Bir neçə gün bundan əvvəl mətbuatda belə xəbərlər
yayılmışdı ki, Krımdakı Rusiya tərəfdarı olan hökumət Kiyevdəki son
hadisələrə görə bir aydır ki, "qərblilər paytaxt Kiyevi ələ
keçirsə, biz ayrılacağıq" deyir.
Eyni zamanda, Rusiya və Avropa mətbuatı da belə açıqlamalar
verirdi.

Bu açıqlamalardan sonra Krımın Ukraynadan ayrılıb Türkiyənin
tərkibinə keçməsi məsələsi gündəmə gəldi. Bu məsələ ilə əlaqədar
Azərbaycan tarixçilərinin fikrini öyrənməyə çalışdıq. Tarix elmləri
namizədi, BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının
dosenti Altay Göyüşov məsələyə münasibət
bildirərək "Axar.az"a belə dedi:
"Ukraynanın parçalanma ehtimalı var, amma mən Krımın Türkiyəyə
verilməsi variantını görmürəm. Bu, köhnə söhbətdi, amma mümkün olan
iş deyil".
Tarix
üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin dosenti
Vasif Qafarov bildirdi ki, Krımı Xruşşov Ukraynaya
hədiyyə edib:
"Krım 1783-cü ildə Osmanlı dövləti tərəfindən Rusiyaya öz-özünə
verilməyib, zorla və mərhələli şəkildə Rusiya tərəfindən alınıb.
Ukrayna 1654-də Rusiyaya birləşdirilmişdi, XX əsrin 50-ci illərində
SSRİ-yə rəhbərlik edən N.Xruşşov özü ukrayn idi və Ukraynaya xüsusi
simpatiyasını da gizlətmirdi. Məhz onun dövründə Ukraynanın
Rusiyaya birləşdirilməsinin 300 illiyi təntənəli şəkildə qeyd
olundu və bu münasibətlə Rusiya (Xruşşov) Krımı Ukraynaya hədiyyə
etdi. Təsadüfi deyildi ki, Yuşşenkonun hakimiyyəti dövründə Ukrayna
NATO-ya üz tutanda V.Putin açıq şəkildə bildirdi ki, əgər Ukrayna
NATO-ya üzv olarsa, Rusiya 1950-ci illərdə Ukraynaya hədiyyə etdiyi
Krımı geri qaytaracaq. Ukraynanın dağılması, bölünməsi, Krımın
Rusiyaya və ya Türkiyəyə qaytarılması kimi söz-söhbətlər müəyyən
dairələrə təsir mexanizmi kimi ortaya atılıb və reallıqdan uzaq
fikirlərdir".