MSŞT prosesinin inkişafı üçün nəzərdə tutulan vəsait
Milli Şuranın maliyyə qaynağına çevrilərsə, buna görə kim
məsuliyyət daşıyacaq?
Mədən Sənayesində Şəffaflığın Artırlması Koalisiyasında yaranmış
gərginlik səngimək bilmir. Koalisiyanın Ümumı Yığıncağının ardınca
baş qaldırmış və tədricən sərt xarakter alan mübahisələr bu gün də
mətbuatın əsas diqqət mərkəzindədir. "Koalisiyada nə baş verir"
sualına bu günə qədər çeşidli cavablar verilib. Ümumi təsəvvür
belədir ki, Koalisyanın Ümumi Yığıncağında yeni formalaşdırılmış
İdarəedici orqanın – Şuranın tərkibi Əli Kərimlinin rəhbərlik
etdiyi AXCP və Milli Şura adlı quruma yaxın şəxslərin nəzarətinə
keçib və bu da Koalisiya təmsilçilərinin narazılığına səbəb olub.
İddia olunur ki, Milli Şuraya yaxınlığı ilə seçilən şəxslər
əvvəlcədən xüsusi hazırlıq işləri görüb, Koalisiya üzvlərinə
müxtəlif formalarda təsir göstərərək seçkinin taleyini həll
ediblər. Nəticədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay
Gülalıyev də daxl olmaqla siyasi marağı olan 6 nəfər şəxs Koalisiya
Şurasının tərkibinə düşə bilib.
Maraqlıdır ki, Milli Şuranın dəstəklədiyi şəxslər sırasında
tanınmış iqtisadçı-alim, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə
Beynəlxalq İdarə Heyətinin üzvü, ADR hərəkatının rəhbəri Qubad
İbadoğlunun da adı var. Koalisiya üzvləri iddia edirlər ki, Qubad
İbadoğlu AXCP təmsilçilərilə danışıqlara gedərək Koalisiya
Şurasının siyasiləşməsində böyük rol oynayıb. Hətta onun Ümumi
Yığıncaqdan əvvəl AXCP sədri Əli Kərimli ilə görüşdüyünü iddia
edənlər də var. Hələlik Qubad İbadoğlu ilə Əli Kərimlini MSŞT
Koalisiyası ilə bağlı hansı ümumi maraqlar birləşdirdiyini konkret
söyləmək çətindir. Yalnız kənar müşahidələr və Koalisiya üzvlərinin
dediklərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Qubad İbadoğlu
MSŞT Koalisiyasının budəfəki Ümumi Yığıncağına Əli Kərimlinin
adamları ilə bir komandada gedib və bu "ittifaq" nəticəsində Şurada
həlledici səs sayını təmin etmək mümkün olub.
***
MSŞT Koalisiyasının tanınmış təmsilçilərindən və Vətəndaş
Cəmiyyətinin fəal üzvlərindən biri bütün bu məsələlərlə bağlı bizə
olduqca ilginc məlumatlar verib. Hələlik adının açıqlanmamasını
istəyən Koalisiya nümayəndəsi iddia edir ki, Əli Kərimlinin MSŞT-yə
maraq göstərməsi heç də təsadüfi deyil:
"Bilirsiniz, MSŞT prosesi kənardan bir qədər cəlbəedici
görünməyə bilər. Lakin bu, kifayət qədər əhəmiyyətli və dərin
prosesdir. Sual oluna bilər ki, nədən Milli Şura birdən-birə
MSŞT-yə maraq göstərdi və öz təmsilçilərini instruktaj edərək
onların qarşısında Koalisiyanın idarəedici orqanını götürmək
vəzifəsini qoydu? Bu sualın cavabını bilənlər var. Bilməyənlərə də
açıqlaya bilərəm. Bu marağın arxasında Dünya Bankının MSŞT
Koalisiyasına böyük məbləğdə vəsait ayırmağa hazırlaşdığına dair
xəbərlər dayanır. Əli Kərimli həmin vəsaitin idarəedilməsi
mexanizmini, yəni Koalisiya Şurasını ələ keçirmək üçün xüsusi plan
hazırlayıb və bu plana cavab verən heyətin Şuraya düşməsini təmin
etmək üçün öz adamları qarşısında konkret vəzifə qoyub.
