ABŞ-Rusiya münaqişəsi
səngimək bilmir, əksinə getdikcə gərginləşir. Hətta 2016-cı ildə
yeni qarşıdurmaların və yeni sanksiyaların olacağı da istisna
edilmir.
Nəhənglərin toqquşması isə dünya düzəninə yaxşı heç nə vəd
etmir. Bu, Yer qabığında iki nəhəng plitənin toqquşmasına bənzəyir
- ən azı, zəlzələlər olacaq, sunamilər yaradacaq, dalğası hər yerə
yayılacaq. Böyüklər silkələnsə də, yerində qalacaq, zəiflər və
kiçiklər isə ayaq altında qalıb məhv olacaq.
Düşünürəm ki, səbəblər hamıya aydındır. Yeni əsrdə güclənməkdə
olan Rusiya SSRİ-nin varisi olduğunu sübut etməyə, keçmiş SSRİ-nin
ərazilərinə və təsir dairələrinə iddia etməyə başlamışdı. Bu da
təkqütblü dünyanın sonu deməkdir. Dünyada isə artıq alınan alınıb,
satılan satılıb, ABŞ və Avropa Birliyi (oxu: Qərb) dünyanı yenidən
bölüşmək istəmir. Rusiya da geri çəkilmir, "qaz müşaribəsi"nə start
verir, enerji silahından məharətlə istifadə edir, bütün Avropanı
qazla şantaj edir. Yəni gah qazın qiymətini qaldırır, gah miqdarını
aşağı salır, gah da alternativ yollarını bağlayır. Qərbdə isə
gözləyirdilər - Rusiya dünyanın ən böyük neft-qaz istehsalçısı
olmaqla bərabər, ən böyük bazarlarından biridir. İkisini birdən
itirmək isə Qərbə sərf etmirdi, onlar tarixən yaxşı siyasətçi
olmaqla bərabər, həm də yaxşı iqtisadçıdırlar. Onlar səbrlə
gözləyirdilər, hətta Rusiyanın Çeçenistanı, Gürcüstanı viran
etdiyini "görmürdülər".
Amma Rusiyanın Ukraynaya müdaxiləsi, Krımı işğal etməsi ilə hər
şey dəyişdi, Oərb-Rusiya münaqişəsi siyasi müstəvidən iqtisadi
müstəviyə keçdi. Ukrayna Gürcüstan deyil, artıq Avropadır,
Avropanın maraq dairəsindədir. ABŞ başda olmaqla, bütün Qərb
dünyası hərəkətə gəldi və Rusiyaya qarşı "iqtisadi sanksiyalar" adı
altında maliyyə müharibəsi elan edildi. 2008-ci ildə Rusiyanın
Gürgüstana təcavüz etməsi ilə nəzəri, 2013-cü ildə Krımı işğal
etməsi ilə praktiki olaraq başlayan ABŞ-Rusiya qarşıdurması artıq
pik nöqtəsindədir, bütün körpülər yandırılıb, geriyə yol yoxdur.
Doğrudur, Qərb Ukraynaya real dəstək yox, yalnız söz verir, amma
Rusiyaya qarşı real sanksiyalar tətbiq edir. Nəticədə, Rusiya
iqtisadiyyatı (ən azı, nefti-qazı var, narıncı inqilablar görməyib)
Ukraynadan güclü olsa da, Ukrayna ilə paralel çökür. Qərb bu
məsələdə əməlli-başlı tər tökür, taktiki ziyanlarını strateji
xeyrinə qurban verir. Neftin barreli artıq Rusiya üçün 40 dollarlıq
kritik həddədir, Qərb isə stateji məqsədlərinə dirənib, heç biri
geri çəkiləmək niyyətində deyil. İldə 500 milyon ton neft satan
Rusiya bu böhrandan ildə 150 milyard dollardan çox pul itirir, bu
isə az qala, ölkə büdcəsinin üçdə biri deməkdir.
