Azərbaycan hökuməti
staqnasiya meyillərindən özünü qorumaqdan ötrü lazımı tədbirləri
görməkdə davam edəcək.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12
oktyabr iclasındakı nitqini şərh edərkən politoloq Tofiq Abbasov
deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ermənistanın
Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə özəlliklə bir daha
toxunması Qarabağın azad olunmasının gündəlikdə əsas strateji
məsələ olduğunu göstərir:
"Bu, o anlama gəlir ki, Qarabağ məsələsi həllini tapmayana qədər
Azərbaycan hərbi potensialını gücləndirməkdə addımlar atmaqda davam
edəcək. Buna görə də hərbi sənayenin, müdafiə gücünün, hücum
vasitələrinin günün tələblərinə cavab verməsi yolunda müvafiq büdcə
xərcləri artacaq. Prezident bir daha yada saldı ki, əgər
ermənilərin Azərbaycana qarşı təcavüzü olmasaydı, hərbi xərclərin
bir qismi sosial-iqtiasadi sahəyə yönəldiləcəkdi. Bu, çox önəmli
bir ismarıcdır. Lakin hələlik ordu quruculuğuna hesablanmış
vəsaitlər davamlı şəkildə təyinatı ilə xərclənməlidir ki, düşmənin
gündəlik təxribatları adekvat cavabını alsın və son mərhələdə
Azərbaycanın işğal altında olan əraziləri azad edilsin".
Politoloq hesab edir ki, son müşavirə sosial yönümlü
iqtisadiyyatın bir nömrəli sahələrində xüsusi rejimin olması
vacibliyini ortaya qoydu:
"Bununla yanaşı dövlət başçısı iqtisadi, sosial, fiskal sahədə
olan vəziyyətlə bağlı aktual problemlərə toxunmaqla bildirdi ki,
müvafiq orqanlar tərəfindən aparılan monitorinqlər, vətəndaşların
narazılıqları islahatların ünvanlı şəkildə aparılmasını tələb edir
ki, zəif nöqtələr aradan götürülsün. Sosialyönlü iqtisadiyyatın bir
nömrəli hədəfi istehsal, istehlak və təminat məsələlərində xüsusi
rejimin olmasını tələb edir və yerlərdə cavabdehlik daşıyan
orqanlar problemli vəziyyət yaranana qədər lazımı tədbirlər
görməlidirlər ki, gərginlik yaranmasın".
Politoloq bildirib ki, ölkə başçısı iclasda daha iki mühüm mesaj
verdi:
"Prezident qlobal vəziyyətə toxunaraq diqqəti dünyada hökm sürən
iqtisadi böhranla bağlı bildirdi ki, Azərbaycan staqnasiya
meyillərindən özünü qorumaqdan ötrü lazımi tədbirləri görməkdə
davam edəcək. İlk növbədə aztəminatlı təbəqəyə aid ailələrdə sosial
sıxıntıların minimuma endirilməsi gündəmdə olacaq. İkincisi isə
infliyasiya, istehsalat indeksinin enməsi, işsizliyin artması kimi
dünyada geniş yayılmış problemlərin Azərbaycan reallığında
zərərsizləşirilməsi istiqamətində göstərilən səylər vəziyyəti
qənaətbəxş saxlamağa imkan verəcək".
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı
yekun çıxışında rüşvətxorluq, korrupsiyaya qarşı ciddi addımlar
atılması gərəkdiyini vurğulamışdı. Bundan əlavə, prezident ölkədə
müəyyən strukturların bir-birini təkrarladığını və ona görə də
ciddi islahatlara ehtiyac yarandığını bildirmişdi.