Gəlinim mənə iynə vurub,
təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün yardım
edib.
Bu sözləri Axar.az-a millət vəkili Fəzail Ağamalı sabiq deputat
Hüseyn Abdullayevin sosial şəbəkədə ünvanına yazdığı məlumata
münasibət bildirərkən deyib.
F.Ağamalının sözlərinə görə, H.Abdullayevin yazdıqları böhtandan
başqa bir şey deyil:
"Bəli, mənə ilkin tibbi yardımı evdə göstərdilər. Hadisə baş
verən gün kifayət qədər xoşagəlməz vəziyyət yaranmışdı. Olduqca
gərgin durum vardı, təzyiqim yüksək idi. Bunun üçün birinci növbədə
evə gəldim və mənə tibbi yardım göstərildi. Bunu da Tibb
Universitetinin Terapiya fakültəsini bitirən, onun dediyi kimi,
ginekoloq deyil, anestezioloq vəzifəsində çalışan gəlinim etdi. O,
sadəcə məni pis durumdan çıxardı. Mənə iynə vurdu, təzyiqimi aşağı
salmaq, ürək döyüntülərimi nizamlamaq üçün ilkin yardım etdi.
Sabahı Neftçilər Xəstəxanasına gedib qeydiyyatdan keçdim. Dəqiq
yadımda deyil, iki, ya üç sutka Neftçilər Xəstəxanasında yatdıqdan
sonra Mərkəzi Klinikanın poliklinikasında bir aya yaxın müalicəni
davam etdirdim. Bunu sübut edən sənədlər də var".
Fəzail Ağamalı keçmiş həmkarının kişiyə yaraşan açıqlama
vermədiyini də xatırladıb:
"O, yalan danışır. Onun dedikləri kişiyə yaraşan hərəkət deyil
ki, kişi ilə kişi arasında olan məsələləri bu şəkildə gündəmə
gətirməzlər. Bu, bir daha Hüseyn Abdullayevin hansı mənəviyyata
malik olduğunu sübut edir. O unutmamalıdır ki, məhkəmə
stenoqramında məndən, millət vəkillərindən və bütün Azərbaycan
xalqından üzr istəməsi və digər məlumatlar hələ də qalır. Heç vaxt
onun yaxınlarının mənə yaxınlaşması və digər məsələlər barədə nə
isə dilimə gətirməmişəm.
Hüseyn Abdullayev konkret olaraq öz əməlinin hüquqi qiymətini
aldı. Sadəcə, Ulu Öndərin ruhu onu tutdu. O, hamıya qarşı gedirdi.
Çünki çox varlanmışdı. Hədsiz dərəcədə varidat sahibi idi, bütün
keçmişini unutmuşdu. Onun inkişafında, bu var-dövləti qazanmasında
rolu olan insanların zəhməti onun burnundan gəldi. O, heç kimi
günahlandırmasın. Hər kəs öz əməlinə görə cavab verir. Düşünürəm
ki, Hüseyn Abdullayev bu məsələləri yenidən gündəmə gətirməklə
böyük allahsızlığa yol verir".
Hüseyn Abdullayev Feysbuk səhifəsində aralarında yaşanan 2007-ci
il davasından sonra Fəzail Ağamalıya ilkin tibbi yardımı "ginekoloq
ixtisaslı" gəlininin etdiyini xüsusi eyhamla yazıb.
Xatırladaq ki, Milli Məclisdə yaşanan bu xoşagəlməz hadisədən
sonra H.Abdullayev deputat mandatından məhrum edilmiş və cinayət
məsuliyyətinə cəlb olunmuşdu.