ABŞ prezidenti artıq Rusiyaya qarşı yeni, daha ağır
sanksiyaların tətbiqinə qərar verib. Rusiya lideri isə ölkə
iqtisadiyyatının daha ağır tənəzzül qarşısında olduğunu etiraf
edib. Proqnozlar daha bədbindir, neftin qiyməti dünya iqtisadiyyatı
üçün kritik həddə - 20 dollara düşə bilər.
Artıq dünyanın bir sıra sıra siyasi tədqiqat mərkəzi, beynəlxalq
səviyyəli aparıcı mütəxəssislər neftin qiymətinin düşməsinin
iqtisadi səbəblərdən çox, siyasi amillərə söykəndiyini etiraf edir.
Yəni bir az cəsarətli olsaq, hər şeyi öz adı ilə çağırsaq, bu
proses idarə olunandır və faktiki olaraq ABŞ-ın Avropa Birliyinin
(AB) dəstəyi ilə Rusiyaya qarşı tətbiq etdyi iqtisadi sanksiyaların
davamıdır. Nə olmuşdur, nə baş verir?
Məlum olduğu kimi, yaxın keçmişdə neftin qiymətini OPEK adlı
beynəlxalq neft qurumu iqtisadi rıçaqlarla tənzim edirdi, qiymətlər
düşəndə hasilatı salır, qiymətlər qalxanda qaldırırdı. Hazırda isə
qiymətlərinin düşməsi iqtisadi səbəblərdən çox siyasi amillərə
söykəndiyindən prosesi iqtisadi rıçaqlarla tənzimləmək mümkün
deyil. Ekspertlər siyasi amillərin sırasında ilk növbədə ABŞ-ın
neft hasilatını kəskin artırdığını göstərirlər. Statistika da bunu
deyir: ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon
barrelə qaldırılıb və bu ilin sonuna kimi 13 milyon barrelə
(müttəfiqlərinin dəstəyi ilə!) çatdırılacaq. OPEK ölkələri də
hasilatı azaltmayıb, burada da artım müşahidə olunur. Bunun
nəticəsində bazarda tələb təklifi üstələyir və neftin kəskin
ucuzlaşması davam edir.
Göründüyü kimi, ilk baxışdan Rusiyaya qarşı ABŞ-OPEK tandeminin
yarandığını güman etmək olar. Amma OPEK-in tərkibinə nəzər salsaq,
bu tandemin mümkünlüyünə şübhə yaranır. Hazırda OPEK-in tərkibinə
12 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı,
Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair,
Nigeriya, Ekvador və Anqola. Bu ölkələrdən ən azı ikisi - İran və
Venesuela Rusiyanın yaxın dostu, ABŞ-ın qatı düşmənidir və onların
axırıncı ilə işbirliyinə getməsi, ən azı, hazırkı maraqlar
çərçivəsində mümkün deyildir. Venesuela və İran həm də təsdiq
olunmuş neft ehtiyatlarına görə, müvafiq olaraq, dünyanın 1-ci və
3-cü ölkələridir. OPEK-də də, bütün beynəlxalq təşkilatlarda olduğu
kimi, qərarlar adi səs çoxluğu (azlığın hüquqlarının pozulması) ilə
deyil, ümumi razılıqla (konsensus) qəbul olunur. OPEK ölkələrinin
yarıdan çoxunun (İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri və s.) Rusiya ilə sıx ticari və siyasi əlaqələrinin
olduğunu da nəzərə alsaq, bu tandemin mümkünsüzlüyünə tam əmin
olarıq. Eyni zamanda, OPEK ölkələrinin strategiyası budur ki,
ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını
qorumalıdır. Yəni, müqəddəs yer boş qalmır, sən bazardan çıxsan,
yerini rəqibin tutacaq.
Daha sonra: neftin iki dəfədən çox, təxminən 60%-lik ucuzlaşması
və bu ucuzlaşmanın davamlı olması yalnız nefti hasil edən ölkələrin
deyil, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir
edir. Yəni, cin artıq şüşədən çıxıb, artıq OPEK ölkələri istəsələr
də, iqtisadi tənəzzül təhlükəsi qarşısında neft hasilatını azalda
bilməzlər.