Gəlin Oqtay Gülalıyevin Ümumi Yığıncaqdakı seçkilərin ardınca
Milli Şura təmsilçilərinə yazdığı məktubu xatırlayaq. Bu məktub
mətbuatda da geniş şəkildə işıqlandırılıb. Oqtay Gülalıyev həmin
məktubda Milli Şura üzvlərinə xitab edərək, Koalisiya Şurasını 5+1
üstünlüyü ilə götürdüklərini yazmış və bu qələbəyə görə onlara
təşəkkürünü bildirmişdi. Məhz elə bu məktubun üzə çıxması ilə
Koalisiyada etirazlar baş qaldırdı. Üzvlərimiz haqlı olaraq
soruşurlar ki, niyə Oqtay Gülalıyev vətəndaş cəmiyyəti İnstitutuna
aid məsələlər barədə Milli Şuraya məruzə etməlidir və Şurada "5+1"
sayının təmin olunmasında AXCP və Milli Şuranın hansı rolu
olub?
Doğrudan da haqlı sualdır. Amma təəssüf ki, Oqtay Gülalıyev bu
vaxta qədər Koalisiya təmsilçilərinin suallarını cavablandıra
bilməyib. Gülallyev deyir ki, həmin məktubu öz sevincini dostları
və həmkarları ilə bölüşmək üçün yazıb, kiməsə raport verməyib. Onda
sual olunur: Oqtay Gülalıyev öz sevincini niyə üzvü olduğu Klassik
Xalq Cəbhəsi Partiyasındakı dostları ilə deyil, məhz Milli Şuradakı
əqidədaşları ilə bölüşüb? Niyə bu sevinc məktubu Mirmahmud
Mirəlioğlunun adı ilə bağlı olan Feysbuk səhifələrinə və qruplarına
deyil, məhz Əli Kərimlinin adı ilə bağlı olan qruplara göndərilir?
Bilirsiniz, suallar çoxdur, lakin artıq hər şey gün kimi aydın
olduğundan Oqtay Gülalıyevə də "əziyyət" verməyə ehtiyac yoxdur.
Fakt artıq ortadadır: Əli Kərimlinin adamları Qubad İbadoğlu ilə
vahid komanda formalaşdıraraq Dünya Bankının ayıracağı vəsaitlərə
artıq indidən ciddi təhlükə yaradıblar. Sabah bu vəsaitlər
ayrılarkən onun üzərində sərəncam vermək səlahiyyəti məhz yeni
yaranmış Şurada olacaq və oradakı "5+1" tərkibi əvvəlcədən
düşünülmüş plana uyğun olaraq istənilən təklifin lehinə səs
verəcək. Kim təminat verə bilər ki, Dünya Bankının vəsaitləri
Koalisyaya üzv olan "naməlum" QHT-lərin vasitəsilə Milli Şuraya,
konkret olaraq Əli Kərimliyə ötürülməyəcək? MSŞT Koalisiyası
ətrafında qurulmuş oyunun arxasında elə bu məqsəd dayanmırmı? MSŞT
prosesinin inkişafı üçün nəzərdə tutulan vəsait Milli Şuranın
maliyyə qaynağına çevrilərsə, buna görə kim məsuliyyət
daşıyacaq?
