27 Sentyabr – Anım Günü münasibətilə Sumqayıt şəhərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Axar.az xəbər verir ki, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Saat 12:00-da ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin təməlində xalqımızın birliyi, hərbçilərimizin yüksək döyüş əzmi, qəhrəmanlığı və Vətən sevgisi dayanır. Şəhidlərimizin canı və qanı bahasına qazanılan bu
Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Qeyd olunub ki, Vətən uğrunda ən ali məqama – şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların gələcək nəsillərə örnək olan həyat və döyüş yolunun təbliği hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq xalqımızın milli yaddaşında əbədi yaşayacaq, onların Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.
Mərasim zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb. Bildirilib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, daim diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi diqqət və həssaslıq bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin əsasını təşkil edir.
Anım mərasimindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhuna dualar oxunub.