1992-ci il 12 aprel tarixində Azərbaycan parlamentinin
önündə ümummilli lider Heydər Əliyevin tərəfdarlarının keçirdiyi
mitinqdən Musavat.com-un ötən gün yaydığı video ilə bağlı aksiya
iştirakçılarından reaksiyalar gəlməyə başlayıb.
Tanınmış hüquq müdafiəçisi Səməd Vəkilov Axar.az-a açıqlamasında
aksiyada iştirak etdiyini və o dövrü yaxşı xatırladığını
bildirib:
"Videodan da göründüyü kimi, həmin vaxt biz Konstitusiyaya
qərəzli olaraq, Heydər Əliyevin prezidentliyə namizədliyinin
qarşısını almaq üçün salınan yaş senzi ilə bağlı maddəyə etiraz
üçün ora yığışmışdıq. 12 aprel 1992-ci il tarixli mitinq bizim ilk
aksiyamız idi. Tələbə idim, 17 yaşım vardı və bu aksiyaya bir çox
əqidədaşım olan gənclə qoşulmuşduq".
Səməd Vəkilov mitinqin hazırkı Bakı meri Hacıbala Abutalıbov
tərəfindən təşkil edilmədiyini də diqqətə çatdırıb:
"Mitinqi Hacıbala Abutalıbov deyil, Əlincə Xeyriyyə Cəmiyyəti
təşkil etmişdi. Biz gənclər ora BDU-nin Mexanika-riyaziyyat
fakültəsinin tələbəsi Sadiq Qurbanovun təşəbbüsü və təşkilatçılığı
ilə qatılmışdıq. Sadiq Qurbanov sonradan Yeni Azərbaycan Partiyası
yaradılanda Gənclər Təşkilatının ilk sədri oldu".
S.Vəkilov Heydər Əliyevə qarşı ədalətsizliyi daim tənqid
etdiyini, YAP Gənclər Təşkilatının ilk qurucularından olduğunu da
xatırladıb:
"Ancaq Heydər Əliyev hakimiyyətə qayıdandan sonra YAP-a böyük
bir axın başladı və doğrusu, o dövrdə biz buna qarşı çıxdıq. Hesab
edirdik ki, bu axın heç də siyasi əqidəyə görə deyil və buna etiraz
olaraq mən siyasi fəaliyyətimi dayandırdım".
S.Vəkilov heç bir təmənna güdmədən, əqidə baxımından əliyevçi
olan həmin dövr gənclərinin bir çoxunun kənarda qaldığını
bildirib:
"O vaxt Hacıbala Abutalıbovu biz kvant fizikası üzrə professor,
əqidədaşımız kimi tanıyırdıq. Təəssüf ki, H.Abutalıbov vəzifəyə
təyinat alandan sonra tamam dəyişdi, o dövrün əziyyətləri, hədələri
içində çəkinmədən mübarizə aparan gənc əliyevçiləri tamam unutdu,
əsl bürokrat məmur oldu".
Xatırladaq ki Azərbaycan Respublikasının o vaxt qüvvədə olan
Konstitusiyanın 121-ci maddəsində prezident seçkisində iştirak üçün
yuxarı yaş həddi müəyyən edilərək, Heydər Əliyevin seçkilərdə
iştirakını önləməyə çalışırdılar. Ancaq xalqın tələbi ilə bu qadağa
aradan qaldırıldı.