Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının
funksioneri Aydın Mirzəzadə həmkarı, Nəqliyyat nazirinin qardaşı
Elton Məmmədovu müdafiə edən yazı yazıb. Özünün Feysbuk hesabında
paylaşdığı həmin yazını olduğu kimi təqdim edirik:
Dünən Azərbaycan saytlarının birində Milli Məclisin deputatı
Elton müəllim Məmmədovun oğlu haqqında bir yazı verilib. Gənc
oğlanın bahalı maşınlarının adları sadalanır, onun saatının markası
və istifadə etdiyi ətirlər haqqında tədqiqatın nəticəsi
bildirilir.
Bu azmış kimi gənc Məmmədovun şəxsi həyatına kobudcasına
müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli
fikirlər bildirilir.
Ancaq bir səbəbə görə ki, o tanınmış ailədəndir və biznes
fəaliyyətini də uğurla qura bilib.
Bütün bu söhbətlərdən isə bolşevizmin iyi gəlir. Müasir dövrdə
insanın imkanlı olduğuna görə ittiham edilməsi çox əcaib
görünür.
Həmkarım Elton müəllim parlament fəaliyyətinə biznes sahəsindən
gəlib və hal-hazırda onun biznesinin etibar etdiyi insanların, o
cümlədən övladlarının davam etdirməsi normal və qanuna uyğun bir
işdir. Oğlunun da hansı maşın markasını sürməsi və hansı ətirdən
istifadə etməsi onun şəxsi işidir.
İnsanı imkanlı olmaqda ittiham etmək çox qəribə bir şakərdir.
Azərbaycan vətəndaşının dünyanın ən mükəmməl maşın və
texnologiyalardan istifadə etməsi ancaq alqışlana bilər. Çünki,
onun aldığı hər bahalı əmlak onlarla, bəzən isə yüzlərlə insan üçün
iş yerinin açılması və vergiyə və sosial müdafiəyə əlavə
vəsaitlərin daxil olması deməkdir.
Hesab etmirəm ki, Azərbaycan gəncləri ancaq ucuz və işlənmiş
avtomobil sürməli, bahalı saat markalarında isə ümumiyyətlə
xəbərsiz olmalıdırlar. Hamının bərabər, ancaq hamının kasıb
yaşadığı cəmiyyət modelləri tarixdə həmişə iflasa uğrayıb, ona görə
də imkanlılara paxıllıq etmək, onlara qarşı səlib yürüşü təşkil
etmək təşəbbüslərini heç zaman dəstəkləmirəm.
Deputat həmkarımın övladına irad bildirirlər ki, onun bir
maşınına sərf etdiyi vəsaitlə neçə tələbə oxutmaq və neçə nəfər
müalicə etdirmək olardı. Bu tezis də SSRİ-nin Stalin dövrünü
xatırladır. Bunun həyata keçirilməsinin də nə ilə nəticələndiyi
hamıya yaxşı məlumdur.
Artıq 14 ildir Elton müəllim Məmmədov millət vəkilidir. Bu
müddət ərzində onu həmişə təvazökar və xeyirxah bir insan kimi
tanımışam. Ola bilsin ki, etdiyi xeyirxahlıqları göstərməyə maraqlı
deyil və ya əhəmiyyət vermir. Ancaq şübhəm yoxdur ki, onları
mətbuata versəydi, bu halda onu özünü reklam etdirməkdə ittiham
edəcəkdilər.
Deputat həmkarımın imkanlı oğlu haqqında verilən yazı təsadüfi
deyil. Bu gün onun, sabah isə bir başqa imkanlı azərbaycanlının
ailəsi haqqında yazılar gedəcək. Və beləliklə də cəmiyyətimizdə
imkanlı insanlar haqqında bir mənfi fikir formalaşdırılmasına
çalışacaqlar. Kimlərsə buna bəsit baxa bilər, ancaq bunun ağrısını
cəmiyyət sonradan başqa formada çəkə bilər.