İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır” deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.
İranlı nazirin bu açıqlaması Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etmək cəhdidir. İrandan Azərbaycana qarşı bu kimi cəhdlər edilməsi, xüsusilə dini məsələlərin siyasi alətə çevrilməsi zaman-zaman olduğu üçün Simayi Sərrafın açıqlaması o qədər də təəccüblü deyil, lakin ironikdir.
Birincisi, İranda illərdir 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququ pozulur. Hətta yerli və milli dillərin mətbuatda istifadəsi, həmçinin məktəblərdə tədris edilməsi İran konstitusiyasında təsbit olunsa da, reallıqda bu, heç vaxt yerinə yetirilməyib.
Simayi Sərrafın istəyi həqiqətən də insanların təhsil almasıdırsa, o zaman Azərbaycana dil uzatmaqdan öncə 40 milyon azərbaycanlının təhsil hüququnun təmin edilməsi ilə məşğul olmalıdır.
İranda təhsil hüququndan məhrum olan azərbaycanlı xanımın nazir Sərrafa müraciəti bu ölkənin təhsil sistemindəki haqsızlığı göz önünə sərir.
“Babaye Vəzir, azərbaycanlı qızlar İranda hansı dildə təhsil alacaq? Yüz ildir ki, İranın Azərbaycanında biz ana dilində təhsil almaqdan məhrumuq. İndi azərbaycanlı qızlara İranda Azərbaycan dilində mədrəsə və məktəb hazırlayacaqsınız? Əgər bunu elə bilərdinizsə, bəs, İrandakı azərbaycanlılara niyə indiyə qədər ana dilində təhsil almağa imkan verməmisiniz. Bir vətəndaş olaraq, ana dilində təhsil almaq haqqımdır”, - güneyli qız bildirib.
Babaye Sərraf, buyur, İran vətəndaşı olan azərbaycanlı xanıma cavab ver. Verə bilməz, çünki “azərbaycanlı qızların İranda təhsilinə şəraitin yaradılması”nda məqsəd təhsil hüququnun təmin edilməsi yox, Azərbaycanda dindarların inancında siyasi alət kimi istifadə etməkdir.
İkincisi, iranlı nazir azərbaycanlı qızlara “azad təhsil mühitinin” yaradılacağından danışır.
Məşhur misalda deyildiyi kimi, “dinimə söyən barı müsəlman olsa”. İrandakı mövcud vəziyyətlə azad təhsil mühiti tərs mütənasibdir. Bu ölkədə təkcə 40 milyon azərbaycanlının yox, hicab məcburiyyətinə qarşı çıxan, azad yaşamaq istəyən bütün qızların təhsil almasına imkan verilmir. Hər şey bununla da yekunlaşmır, hicab məcburiyyətinə etiraz edən qızlar təkcə məktəblərə, universitetlərə buraxılmır, həm də qətlə yetirilir. 2017-2018-ci illərdə baş verən “İran küçələrinin qızları” hərəkatında, 2022-ci ildə hicabını çıxaran 22 yaşlı Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq başlanan aksiyalarda iranlı qızlar ölümlə üz-üzə qaldılar. Simayi Sərrafın azərbaycanlı qızlara “azad təhsil mühiti” vəd etdiyi İranda qızlar hicab məcburiyyətinə etiraz etdikləri üçün təhsil hüququndan məhrum edilir, küçələrdə döyülür, öldürülür.
Üçüncüsü, İranın məqsədi azərbaycanlı qızlara təhsil vermək yox, öz ideologiyası ilə beyinləri yuyulmuş şəbəkə yaratmaqdır.
İllərdir Azərbaycanda həyata keçirmək istədikləri siyasət bunu deməyə əsas verir. İranın dini-klerikal dairələrinin yaratdığı “Müsəlman Birliyi Hərəkatı”, həmçinin İranda Azərbaycan vətəndaşlarından ibarət yaradılan “Hüseyniyyun” terror qruplaşması belə nümunələrdəndir. Bu baxımdan, azərbaycanlı qızların təhsil adı ilə İrana dəvət edilməsinin onları öz maraqlarının alətinə çevirmək məqsədi daşıdığı sirr deyil.
Azərbaycan xalqı ayıq olmalı, İrandan edilən belə çağırışlara aldanmamalıdır. İranlı nazir Simayi Sərraf da yaxşı olar ki, Azərbaycana dil uzatmaq əvəzinə ölkəsindəki 40 milyon azərbaycanlının, eləcə də hicab məcburiyyətinə etiraz edən qızların təhsil hüququnun pozulmasından, şallaqlanmasından, öldürülməsindən danışsın. Danışa bilmirsə, sussun.
Azərbaycanın daxili işlərinə nəinki İran, heç bir ölkə qarışa bilməz. Əgər İran buna cəhd edirsə, o zaman Azərbaycan da bu ölkədə hicab məcburiyyətindən azad olmaq istəyən, buna görə məktəblərə, universitetlərə buraxılmayan qızları təhsil almaq üçün dəvət edə bilər.