Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik
Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci
ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi
keçirilib.
Axar.az Daxili İşlər
Nazirliyinin saytına istinadən xəbər verir ki, müşavirəni açan
nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə davamlı surətdə aparılan
genişmiqyaslı islahatlar, ictimai münasibətləri tənzimləyən
mexanizmlərin təkmilləşdirilməsi ötən hesabat ilində bütövlükdə
cinayətkarlıqla mübarizəyə, o cümlədən paytaxt polisinin
fəaliyyətinə də öz müsbət təsirini göstərib. Belə ki, həyata
keçirilən məqsədönlü tədbirlər nəticəsində əvvəlki illərdə olduğu
kimi, keçən il respublikamızın paytaxtında sabitlik, əmin-amanlıq,
insan və vətəndaş hüquq və azadlıqları etibarlı şəkildə qorunub. Bu
isə öz növbəsində, ümumilikdə ölkəmizdəki mövcud əlverişli
kriminogen durumu, cinayətkarlıqla uğurlu mübarizəni şərtləndirən
həlledici amillərdən biri olub.
Daha sonra müşavirənin gündəliyi elan olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru
Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai
qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər
sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr
barədə geniş məruzə ilə çıxış edib.
M.Seyidov bildirib ki, ötən il bütövlükdə inzibati xətaların
profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması
sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və
inspektorları tərəfindən 55.835 protokol tərtib olunub, 627
münaqişəli ailə profilaktiki uçota götürülüb.
Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən
edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan
mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də
diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub.
Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə
62.625 nəfərə şəxsiyyət vəsiqəsi verilib.
Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və
şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə
saxlanılıb. Baş Polis İdarəsinə 17.926 ərizə və müraciət daxil
olub, 2.238 vətəndaş qəbul edilib. Müraciətlərin 1.744-ü nazirliyin
və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə
saxlanılıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi
tədbirlərdə, xüsusən ilk Avropa Oyunları dövründə və Milli Məclisə
seçkilərlə bağlı asayişin mühafizəsi üzrə bütün zəruri tədbirlər
görülüb.
Baş İdarənin rəisi, eyni zamanda buraxılmış nöqsanlar, xüsusən
əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlərin
qarşısının alınması, ilkin istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi
və digər problemlərə də toxunub, bu istiqamətdə qarşıda duran
vəzifələr haqqında geniş məlumat verib.
Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən,
həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan
qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.
Müşavirəyə yekun vuran nazir 2015-ci ildə paytaxtın polis
orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət
qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. R.Usubov
Baş İdarənin və onun struktur qurumlarının rəislərindən profilaktik
işin xüsusilə güсləndirilməsini, сinayətlərin qarşısının
alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı
göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik
göstərmələrini, həmçinin fəaliyyətin təkmilləşdirilməsini,
cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik
işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və
təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində
qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini
tələb edib.
Xüsusi qeyd olunub ki, bu gün xidməti vəzifələrini uğurla yerinə
yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına
hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və
qayğısı ilə əhatə olunub, ən müasir texniki vasitələrlə təmin
ediliblər. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü
üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə,
dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı Şəhər Baş
Polis İdarəsinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları,
cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai
təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan
sonra da layiqincə yerinə yetirəcək.