Aprelin 11-də ATƏT PA-nın Büro iclasında Siyasi
məsələlər və təhlükəsizlik komitəsinin "Parlament əməkdaşlığının 25
illiyi: Dialoq vasitəsilə etimad yaratmaq" adlı qətnamə layihəsi
müzakirə olunub.
Trend-in məlumatına görə, müzakirələrdə
komitənin sədr müavini və Büro üzvü Azay Quliyev çıxış edərək ATƏT
PA-nı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aydın və
prinsipial mövqe bildirmədiyi və bu istiqamətdə ayrıca bir sənəd
qəbul etmədiyi üçün tənqid edib. A.Quliyev bildirib ki, ATƏT PA
Ukrayna, Moldova və Gürcüstanda mövcud münaqişələrlə bağlı ayrıca
qətnamə qəbul etdiyi və həmin ölkələrin ərazi bütövlüyünü birmənalı
dəstəklədiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı fərqli mövqe sərgiləyir.
O, qeyd edib ki, bütün beynəlxalq təşkilatlar, xüsusilə BMT Baş
Assambleyası, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa
Şurası Parlament Assamblyeası qəbul etdiyi qətnamələrdə, ATƏT-in
Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceymis Uorlikin verdiyi
bəyanatlarda Ermənistana çağırış edilir və Azərbaycanın işğal
etdiyi ərazilərdən çıxması tələb olunur: "Münaqişə ilə bağlı mandat
yalnız ATƏT-ə verilsə də, bu qurumun Parlament Assembleyası heç
vaxt açıq və birmənalı mövqe bildirməyib. Buna son qoymaq lazımdır.
Qoşunların təmas xəttində baş verən son hadisələr bir daha göstərdi
ki, beynəlxalq qurumlar, xüsusilə ATƏT qısa zamanda təsirli
tədbirlər görməsə, işğalın nəticələri aradan qalxmasa, aprelin 2-də
baş verən hadisələrin daha böyük həcmdə və daha çox insan itkisi
ilə təkrarlanmamasına və munaqişənin yenidən alovlanmamasına heç
kim zəmanət verə bilməz. Atəşkəsi daim etmək üçün məsələni
birdəfəlik həll etmək lazımdır. Ona görə təklif edirəm ki, hələlik
ayrıca sənəd qəbul edilənə kimi, müzakirəyə təqdim edilən hazırkı
qətnamə layihəsinə iki ayrı maddə əlavə edilsin: 1) ATƏT PA BMT
Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi,
Ermənistanın silahlı qüvvələrini işğal etdiyi bütün Azərbaycan
ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır; 2) ATƏT PA
Ermənistandan işğal etdiyi ərazilərdə qanunsuz iqtisadi və maliyyə
fəaliyyətini, Ermənistan və digər ölkələrdən köçürülən ermənilərin
işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını, işğal olunmuş
ərazilərdəki maddi və tarixi abidələrin özgəninkiləşdirilməsi və
xarakterinin dəyişdirilməsi, işğal etdiyi ərazilərdə demoqrafik
vəziyyətin süni şəkildə dəyişdirilməsini pisləyir və bu qanunsuz
əməlləri dayandırmağa çağırır".
Daha sonra büroda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi
numayəndəsi Kristian Vigenin hesabatı dinlənilib. K.Vigen
Azərbaycanda mart ayında çoxlu sayda məhbusların əfv edilməsini,
bəzilərinin məhkəmə qərarları ilə azad olunmasını müsbət
qiymətləndirib. Həmçinin aprelin 2-də Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində baş vermiş toqquşma, ölən və
yaralananlar haqqında məlumat verib və cəbhədə atəşkəsə əməl
olunduğunu bildirib. O, ATƏT-in Minsk qrupunun daha aktiv olması və
problemin həllinə yardım etməsini və bu prosesə ATƏT PA-nın töhvə
verməsinin vacibliyini də qeyd edib.
Müzakirələr zamanı söz alan millət vəkili A.Quliyev təmas
xəttində baş verən hadisələrə aydınlıq gətirib: "Son zamanlar
Ermənistanın silahlı təxribatı üzündən təmas xəttində baş verən
hadisələr həqiqətən çox üzücüdür. Burada sizin diqqətinizi iki
mühüm məsələyə cəlb etmək istərdim. Birincisi, məlumunuz olsun ki,
təmas xətti boyunca Ermənistanın nəzarət/işğal etdiyi ərazilərdən
fərqli olaraq, Azərbaycan tərəfdə yaşayış məntəqələri təmas xəttinə
çox yaxındır və beləcə mülki əhali daima Ermənistanın hədəfinə
çevrilir. Məhz bu səbəbdən Ermənistanın hücumları nəticəsində mülki
əhalimiz arasında itkilər və yaralılar var. 6 vətəndaş, o cümlədən
16 yaşından kiçik 2 uşaq öldürüldü, 24 mülki şəxs müxtəlif
xəsarətlər aldı. 206 şəxsi evə, 69 elektrik dirəyinə, 28 məktəbə
böyük ziyan vurulub. İkinci mühüm məqam odur ki, Azərbaycan öz
torpaqlarında öz insanlarını müdafiə edir. Biz Ermənistan
torpaqlarını işğal etməmişik və Ermənistanla hər hansı bir neytral
ərazidə vuruşmuruq. Onu da qeyd edim ki, silahlı provokasiyanın
qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün
Azərbaycan silahlı qüvvələri cavab tədbirlərini gördü. Buna
baxmayaraq, aprelin 3-ü beynəlxalq ictimaiyyətin çoxsaylı
müraciətlərini nəzərə alaraq, münaqişənin siyasi yolla həllinə
sadiqliyini nümayiş etdirmək üçün Azərbaycan təmas xətti boyunca
bütün əks-hücum tədbirlərinin birtərəfli qaydada dayandırılmasını
elan etdi".
A.Quliyev bir daha qeyd edib ki, Azərbaycan Ermənistanla
müharibə etmək istəmir: "Biz qan tökülməsini istəmirik. Biz gənc
əsgərlərin və mülki əhalinin ölməsini istəmirik. Eyni zamanda, mən
onu da bildirmək istəyirəm ki, biz münaqişəni həll etməyən və
danışıqları imitasiya edən proseslərdə maraqlı deyilik. Bizim
danışıqlar fonu yaratmaq xatirinə sonsuz bir prosesdə iştirak etmək
niyyətimiz yoxdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll
edilməlidir və bunun alternativi yoxdur. Ermənistan danışıqlarda
səmimiyyət nümayiş etdirib Azərbaycanın torpaqlarından çıxmalıdır.
ATƏT-in Minsk qrupundan və onun həmsədrlərindən bu istiqamətdə
təsirli addımlar atmasını gözləyirik".