib:
"Rusiyanın Türkiyə siyasəti həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır. Fikir verin, Putinin qondarma soyqırım səfərindən sonra araları kifayət qədər soyumuş hər iki dövlətin başçısı məscid açılışında bir araya gəlir və bütün bunlar Suriya danışıqların getdiyi bir zamana təsadüf edir. Hazırkı dönəmdə Qərblə manevr etmək üçün Ankaranın Moskvaya ehtiyacı var. Qərb AKP hökümətinə bir o qədər loyal deyil. Separatçılara endirilən zərbələr də, müttəfiqləri bir o qədər razı salmır. Türkiyə Rusiya üçün isti dənizlərə bir qapı, bəlkə də ən önəmli faktordur. Bunun üçün də Moskva Ankaranı Avrasiya İttifaqına doğru bir neçə addım olsa da, yaxınlaşdırmaq üçün əlindən gələni etməyə hazırdır. Eyni zamanda, Rusiya Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatının da ən vacib tərəfdaşı olaraq görmək arzusundadır".
Analitik Suriyanın Rusiya üçün önəmini konkret faktlarla qeyd edib:
"Suriya - ərəb baharından sonra Rusiyanın Yaxın Şərqdə öz varlığını göstərə biləcək son qalasıdır. Suriyanın Tartus limanı Rusiya üçün Aralıq dənizinə çıxış imkanı deməkdir. Əks təqdirdə Qərbin Suriyanı nəzarətə götürməsi Moskvanın Yaxın Şərqdən tamamən sıxışdırılaraq çıxardılmasına bərabərdir. Ancaq siyasi səbəblərlə yanaşı, burada bir sıra iqtisadi faktorlar da var. Suriya potensial qaz ixracatşısıdır. Qərbin orada mövqelərinin güclənməsi və İranın bazara girməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər".
Analitikə görə, Rusiyanın islam "sevgisi"ndə İran faktorunun güclənməsi fonunda Moskvanın Yaxın Şərqdəki varlığının qarantı bir sıra məqamlarla izah oluna bilər:
- ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyaya nüfuz etməyə çalışmasını hər iki ölkəyə ortaq təhdid olaraq görür;
- NATO-nun şərqə doğru genişlənməsi;
- Xəzər enerji qaynaqlarından Qərb şirkətlərinin istifadəsi və üçüncü dövlətlərin bölgədə olması iki ölkə üçün də arzu edilən deyil;
- Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində hər iki ölkənin münasibətləri;
- Xarici ölkə gəmilərinin İran körfəzində olmasına qarşı ortaq mövqe;
- Cənubi Qafqaz siyasətində ortaq maraqlar;
- Hər iki ölkənin xarici siyasətində yanacaq ehtiyatlarından siyasi alət kimi istifadə etmələri və bunu müəyyən məqamlarda təzyiq alətinə çevirmələri;
- Fələstin məsələsində ortaq mövqe;
- Suriya məsələsində vahid mövqe;
- Hər iki ölkənin müxtəlif səbələrdən olsa belə, Yaxın Şərqdə güclü Türkiyə faktorunu qəbul etməməsi (Rusiyanın Cənubi Qafqaz və Orta Asiya faktoruna, İranın isə İslam və Yaxın Şərq içində liderliyə iddiasına görə);
Göründüyü kimi, İran Rusiya üçün son dərəcə əhəmiyyətlidir. Bütün bu məqamlar Rusiyada təzahür edən İslam sevgisinin başlıca məqamlarıdır. Amma bir məqamı da unutmaq olmaz ki, sevgi hisslərlə bağlı anlayışdır, Moskva isə göz yaşlarına inanmır".
Tarix
2015.10.01 / 08:30
|
Müəllif
Aygün Yusibova
|