1993-cü ilin 3 oktyabrında Azərbaycan Prezidenti postuna
keçirilən 3-cü rəsmi seçkilərdən 22 il ötür.
Axar.az xəbər verir ki, 4 iyun Gəncə qiyamından sonra Prezident
Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi
və nəticədə faktiki olaraq hakimiyyətdən uzaqlaşdı.
Oktyabrın 3-ə təyin olunan prezident seçkisi Heydər Əliyevin tam
üstünlüyü ilə başa çatdı və o, səsvermədə seçicilərin 98,8% səsini
qazandı.
3 oktyabrda keçirilən seçkilər zamanı Heydər Əliyev ANS
kanalında yayımlanan "Dərs" verilişində Mir Şahin Ağayevə müsahibə
vermişdi. O, müsahibəsi zamanı bir çox maraqlı məqamlara
toxunmuşdu:
"Mən heç vaxt vəzifə üçün mübarizə aparmamışam. Gənc yaşlarımdan
işləmişəm və qəflətən çağırıblar ki, sənə vəzifə veririk. 1952-ci
ildə məni KQB-nin əks-kəşfiyyatının rəisi vəzifəsinə çağırdılar. O
vaxt 29 yaşında belə bir vəzifədə oturmaq dəhşətli şey idi.
Həqiqəti demək lazımdır. Onda mənim heç kimim yox idi. Mən gedib
orda-burda, zirzəmilərdə yaşayırdım. Evim də yox idi. Məni
çağırdılar ki, səni əks-kəşfiyyat rəisi qoyacağıq. Mən onlara yox
dedim. Evə gəldim və bütün gecə fikirləşdim. Mən qurdların içində
necə işləyə bilərəm? Lakin məni bu vəzifəyə təyin etdilər. Demək
istəyirəm ki, heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam. İndi də
başıma bu iş gəldi, partiyadan çıxıb Naxçıvana getdim. Çox
ədalətsizlik gördüm, hər şeydən incidim. Kommunist Partiyasına bu
qədər xidmət etmişdim, mənə hörmətsizlik etdilər. Lakin həyat məni
bura (Bakıya) gətirdi və onlarla yenidən rastlaşdım. Mənim onların
qarşısında üzüm açıqdır. Çünki heç birinə pislik etməmişəm.
Hamısına kömək eləmişəm, vəzifə vermişəm, şərait yaratmışam.
Birindən bir qəpik pul görməmişəm, götürmək də istəməmişəm,
xasiyyətim buna ziddir. Bunu deyəndə bəzi adamlar təəccüblənir.
Bakıdakı evlərin yarıdan çoxu mənim vaxtımda tikilib, lakin mənim
burada yaşamağa evim yoxdur".
Heydər Əliyev müsahibə zamanı xatirələrini yazmaq istədiyini də
bildirir:
"Gərək ömrüm uzun olsun ki, bu siyasət işindən qurtarandan sonra
memuar yaza bilim. Çünki siyasət həmişə mənim vaxtımı alıb, indi də
alır. Mən kənara çəkilmişdim və artıq Naxçıvanda ilk memuarlarımı
yazırdım. Ancaq həyat və tale memuarlarımı yazmağa qoymadı. Lakin
hesab edirəm ki, onlar çox lazımdır. Mənim üçün yox, Azərbaycan
xalqı, tarix və gələcək nəsillər üçün. Mən 1940-cı ildən Azərbaycan
siyasi tarixinin içində olmuşam. Mənim gördüyüm və müşahidə
etdiklərimi heç kəs görməyib. Ona görə də bu memuarlar
lazımdır".
Heydər Əliyev müsahibə zamanı Azərbaycanda senzuranın olmadığını
və həmişə azadlıq tərəfdarı olduğunu deyir:
"Azərbaycanda senzura yoxdur. Kim nə deyir, yayımlayırlar. Mən
də bunun tərəfdarıyam. Çünki həyat təcrübəmdən görmüşəm ki, xırda
bir şeyi qadağan edəndə daha da hörmətə minir. Mən senzuranın
əleyhinəyəm. Mən azadlıq, hürriyyət tərəfdarıyam. İnsan bütün
sahələrdə azad olmalıdır. İnsan nə qədər azad olarsa, cəmiyyət o
qədər sağlam olar".