Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda
səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Axar.az parlamentin rəsmi saytına istinadən xəbər verir ki,
spiker bildirib ki, bu cür görüşlər ölkələr arasında ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin, parlamentlərarası
əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət edir.
O qeyd edib ki, Azərbaycan Əfqanıstanla əlaqələrin bugünkü
səviyyəsindən məmnundur: "Heç şübhəsiz, Əfqanıstan nümayəndə
heyətinin bu səfəri əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni
imkanlar açacaq. Əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə
yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri
mühüm rol oynayır. Gələcəkdə imzalanacaq sənədlər
münasibətlərimizin daha da dərinləşməsi üçün geniş imkanlar
yaradacaq".
Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası
əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. O. Əsədov qeyd edib
ki, yeni seçilmiş Milli Məclisdə Əfqanıstan parlamenti ilə dostluq
qrupu formalaşdıqdan sonra parlamentlər səviyyəsindəki əlaqələrimiz
daha intensiv xarakter alacaq. Spiker
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz xəttinin çəkilişi
ilə bağlı razılığın əldə olunmasını yüksək dəyərləndirib:
"Azərbaycan Əfqanıstana tranzit yüklərin daşınmasında əhəmiyyətli
rol oynayır. Ölkəmiz Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi
neft və qaz layihələrinin reallaşmasına nail olub və
Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişində fəal iştirak edir.
Gələcəkdə reallaşacaq TAP və TANAP kimi qaz layihələri isə
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi yeni mühüm
töhfə olacaq".
Sədr iqtisadi sahədə əlaqələrimizi dərinləşdirmək üçün mövcud
olan imkanlardan söz açaraq, Əfqanıstanda ildə 500 ton xam neft
emal edən zavodun inşasında azərbaycanlı iş adamlarının iştirakını
təqdir edib. Spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq
Qarabağ münaqişəsinin həllində Əfqanıstanın ölkəmizin ərazi
bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edərək, əfqan
xalqına sülh və əmin-amanlıq arzulayıb.
Məhəmməd Əşrəf Qani isə müstəqillik illərində Azərbaycanın əldə
etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Siyasi və təhlükəsizlik
sahələrində əməkdaşlığımızı təqdir edən qonaq iqtisadi sahədə də
uğurlar qazanmaq üçün geniş imkanlar olduğunu bildirib. O,
Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətinə görə
Azərbaycan tərəfinə öz təşəkkürünü çatdırıb. Qonaq əməkdaşlığın
daha da dərinləşməsində parlamentlərin roluna diqqət çəkərək,
nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini və deputatlarımızın
nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyətini əhəmiyyətli
hesab edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa
Mirzəyev, Milli Məclisin komitə sədri Səməd Seyidov, deputat Mahir
Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.