Beləliklə, OPEK ölkələrinin, hətta Səudiyyə Ərəbistanı və Küveyt
kimi ABŞ-ın yaxın müttəfiqlərinin hazırkı maraqlar və təhlükələr
çərçivəsində neftin ucuzlaşmasında maraqlı olacağı, Rusiyaya qarşı
ittifaqa qatılacağı real görünmür. ABŞ-ın meydanda tək qaldığı,
neftin qiymətlərini tək ucuzlaşdırdığı da real görünmür. Əvvəla,
ABŞ-ın böyük karbohidrogen ehtiyatları, analoji ehtiyatlarla zəngin
Kanada, Meksika kimi yaxın qonşuları, müttəfiqləri var. İkinci, AB
ölkələrindən Böyük Britaniya və Norveç böyük neft ehtiyatlarına
malikdir, bunların da birincisi ABŞ-ın strateji müttəfiqi, ikincisi
isə NATO-nun üzvüdür. Eyni zamanda, bu ölkələrin inkişaf etmiş
iqtisadiyyatı neft faktorundan birbaşa asılı deyil və böhrana
davamlıdır. Deməli, ABŞ-ın Rusiyaya qarşı ittifaq yaratmağa, nefti
ucuzlaşdırmağa və bu prosesi Rusiya iqtisadiyyatı iflas olana
(artıq iflic olub!) qədər uzatmağa kifayət qədər imkanları və
müttəfiqləri var. Bir sözlə, vəziyyət məlum Yuqoslaviya, İraq
hadisələrində olduğu kimidir, ABŞ BMT TŞ (oxu: OPEK) ilə
razılaşdırmamış, NATO (oxu: AB) ilə birlikdə istədiyi ölkəni,
istədiyi vaxt bombalaya bilir. Amma bu dəfə, deyəsən, daş qayaya
rast gəlir...
Bütün dəyənəklərin, məlum olduğu kimi, iki başı olur. Axı, Rusya
Yuqoslaviya, İraq deyil, beynəlxalq oyunçudur, BMT TŞ-nin daimi
üzvüdür, dünyanı sarsıdan nüvə silahı, dünya əhəmiyyətli enerji
ehtiyatları var, böyük bazardır. Deməli, Rusiya iqtisadiyyatının
çökməsi dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Bu
yaxınlarda baş verən, "avtoşokları" hələ davam edən ümumdünya
maliyyə böhranından sarsılan, hələ ayağa durmağa macal tapmayan
dünya iqtisadiyyatı bu zərbəyə davam gətirəcəkmi?! Axı, Böyük
Britaniyanın, Norveçin enerji resursları Avropanın həndəsi silsilə
ilə artan iqtisadiyyatını, sosial sferasını (AB ölkələrində AES-lər
fəfliyyət göstərsə də!) təmin etmək iqtidarında deyil. ABŞ-ın
Avropaya aid məlum enerji planları (Amerika qazının sıxılmış
şəkildə gəmilərlə Avropaya çatdırılması) isə ən yaxşı halda 5-10
ilə həyata keçirilə bilər. Deməli, ümid yenə nəhəng enerji
resursları olan Rusiya və İrana qalır, bunların da hər ikisinə
sanksiyalar tətbiq edilir. Hələ üstəlik, ikincinin nəql kəmərləri
yetərincə deyil, imkanları müasir tələblərə cavab vermir. Sözdə
yerlə-göylə əlləşən İran işdə hətta benzini tam istehsal edə
bilmir, ixrac etdiyi xam neftin hesabına yarısını yaxın xaricdən
idxal edir. Deməli, Qərbin "ipi nə qədər uzun olsa da", yenə də
Rusiyadan keçir. Rusiya Prezidenti Putin də bunu bilir və səbrlə
gözləyir. Amma xalq gözləyə biləcəkmi, gözləmək istəyəcəkmi?!
