Ərşad Əliyev: "Fərhad və Rafiq Əliyevlər
Almaniyadadır"
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Ərşad
Əliyev fevralın 12-də "Media forum" saytının suallarını
cavablandırıb.
2005-ci ildə tutularaq 10 il
müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə
azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü
il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv
sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxandan bir
müddət sonra Avropaya yollanıb.
- Fərhad Əliyev hazırda hansı ölkədədir?
- Fərhad Əliyev hazırda Almaniyadadır. Səhhətində problem var və
Berlin şəhərindəki xəstəxanalardan birində müalicə olunur.
- Səhhətində nə problem var?
- Uzun illərdir ürəyində işemiya var. Bu xəstəlik onda həbs
olunmamışdan əvvəl yaranmışdı və dəfələrlə Almaniyada müalicə
olunub, kurs keçib. Həbsxanaya düşəndən sonra səhhəti daha da
ağırlaşdı, ağrıları artdı. Eyni zamanda həbsdə revmatizm xəstəliyi
tapıb. Ona görə də həbsdən çıxandan bir neçə gün sonra müalicə
olunmaq üçün Almaniyaya getdi.
- Fərhad Əliyev həbsdə olanda Almaniyadan həkiminin
gəlib onu müayinə etməsini istəyirdi. Yenə əvvəllər onu müalicə
etmiş həkimə və xəstəxanaya müraciət edib, yoxsa
dəyişib?
- Ürəyindəki xəstəliyi əvvəlki həkimləri müalicə edir, revmatizm
xəstəliyini isə başqa həkimlər müayinə ediblər.
- Fərhad Əliyevlə sonuncu dəfə nə vaxt əlaqə
saxlamısınız, durumu necədir?
- Ötən həftə danışmışam. Müalicəsi davam edir. Səhhəti
normaldır. Şükür Allaha, hər şey normaldır.
- Səkkiz illik həbsxana həyatı qardaşınızın səhhətində
başqa hansı problemlər yaradıb?
- Bunu tam dəqiqliyi ilə deyə bilmərəm. Təbii ki, həbsxana
həyatı insana çox mənfi təsir edir. Fərhad Əliyev həbsxanada olduğu
müddətdə həmişə ürəyindəki ağrılardan şikayət edirdi. Səkkis il
ərzində ürəyindəki ağrılar heç vaxt dayanmayıb. Çünki işemiya elə
bir xəstəlikdir ki, bir dəfə müalicə ilə sağalmır. Belə xəstəliyi
olan insan daima həkim nəzarətində saxlanmalıdır ki, xəstəlik daha
ciddi fəsad yaratmasın.
- Fərhad Əliyevin üzərində cərrahiyyə əməliyyatı
aparılma ehtimalı varmı?
- Belə xəstəliyi olan insanlar adətən əməliyyat olunmurlar. Amma
daima müalicə alırlar. Fərhad Əliyev də müalicəsini davam
etdirir.
- Qardaşlarınız Fərhad və Rafiq Əliyevlər səkkiz il
həbsxanada olub və azadlığa çıxmalarından bir neçə ay ötüb. İndi
ailənizin durumu necədir?
- Alllaha şükür ki, indi hər şey qaydasındadır. Prezidentimiz
İlham Əliyev qardaşlarımızı əfv etdi və buna görə çox sağ olsun.
Mənim qardaşlarım günahsız yerə həbsdə yatırdılar. Onların heç bir
günahı yox idi. Nəhayət ki, haqq-ədalət yerini tutdu.
- Fərhad Əliyev ailəsini də Almaniyaya
aparıb?
- Oğlu Yusif Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin
həyat yoldaşı Londonda oğlunun yanındadır.
- Rafiq Əliyev haradadır?
- Rafiq Əliyev də Fərhad Əliyevlə birlikdə Almaniyadadır. Amma
səhhətində heç bir problem yoxdur. Fərhad Əliyev müalicə olunur,
Rafiq də qardaşına qulluq edir.
- Qardaşlarınızın Azərbaycanı birdəfəlik tərk etməsi və
bir daha geri qayıtmayacaqları haqda məlumatlar yayılır. Bu,
doğrudurmu?
