Sabirabadda “Səma” şadlıq evindən yayılan görüntülər sosial şəbəkəni başına alıb. Toy sahibləri restorandakı işçilərin yeməkləri gizlətmələrindən “dəhşətə” gəldiklərini hay-küylə, söyüş və təhqirlərlə təqdim edirlər; “suç” üstə, “oğurluq” başında yaxaladıqları insanları rüsvay etməkdən zövq alırlar, onların ləyaqətini aşağılayırlar.
Videoya diqqətlə baxıram: bir neçə qab plov və plovüstü, 3 şiş kabab, kolbasa dilimləri, süfrədən qayıdan tikələr...
Bişməyən, çiy halda şaqqa, yarımşaqqa deyil, bircə kilo da ət yoxdur – hamısı süfrədən qayıdan və yaxud cəmi 3 şişdə qalanlar;
Dilimlənməyən, bütöv halda bircə ədəd də kolbasa yoxdur – hamısı dilimlənmiş, doğranmış, böyük ehtimalla süfrədən qayıdanlar;
Bircə kilo “oğurluq” düyü yoxdur – hamısı bişmiş, hazır, bəlkə də süfrədən qayıdan, bəlkə də süfrəyə göndərilərkən üstündən götürülən bir neçə boşqab aş...
Bəlkə orda işləyən və kamerada ötəri görünən, günü cəmi 5 manata qab yumağa razılaşan o qadın axşam balalarına, nəvələrinə yemək hazırlaya bilmədiyi üçün 1-2 qab aş, 1-2 tikə kabab götürüb?
Bəlkə orda bütün günü ayaq üstə xidmət edən sərpayılar/ofisiantların ağızlarına bir loxma salmağa vaxtları olmayıb - 3 şiş kababı götürüblər ki, gecə hamı gedəndən sonra özlərinə bir süfrə açıb, yeyib-içsinlər?
Bəlkə orda bütün günü 10 manata kababçılıq edənin evdə balası kabab istəyirmiş, o da süfrədən qayıdan kabablardan iki tikəni torbaya qoyub ki, aparsın?
Bəlkə o qadın o doğranmış kolbasadan bir neçə tikə götürüb ki, qonşusuna versin?
...Sellofanlar açılır, onlardan döşəməyə yığılan tikələrin üstünə bir neçə kolbasa dilimi düşür - bir neçə dilim!!!
Toy sahiblərinin bütün “oğurlananları” döşəməyə tökməsindən görünür ki, bunlardan istifadə etmək niyyətində deyillər. Bəs, niyə o yazıqların əlindən 3-4 dilim kolbasanı, bir boşqab aşı, 2 tikə kababı alırsan?
Ortalıqda çox görünə bilər – ancaq kababçı, qab yuyan, gözətçi, qapıçı, sərpayıları toplayanda, o qabaqdan qayıdan yeməklərin onların gecə yeməyinə zorla çatacağını təxmin etmək çətin deyil.
Toy yalnız nəmər salanlara yemək vermək deməkdir?
Toy anlayışından xəbəriniz varmı?
Toy – böyük mərasimdir və həm də acların qarnını doyurmaqdır, şad günündə acların duasını almaqdır, səxavətini nümayiş etdirməkdir, bəylikdir, ərənlikdir, xoşgörüdür, Allahın rizasını qazanmaqdır...
Siz nə edirsiniz?
- 3 dilim kolbasanı yaşlı adamın az qala qoynundan çıxarıb, onu “ifşa” edirsiniz!
- 3 şiş lüləni nümayişkaranə qaldırıb, hamının gözünə soxursunuz!
- 3 boşqab plovun oğurlandığından “dəhşətə” gəlirsiniz...
Bu azmış kimi, bir dəstə göyərtini qaldırıb, “utanmırsınız, bu nədir ki, bunu oğurlayırsınız” deyə bağırırsınız!
Bəs, ölüb yerə girirsən sən? Bir dəstə göyərtini sellofana atıb, evinə aparmaq istəyənin necə bir ağır durumda olduğunu dərk etmirsən?
Siz toyun nə olduğunu bilməyən, toy etməyi bacarmayan zavallılarsınız.
Bu “dəhşətə gəlməyiniz” yalnız və yalnız Dədə Ələsgərin məşhur şeirini xatırladır:
“Toy eyləyən taqqapapaq qurumsaq...”
Yazılası şeir deyil, bilənlər bilir...