Fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı
faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu
Leonid Kravets mətbuat konfransı keçirib.
AzərTac xəbər
verir ki, L.Kravets 24 il əvvəl azərbaycanlılara qarşı soyqırımın
həyata keçirildiyi Xocalıda gördüklərini tədbir iştirakçılarına
çatdırıb.
O, qeyd edib ki, keçmiş SSRİ ölkələrinin hamısı üçün keşməkeşli
olan bir dövrdə Ermənistan Azərbaycana qarşı elan olunmamış
müharibəyə başlayıb. Həmin dövrdə o, dinc əhalinin hərbi münaqişə
zonasından çıxarılması üçün demək olar ki, hər gün Qarabağa uçuşlar
edib.
L.Kravetsin sözlərinə görə, fevralın 27-də idarə etdiyi
helikopter Xocalı üzərində uçarkən bir gün əvvəl bu şəhərə hücumdan
xəbərsiz olmuş ekipaj dəhşətli mənzərənin şahidi olub. Onlar Ağdam
şəhəri istiqamətində, dağın döşündə səpələnmiş dinc əhalinin
meyitlərini görüblər və Gəncəyə qayıdaraq yerli hakimiyyət
orqanlarını bu haqda məlumatlandırıblar. Ekipaja jurnalistləri
hadisə yerinə çatdırmaq tapşırılıb. Ertəsi gün L.Kravets həmin yerə
Çingiz Mustafayev və onun iki köməkçisini çatdırıb. Relyefin
özünəməxsus çətinlikləri və vaxt qıtlığı ucbatından helikopteri
yerə endirmək mümkün olmayıb. Belə ki, sağ qalmış adamları öldürən
ermənilərin mülki helikopterə də atəş açması təhlükəsi olub. L.
Kravets deyib: "Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər
çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün
çəkilişi yuxarıdan aparmaq lazım idi".
Ukraynalı pilot bildirib ki, erməni tərəfinin əhalinin Xocalıdan
çıxması üçün dəhliz yaradılması iddiasına baxmayaraq, əslində,
Xocalıdan olan dinc əhaliyə xilas olmaq üçün heç bir şans
verilməyib, onların hamısını pulemyot atəşi ilə qırıblar.
L.Kravets öz ifadələrini Xocalı ilə bağlı beynəlxalq məhkəmədə
şahid qismində təsdiqləməyə hazırdır. Lakin özü dediyi kimi, ona
sübutlar gərək deyil, çünki hadisəni gözləri ilə görüb, üstəlik,
müvafiq foto və video materiallar da var.
Tədbirdə "O pilotdur" filminin treyleri nümayiş edilib. Bu film
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası
çərçivəsində hazırlanıb. Layihənin rəhbəri Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovdur.
Mətbuat konfransından sonra Ukrayna Rəssamlar İttifaqı və UABD
üzvü Rasim Seydimovun Xocalı soyqırımı mövzusunda rəsmləri nümayiş
etdirilib.