Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq
intihar edib.
Teleqraf.com-un xəbərinə görə, Sumqayıt şəhər icra hakimiyyətinə
ev problemi ilə müraciət edən Sumqayıt sakini, 1-ci qrup Qarabağ
əlili Məcidov Malik Qardaşxan oğlu müsbət cavab almayıb. Növbəti
dəfə rədd cavabı alan Malik Məcidov Sumqayıt şəhər İcra
Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edib.
Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə
saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun
vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, o, bir neçə il idi ki, mənzil problemini həll
etmək üçün mübarizə aparırdı. Hələ əvvəlki icra başçısı Vaqif
Əliyevin dövründə mənzil problemini həll edə bilməyən Malik Məcidov
bununla bağlı müxtəlif KİV-lərə də müraciət etmişdi.
I qrup Qarabağ Qazisi Malik Məcidovun davamlı şikayətindan sonra
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onu qəbul
da etmişdi. Qeyd edək ki, həmin qəbulda başçının müavini Tariel
Hacıyev, Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi
şöbəsinin müdiri Sədaqət Əsədova da iştirak edib.
Məlumata görə, M.Məcidov bir neçə il əvvəl aldadılıb. Belə ki,
Qarabağ qazisinin mətbuata bildirdiyinə görə, Mənzillərin
Özəlləşdirilməsi və İnventarlaşdırılması şöbəsində müdir
vəzifəsində işləyən Sədaqət Əsədova sabiq icra başçısı Vaqif
Əliyevin göstərişi ilə M.Məcidovun evini saxta sənədlərlə
başqasının adına özəlləşdirərək satıb.
O, elə bu səbəbdən hazırkı icra başçısı Eldar Əzizovun qəbulunda
olub. Qəbul zamanı E.Əzizov Sədaqət Əsədova ilə onu üzləşdirib.
Malik Məcidovun görüşdən sonra verdiyi açıqlamaya görə, qarşı tərəf
özbaşınalıqları etiraf etməli olub. Sonda E.Əzizov M.Məcidovun
Qarabağ və şəhid ailələri üçün nəzərdə tutulmuş ev növbəsinə
götürülməsi haqqında tapşırıq verib. Söhbət zamanı M.Məcidov
tezliklə ona ev verilməsini tələb edib. M.Məcidovun sözlərinə görə,
ev növbəsinə tələb olunan bütün sənədləri toplamasına baxmayaraq
Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin
müdiri Sədaqət Əsədova onu növbəyə götürməkdən imtina edib.
Maraqlıdır ki, Vaqif Əliyevin rəhbərlik etdiyi dövrdə Qarabağ
əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də
M.Məcidova veriblər. Ancaq həmin mənzildə yaşamaq Qarabağ qazisinə
qismət olmayıb. Səbəb isə həmin dövrdə Sumqayıtın sabiq icra
başçısı Vaqif Əliyev pul "sıxıntısı" keçirirməsi olub. Hər halda
Qarabağ qazisi belə iddia edir. Buna görə mənzillərdən birini
satmaq qərarına gəlirlər. Həmin vaxt Mənzillərin Uçotu ,
Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova
vasitəçilik edərək Qarabağ qazisi ilə sabiq başçının görüşünü
təşkil edir. Başçının iş otağında evi satmaq barədə sövdələşirlər.
Ancaq sövdələşmədə Malik Məcidova vəd edirlər ki, növbəti ev
bölgüsündə ona 2 mənzil və "Karvan Ticarət Mərkəzi"dən bir dükan da
hədiyyə edəcəklər. Bu minvalla onu aldadaraq evini satıb Gül
bayramını təmtəraqla yola verirlər. Xeyli müddətdən sonra ev
bölgüsündə vəd verildiyinə baxmayaraq, ona mənzil verilmir.
Malik Məcidov bundan sonra Sumqayıt şəhər məhkəməsinə üz tutsa
da, məhkəmə onun iddiasını qəbul etmir və bu azmış kimi onu ev
növbəsindən də çıxarırlar.