Qorbaçova və onun başcılıq etdiyi ölkəyə tarixin özü
hökm oxuyub.
Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə danışıb. O,
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bir çox cinayətlərə
imza atan Qorbaçovun hələ də beynəlxalq axtarışa verilməməsini çox
böyük səhv adlandırıb:
"Qarbaçov kimiləri öz cinayət addımları ilə əslində SSRİ-nin
varisi olan Rusiyanın cinayət məcəlləsini pozublar. Təəssüfər olsun
ki, Qorbaçov nəinki heç bir məsuliyətə cəlb olunmayıb, o hətta
Nobel sülh mükafatına da layiq görülüb. Bu, həmin nüfuzlu mükafat
üçün çox böyük bir ləkədir. Dünyada hökm sürən ikili standartlar bu
məsələdə də qabarıq şəkildə öz əksini tapıb. Qorbaçova və onun
başcılıq etdiyi ölkəyə tarixin özü höküm oxuyub. O, nəinki
Azərbaycanda, həm də Tiflis, Riqa, Vilnüs, Alma Atada da bir çox
cinayətlər törədib. Onun hələ də beynəlxalq axtarışa verilməməsi
çox böyük siyasi səhvdir. Əlbəttə, Qorbaçovun məsuliyyətə cəlb
olunması çətin məsələdir. Buna ilk növbədə Qərb imkan verməz.
Hazırda isə Qərbdə çox güclü himayədərları olan Qorbaçova qarşı
beynəlxalq axtarış elan olunmamasının arxasında çox güclü siyasi
məqamlar dayanır".
Qeyd edək ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci
maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Yanvarın 19-dan
20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı
dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Sovet ordusunun
qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın
rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər
qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif
şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Hərbi qulluqçular
tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım
maşınları məhv edilib, yandırıcı güllələrin törətdiyi yanğınlar
nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak sıradan
çıxıb.