Ermənistan xarici işlər nazirinin sözlərindən belə
təəssürat yaranır ki, Ermənistan XİN-də "status-kvo" sözünün kəsb
etdiyi mənanı başa düşmürlər.
Bunu APA-ya açıqlamasında Ermənistan xarici işlər
nazirinin mətbuat konfransında söylədiyi fikirləri şərh edən
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi
kontekstində "status-kvo" deyildikdə, siyasi və hüquqi məzmunda
Ermənistan tərəfindən güc tətbiq edilərək, Azərbaycan ərazilərinin
işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı
törədilmiş qanlı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət
nəzərdə tutulur: "Ermənistan xarici işlər naziri rəsmi İrəvanın
"status-kvo"nun davam etməsində maraqlı olmadığını deyirsə, onda
Ermənistan öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının 822(1993),
853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrində tələb
olunduğu kimi dərhal, qeyd-şərtsiz və tam şəkildə bütün işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır".
H. Hacıyev qeyd edib ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin
Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında
"status-kvo"nun qəbuledilməzliyi bir daha vurğulanıb: "Akvil
bəyanatında "status-kvo"nun dəyişdirilməsinə xidmət edən və işğal
olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin
çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını
nəzərdə tutan əsas prinsiplər müəyyən edilib. Bunun əsasında da
yenilənmiş Madrid prinsipləri hazırlanıb. Ermənistan hərtərəfli
sülh sazişi üzərində işləmək, etimad quruculuğu tədbiri kimi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni
icması arasında dialoq yaratmaq barədə təklif və çağırışları rədd
edib. Əksinə öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarmayaraq ölkəmizə qarşı işğalını davam etdirməkdədir. Bundan
sonra Ermənistanın sülhdən danışması və Azərbaycana qarşı iddialar
irəli sürməsi cəfəngiyatdır və məsuliyyətsizliyin son
həddidir".
H. Hacıyev bildirib ki, münaqişənin hərtərəfli həllinə və
regionda davamlı sülhün təmin olunmasına nail olmaq üçün səylər
insidentlərin araşdırılması kimi texniki və yardımçı məsələlərə
deyil, münaqişənin və atəşkəsin pozulmasının köklü səbəbi olan
işğalın aradan qaldırılmasına və Ermənistan qoşunlarının bütün
işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına
yönəldilməlidir: "Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan
ərazilərindən çıxarılması prosesində köməkçi vasitə kimi
insidentlərin araşdırılması kimi texniki mexanizmlərin yaradılması
mümkündür. Təəssüflər olsun ki, insidentlərin araşdırılması kimi
texniki məsələlərin önə çəkilməsi və Ermənistanın Azərbaycana qarşı
işğal və ərazilərini ilhaq etməsinə göz yumulması "status-kvo"nun
davam etməsinə və nəticə etibarilə, Ermənistanın maraqlarına xidmət
edir. Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycan
ərazilərinin işğalına son qoyulması prosesi ATƏT-in Minsk qrupu
həmsədrlərinin adət etdikləri azad vaxt rejimində deyil, müəyyən
edilmiş konkret vaxt çərçivəsində həyata keçirilməlidir. Ermənistan
başa düşməlidir ki, qeyri-qanuni gücdən istifadə və işğal
nəticəsində yaranmış vəziyyət heç bir halda legitim hesab edilə
bilməz və rəsmi İrəvan bu yolla güddüyü siyasi məqsədlərə nail ola
bilməz. "Status-kvo"nun dəyişdirilməsində və münaqişənin ərazi
bütövlüyü, suverenlik və dövlətlərin beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında siyasi həllində
ən maraqlı tərəf Azərbaycandır. Azərbaycan beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini
təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Buna görə bütün
məsuliyyət Ermənistanın üzərinə düşür".
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan
isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat
konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "status-kvo"nun
saxlanılmasında Azərbaycanı təqsirli bilib. O qeyd edib ki,
Azərbaycan vəziyyəti gərginləşdirir və ATƏT-in Minsk qrupu
həmsədrlərinin münaqişənin sülh yolu ilə həll olunması
çağırışlarına məhəl qoymur.