- Dünyada Azərbaycandan gözəl ölkə yoxdur. Biz həmişə
Azərbaycanda olacağıq. Fərhad Əliyev müalicəsini başa çatdıran kimi
Azərbaycana qayıdacaq. O, həbs olunmamışdan əvvəl də, həbsdə olanda
da həmişə deyib ki, vətənim Azərbaycandır, Azərbaycan xalqına böyük
hörmətim var və ömrümün sonuna qədər vətənimə, millətimə xidmət
etməyə hazıram. Bu həmişə Fərhad Əliyevin şüarı olub. Həbsdən
çıxandan sonra da qeyd etdi ki, ömrünün sonuna qədər vətəninə,
Azərbaycan xalqına xidmət edəcək. Fərhad Əliyev xalqına xidmət
etməyi özünə borc bilir.
Qardaşlarımın Azərbaycandan birdəfəlik getməsi haqda yayılan
xəbəri onların özlərinə deməyə ehtiyac duymadım. Çünki belə
məlumatların mənbəyi yoxdur. Belə məlumatlara etinasız yanaşırıq.
Qardaşlarım həbsdə olanda da belə etmişik. Amma kiməsə nəyisə
yazmağı da qadağan edə bilmərik. Biz yalnız onu edə bilərik ki, bu
məlumatlara etinasız yanaşaq və belə də edirik.
- Əgər Fərhad Əliyevin Azərbaycandan getmək niyyəti
yoxdursa, niyə belə məlumatlar yayılır?
- Bu, jurnalist təxəyyülünün məhsulu ola bilər. Bunu belə qəbul
edirik.
- Qardaşlarınız Azərbaycana nə vaxt
qayıdacaq?
- Yəqin ki, Novruz bayramında Azərbaycanda olacaqlar.
- Qardaşlarınız həbsdən çıxdıqdan sonra ata yurdunuz
olan Cəlilabadın Alar kəndində neçə gün qaldılar?
- Kəndə birlikdə getmişdik. Alarda üç gün qaldılar.
- Alar camaatı qardaşlarınızı necə
qarşıladı?
- Alarlılar bizim doğmalarımızdır. Çox gözəl münasibətlərimiz
var, öz camaatımızdır. Hər halda biz belə qəbul edirik. Əgər kimsə,
nəsə danışırsa, bu, bizim problemimiz deyil. Camaatımızla çox gözəl
münasibətimiz var. Camaatını düşünən hər bir insan kimi biz də öz
el-obamızda çox böyük hörmətə malikik.
Fərhad Əliyev Alarda olduğu üç gün müddətində Cəlilabad
rayonundan və cənub bölgəsinin digər rayonlarından görüşmək üçün 10
mindən artıq adam gəlmişdi. Ata ocağımızda üç gün ərzində insan
sıxlığından tərpənmək olmurdu. Fərhad Əliyev gördü ki, görüşmək
üçün həddən artıq çox insan gəlir, Alarda sensasion bir vəziyyət
yaranıb, ona görə də təcili olaraq Bakıya qayıtdı.
- Qardaşlarınızın həbsdən çıxmağına görə nə qədər qurban
kəsilmişdi?
- Biz özümüz bir qurban kəsdik. Amma camaat yüzlərlə qurban
gətirib kəsdi.
- Qardaşlarınızdan, xüsusən də Rafiq Əliyevdən alınan
əmlaklar geri qaytarıldımı? Rafiq Əliyev əmlakını geri qaytarmaq
üçün hansısa addımlar atırmı?
- Bu haqda məlumatım yoxdur. Ona görə də heç nə deyə
bilmərəm.
- Rafiq Əliyev biznes fəaliyyətinə
qayıdacaqmı?
- Bu barədə də bir söz deyə bilmərəm. Elə məsələlər var ki, onu
müzakirə etməyə zərurət duymuruq. Fərhad Əliyev on ildən artıq
müddətdə vəzifədə işləyib, mən bir dəfə də olsun onun iş yerinə,
kabinetinə getməmişəm. Heç Rafiq Əliyevin də iş yerinə getməmişəm.
Amma hər gün evlərində olmuşam. Və yaxud iki gündən bir görüşmüşük.
Onlar dövlət işində işlədiklərinə görə nəinki mən, heç bir qardaşım
onların iş yerinə getməyib. Çünki Fərhad Əliyev səhərdən axşama
kimi işləyirdi, dövlətinə, millətinə xidmət edirdi. Biz də iş
yerinə gedib onun vaxtını almaq, işindən ayırmaq istəmirdik. Buna
yol verməmişik. Problemimiz olanda da başqa yerdə demişik.