Bu gün Azərbaycanda və
paralel olaraq 4 ölkədə eyni vaxtda baş verən və əhalinin kifayət
qədər təşvişinə səbəb olan zəlzələ dünyanın seysmik mənzərəsini bir
daha gündəmə gətirdi.
Yer üzərində zəlzələlərin paylanmasına nəzər yetirsək, onların
uzun və dar qurşaqlar boyunca bölündüyünü görmək olar.
Hazırda dünyada üç əsas zəlzələ qurşağının olduğu alimlər
tərəfindən müəyyən edilib. Bunlar içərisində ən böyüyü Sakit Okean
qurşağı hesab edilir. Yer üzərində baş verən tektonik
çalxalanmaların 68%-i məhz bu zonada müşahidə edilir. Əgər
dünyadakı seysmik aktiv nöqtələrə də diqqət etsək, məhz bu qurşaqda
yerləşən ölkələrin daha çox təhlükə altında olduğunu görə bilərik.
Sakit Okean qurşağında yerləşən ölkələr sırasında İndoneziya,
Yaponiya, Flippin və digərlərinin adları yer alır.
İkinci daha aktiv qurşaq Avropa və Asiya arasında uzanır. Bu
təxminən Himalay dağlarından Alp dağlarına qədər uzanan bir hissəni
əhatə edir. Azərbaycan da məhz bu sistemin üzərində yerləşir.
Hazırda Yer üzərində baş verən zəlzələlərin 21%-i Avropa və Asiya
arasında uzanan qurşağın payına düşür. Bu qurşaqda yaxın zamanlarda
baş verən ən dəhşətli zəlzələrə misal kimi Türkiyə (Vanda) və İran
göstərilə bilər. Zəlzələlər nəticəsində minlərlə insan uçqunlar
altında qalıb həlak olmuş, evlərindən didərgin düşmüşdülər.
Üçüncü ən mühüm qurşaq isə Atlantik okeanından başlayır. Onun
payına isə Yer üzərində baş verən zəlzələlərin 11%-i düşür.
Alimlərin proqnozlarına görə, hər il Yerdə 150.000 zəlzələ qeydə
alınır. Ancaq bunların əksər hissəsi o qədər zəif olur ki, insanlar
onu hiss etmirlər. Bundan başqa isə hər il dünyada böyük itkilərə
yol açan zəlzələlərin sayının 20 ilə 50 arasında olduğu qeyd
edilir.
Ən təhlükəsiz ərazilər
Bəs dünyada bu kimi hadisələrdən uzaq olmağı bacaran yerlər
varmı? Təbii ki var. Hazırda yer üzərində ən az seymik aktivlik
göstəricisinə malik olan yerlər sırasında Avstraliya, Amerika
qitəsinin şərq sahilləri, Antarktida, Kanada, Şimali Avropa, Sibir,
Ərəbistan yarımadası göstərilir. Alimlər bunu onların daha köhnə
tavalar olması ilə əsaslandırırlar.
Hazırda ekspertlər yer üzərində olan ən fəal seysmik zonaları
aşağıdakı kimi sıralayırlar :
1. Yaponiya
2. Çin Xalq Respublikası
3. İran
4. Türkiyə
5. Pakistan
6. Asiya qitəsinin xüsusiylə cənub hissələri
7. Amerika qitəsinin qərb sahilləri (xüsusiylə Çili)