Xalqdan söz düşmüşkən, bu məsələdə yenə də Qərbin sərt, hətta
boz üzü görünür. Məlum olduğu kimi, Qərb həmişə insan haqlarından
danışır. Hər addımda insan haqlarının "Bibliya"dan müqəddəs
olduğunu vurğulayır. Amma söhbət öz maraqlarından düşəndə, öz
məqsədlərinə çatmaq üçün nəinki insan haqlarını, hətta insan
həyatını qurban verir. Axı, Rusiya, İran yalnız prezidentdən və
dini liderdən ibarət deyil, söhbət yüz millətdən ibarət iki yüz
milyon insandan gedir. Qərbin, onun arxasında duran ABŞ-ın
sanksiyaları da Rusiya, İran dövlətinə, liderlərinə yox, birbaşa
Rusiya, İran xalqlarına yönəlib. İqtisadi sanksiyaların tətbiq
olunması, neftin iki dəfə ucuzlaşması nəticəsində xalq iki dəfə
kasıblaşıb, varından-yoxundan çıxıb. 2001-ci ilin sentyabrında Nyu
Yorkda Əl Qaidə adlı mifik terror təşkilatının mifik başçısı Üsamə
bin Ladenin rəhbərliyi ilə həyata keçirildiyi iddia olunan (artıq
sübut olunub ki, bu hadisəni təşkilat səviyyəsində törətmək mümkün
deyildi!) məşhur terror hadisəsində bir neçə min amerikalı həlak
olmuşdu. ABŞ hökuməti, faktiki olaraq, dünyanın yarısına müharibə
elan etdi, o biri yarsını bu müharibəyə cəlb etdi. İraq, Əfqanıstan
kimi müsəlman ölkələri, faktiki olaraq, dağıdıldı, yerində orta əsr
xarabalıqları qaldı, bu ocaqlar indi də tüstülənməkdədir. Yüz
minlərlə insan həlak oldu, didərgin düşdü, şikəst oldu, bu qətliam
indi də müsəlman ölkələrində "Ərəb baharı" şərti adı altında davam
etməkdədir.
Amma Rusiya və İran ABŞ-ın qarşısından çəkilmir, şiddətli
sanksiyalar şəraitində eyni şiddətli müqavimət göstərir. İİR hətta
Qərblə məlum müharibə təhlükəsi qarşısında nüvə tədqiqatlarını
dayandırmayacağını elan edir. RF isə nəinki Krımın məxməri işğalını
rəsmiləşdirib, hətta Suriyanın rəsmi müraciətindən sonra bu ölkəyə
öz hava qüvvələrini göndərib. Əsas məqsəd şübhəsiz ki, Yaxın Şərqdə
söz sahibi olmaq, Fars körfəzinə (oxu: Neft körfəzinə) əl çatmasa
da, İraq neftinə nəzarəti ələ almaqdır. İraqın və Rusiyanın təsdiq
olunmuş neft ehtiyatlarına görə ilk onluğa daxil olduğunu nəzəzrə
alsaq, bu, həm də neftin qiymətlərinə təsir imkanı deməkdir. Burda
Qərbin tarixən yaxşı siyasətçi olmaqla bərabər, həm də yaxşı
iqtisadçı olmasını bir daha qeyd etmək lazım gəlir.
Rusiya–İran–İraq üçlüyü dünya neftinin üçdən birinə nəzarət demək
idi və Qərb məhz bu nəzarətin qarşısını almaq üçün bu ittifaqı
dağıtdı, İrana qarşı iqtisadi sanksiyaları aradan qaldırdı. Artıq
iqtisadi sanksiyaların məngənəsindən xilas olan İran istəsə də
Rusiyanın tərəfində qala bilməyəcək, bazara girməklə neftin
qiymətini ucuzlaşdırmaqda maraqlı olan Qərbin dəyirmanına su
tökəcək.
