Ankaradakı olay ölkədə təhlükəsizlik orqanlarının öz
işini düzgün qura bilməməsini bir daha sübut etdi.
Bu barədə Axar.az-a politoloq Arzu Nağıyev danışıb. Ekspert
bildirib ki, Türkiyə iqtidarının öz elektoratını artırmaq və nüfuz
qazanmaq üçün PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının
ölkədə gedən proseslərə təsiri böyükdür:
"Bu terror bir sıra siyasi motivlərlə yanaşı, o cümlədən seçki
və Türkiyə hakimiyyətinin PKK və İŞİD-ə qarşı apardığı antiterror
əməliyyatları ilə sıx bağlıdır. Hələ ki heç bir təşkilat bu terror
aktını öz üzərinə götürməyib, lakin "özünüməhv" metodu dini
radikalizmin dəsti-xəttinə bənzəyir. Düşünürəm ki, konkret bu
hadisəsni kiminsə üzərinə qoymaq düzgün olmazdı. Bu gün Türkiyədə
dövlət və dövlətçiliyə qarşı həddən artıq təhdidlər var. Bu, istər
daxildən, istərsə də xaricdən özünü göstərir. Təsəvvür edəndə ki,
Türkiyə PKK, İŞİD və daxili terrora qarşı mübarizə aparan bir
dövlətdir, bunların nəyin və hansı maliyyə məsələlərinin hesabına
başa gəlməsini hesablamaq o qədər də çətin deyil. Təbii ki, bütün
bu proseslər siyasi və iqtisadi cəhətdən öz mənfi tərəfini
göstərəcək, böyük iqtisadi layihələr ləngiyəcək. Bu tip olaylar
seçkilər bitənə qədər təkrarlana bilər. İqtidar-müxalifət
münasibətlərinə aydınlıq gətiriləndən sonra bir az sakitlik
yaranacaq. Bununla belə, Suriya-Rusiya və qaçqın ordusu ilə bağlı
problemlər qalacaq. Bütün bunlara qarşı isə çox güman ki, Türkiyə
öz fəaliyyəti ilə bağlı korrektələr edəcək və bunun başında
təhlükəsizlik məsələsi ön planda olacaq".
Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada
Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib.
Son məlumata görə, partlayış nəticəsində 97 nəfər həlak olub, 246
nəfər yaralanıb.