Ana səhifə Gündəm |
11:38
15 iyunda “Laçın” postunda, Həkəri çayının üzərində Azərbaycan bayraq dirəyinin rus sülhməramlılar tərəfindən aşırılmasını əks etdirən görüntülərin qismən tam versiyası yayılıb.
Axar.az xəbər verir ki, videoda ilk insidentdən – erməni silahlıların DSX hərbçilərini atəşə tutması və bir hərbçimizin yaralanmasına səbəb olan təxribatından sonrakı ilk dəqiqələrin əks olunduğu ehtimal edilir. Hadisə yerinə gələn rus sülhməramlılardan bəziləri əvvəlcə bayrağımızın ucaldılmasına mane olmağa çalışır, ancaq müqavimətləri nəticə vermir. Bayrağımız asılanda isə ermənilərin növbəti təxribatı – atəş açmaları görünür.
Bundan sonra rus sülhməramlılar bayraq dirəyini götürürlər. Azərbaycanlı sərhədçilərin müdaxiləsindən və aparılan danışıq, müzakirə və mübahisələrin nəticəsi olaraq bayrağımız yenidən qaldırılır.
Bu dəfə - saat 12:00 radələrində erməni snayperlər aktivləşir: əvvəlcə bayrağımızı güllə ilə deşirlər, sonra isə dirəyə bərkidilən iplərini qırmağa nail olurlar.
Bu isə o deməkdir ki, ermənilər 15 iyunda iki deyil, 3 təxribata imza atıblar.
Xatırlayaq ki, həmin gün Azərbaycan Ordusunun iki erməni snayperi məhv etdiyi haqda məlumat yayılmışdı.
Bayrağımızın yenidən həmin ərazidə qaldırılıb-qaldırılmadığı barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan öncə də videonu ermənilər yaymış, rus sülhməramlıların müşayiəti ilə Azərbaycan bayrağının qaldırıldığını göstərmişdilər. Erməni ekspertlər isə rus sülhməramlıların Azərbaycan bayrağının asılmasına dəstək göstərməsinə qarşı kəskin çıxışlar etmiş, Rusiyanı ittihamlamışdılar.
Nədənsə, aradan 20 gündən də çox zaman keçəndən sonra hadisələr haqda fərqli rəy yaradacaq yeni videonu da ermənilər yayası olur. Buna görə də burada da montaj olduğu, infortəxribat məqsədi daşıdığı istisna edilmir.
Video ilə bağlı DSX-yə müraciət edilib.
Tarix
2023.07.07 / 15:00
|
Müəllif
Axar.az
|