Rusiya isə öz işindədir, sözdə Suriyada İŞİD-in möqelərinə zərbə
endirir, işdə isə Prezident Bəşər Əsədə müxalif olan bütün
qüvvələri məhv edir. Bura ilk növbədə ABŞ-ın dəstəklədiyi hərbi
müxalifət, sonra İŞİD, daha sonra isə məramı və milliyyəti məlum
olmayan, bulanıq suda balıq tutan digər silahlı dəstələr daxildir.
Artıq aylardır ki, Qərbin hərbi təyyarələri də Suriya səmasında
atəşfəşanlıq edir. Bir sözlə, Suriyada, faktiki olaraq, ABŞ-Rusiya
müharibəsi gedir, Rusiya Bəşər Əsədin, ABŞ isə silahlı müxalifətin
tərəfində (hələlik hərbi hava qüvvələri ilə) döyüşür. Nəticə də göz
önündədir, dünən çiçəklənən müsəlman ölkəsi bu gün rəzil gündədir,
Suriya artıq ikinci Əfqanıstan, İraq mislindədir.
Burda bir məsələni də qeyd etmək lazımdır. Regionda öz
dövlətlərini yaratmaq istəyən və bu məsələdə Rusiyadan dəstək görən
(tərəflər artıq bunu gizlətmirlər!) Suriya və İraq kürdləri də
İŞİD-ə qarşı döyüşür. "Düşmənimin düşməni mənim dostumdur"
prinsipindən yanaşsaq, Rusiyanın Suriyaya girməsi ilə kürdlərin də
əli-ayağı açılıb. Kürdlər isə məlum olduğu kimi, Türkiyəyə qarşı
ərazi iddiasında və PKK timsalında silahlı münaqişədədirlər.
Deməli, Rusiya–Türkiyə münaqişəsi də gündəmdədir. Şübhəsiz ki, bu,
həm də "ilanı Seyid Əhmədin əli ilə tutan" Qərbin
gündəliyindədir.
Beləliklə, planetar miqyaslı fırtınalar coşduqca, Qərb Rusiyanı
divara sıxdıqca, regionda, Avropada, hətta bütün dünyada vəziyyət
gərginləşir. Təcrübə göstərir ki, hətta dovşanı divara dirəyəndə
cırmaqlayır, dişləyir. Qərb isə Prezident Putinin də qeyd etdiyi
kimi, ayının diri-diri dərisini soymaq istəyir. Bəs ayı
neyləməlidirr? Təbii ki, qarşısına çıxanı dişləməli, didməlidir.
Təhlükəni hiss edirsinizmi?! Bəli, dünyadan barıt iyi gəlir…
Məşhur atalar misalında isə deyilir ki, qonşuda bişər, bizə də
pay düşər. Pay artıq düşür, neftin qiymətlərinin 60 faiz
ucuzlaşması Azərbaycan manatının da 30 faiz ucuzlaşmasına, dövlət
büdcəsinin 30 faiz ixtisarına gətirib çıxardı. Rusiya–Türkiyə
münaqişəsi baş verərsə, bundan da Azrbaycana pay düşməsi ehtimalı
böyükdür. Ən azı, strateji əməkdaşla doğma qardaş arasında seçim
qarşısında qala bilərik. Obrazdı desək, hazırda beynəlxalq maliyyə
böhranının silkələdiyi, planetar miqyaslı qarşıdurmaların titrədiyi
dünya fırtınalı bir dənizə bənzəyir. Azərbaycan da bu fırtınalı
dənizdə sualtı qayaların arası ilə üzən yelkənli gəmi mislindədir.
Yaxşı ki, İlham Əliyev kimi müdrik kapitanımız, dünya səviyyəli
mahir diplomatımız var. Rusiya və İranla strateji əməkdaşlıq,
Türkiyə ilə qardaşlıq münasibətləri qurur, Dağlıq Qarabağ
məsələsində, bütün təhdidlərə baxmayaraq, bir addım da geri
çəkilmir.
Respublikamızda ictimai-siyasi sabitlik, vətəndaşlarımızda
gələcəyə inam möhkəmlənir. İnam və ümid olan yerdə isə xeyir və
bərəkət olur…