Bunlar hamısı erməni ordusunun təxribatıdır
"Sabah Azərbaycan və Ermənistan Xarici İşlər
nazirlərinin Parisdə görüşü baş tutacaq. Son günlər Azərbaycan
tərəfi haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədirlərinin
fəaliyyətindən narazılıq bildirirlər. Ona görə də bizdə olan
məlumata görə, Rusiya tərəfi ilə Amerika tərəfinin qarşılıqlı
razılığı əsasında cəbhə bölgəsində qəsdən belə gərginlik yaşanır.
Onu da deyim ki, bu, lokal xarakterli toqquşmalardır və heç bir
gərginlik olmayacaq. Atışmalar əvvəllər var idi, indi də var, amma
bunun hansısa irimiqyaslı döyüş əməliyyatlarına keçməyi istisna
olunur".
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son günlər
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan
gərginliyə münasibət bildirərkən "Axar.az"a dedi.
Düşmənin növbəti yalanı
Üzeyir Cəfərovun sözlərinə görə, bu, iki həftədən sonra baş
tutması gözlənilən İlham Əliyevlə Serj Sarkisyan görüşü ərəfəsində
süni yaradılan gərginlikdir:
- Yanvarın 20-də ermənilərin yaydığı məlumatda guya bizim 30
nəfərdən ibarət diversiya qrupumuz o tərəfə keçib və ermənilər 9
nəfərlə 30 nəfərin cavabını veriblər. Onların üyütdükləri yalan ki
var, - guya bizim tərəf orda bir neçə cəsəd saxlayıb və geri
çəkilib, - o məlumat öz təsdiqini tapmayıb. Orda daxili çəkişmələr
nəticəsində bir erməni hərbçisi həlak olmuşdu. Ermənilər bu ölümdən
diqqəti yayındırmaq üçün dövriyyəyə belə məlumat buraxıblar ki,
guya Azərbaycan tərəfinin göndərdiyi diversiya qrupunun həmlələrini
dəf edərkən erməni əsgəri ölüb. Dünən də Azərbaycan Müdafiə
Nazirliyi bir açıqlama verdi".
Ermənilərin təxribatına uymamalıyıq
Hərbi ekspert onu da vurğulayır ki, son günlər tərəflər arasında
əsəb müharibəsi gedir:
- Tovuz istiqamətində əməliyyatların aparılması, Azərbaycan
Ordusunun Ermənistan ərazisinə girməsi xəbərləri dolaşır. Elə
şeylər yoxdur. Yenə deyirəm, bu dezinformasiyalara biz uymamalıyıq.
Çünki ordumuz Ermənistan ərazisində hər hansı bir əməliyyat
keçirirsə, buna Rusiya müdaxilə edəcək. Çünki biz bu əməliyyatı öz
işğal altında olan ərazilərimizdə həyata keçirmirik. Odur ki,
ehtiyatlı olub, belə təxribatlara uymamalıyıq.