Diqqətinizi bir məsləyə də yönəltmək istəyirəm. Hər halda, indi
bu məsələ sıravi Koalisiya üzvlərini də maraqlandırır. Qeyd etdiyim
kimi, budəfəki Ümumi Yığıncaqda Qubad İbadoğlu bir vaxtlar qəbul
etmədiyi və hətta bir ara ciddi qarşıdurmada olduğu adamlarla – Əli
Kərimlinin nümayəndələrilə bir komandada birləşdi. Sual oluna bilər
ki, Qubad İbadoğlunun AXCP təmsilçilərilə eyni hədəfə vurması nədən
və haradan qaynaqanır?
Məsələ burasındadır ki, Qubad İbadoğlu MSŞT Koalisiyasındakı
mövqelərini itirmişdi. Ümumiyyətlə, onun əvvəlki nüfuzundan
əsər-əlamət də qalmayıb. Odur ki, Qubad İbadoğlu Əli Kərimlinin
adamlarından dəstək istədi və onlar da bunu verdilər. Niyə? Axı
onlar heç kimə qarşılığı olmadan, "qara qaş və qara göz"ə görə
dəstək vermirlər. Deməli, arada xüsusi bir anlaşma var. Onlar
dəstək verir və bunun müqabilində Qubad İbadoğlunun AXCP və Milli
Şura qarşısında xidmətlərini gözləyirlər... Bu xidmətin nədən
ibarət olacağını da təsəvvür etmək çətin deyil. Ortada Dünya
Bankının "pul verəcəm" ismarışı varsa və Milli Şuraya yaxın olan
adamlar məhz bu ərəfədə Koalisiyanın idarəedici orqanına
sahiblənmək həvəsilə səfərbər olunublarsa, deməli, sabah
vəsaitlərlə bağlı məsələlər müzakirə olunarkən Qubad İbadoğlu,
"xörəyi birinci kim yeməlidir" sualına, tərəddüd etmədən,
"müəllimə!" deməlidir.
Təsəvvür edin, xeyli müddətdir ki, Koalisiyamızın şəbəkəsində
müzakirələr gedir, yazışmalar aparılır. Milli Şuranın "mübarəkdir"
dediyi "5+1" məsələsi isə müzakirələrin əsas mövzusudur. Qubad
İbadoğlu bir dəfə də olsun deməyib ki, mən "5+1" tərkibində yoxam.
Varsansa, deməli, sənin müstəqil fəaliyyətin mümkün deyil – öhdəlik
yaranıb!
O ki qaldı Koalisiyadakı Milli Şura tərəfdarlarının etiraz
edənləri hökumət adamlarlı kimi qələmə vermələrinə, bu da əslində
diqqəti əsas məsələdən yayındırmaq üçündür. Məsələn, bu gün "5+1"
məsələsinə etiraz edənlərdən biri Koalisiyanın qurucularından olan,
Azərbaycanda MSŞT prosesinin inkişaf etdirilməsində misilsiz
xidmətlər göstərmiş Sabit Bağırovdur. Ona necə demək olar ki,
hökumət adamıdr? Necə iddia etmək olar ki, Sabit müəllim hansısa
sifariş yerinə yetirir? Bu adam MSŞT-yə görə üzərində məsuliyyət
hiss edir, Koalisiyanın hansısa siyasi partiyanın təsirinə
düşməsini istəmir, vətəndaş cəmiyyətinin problemlərinin həllinə
çalışır. Amma Qubad İbadoğlu Əli Kərimlinin adamlarının təsiri
altnda hörmətli Sabit müəllimin yazdıqlarının, dediklərinin
təsirini azaltmağa çalışır, onunla mənasız polemikaya girir, özünə
haqq qazandırmağa cəhd edir. Bilirsiniz, Sabit müəllim də haqlı
olaraq tələb edir ki, Oqtay Gülalıyevin 400 min manatlıq iddiasına
aydınlıq gətirilsin. "5+1" məsələsilə bağlı ətraflı izahat
verilsin. Hər halda o da yaxşı görür ki, bu proses hara gedir və
Milli Şuranın adamlarının əsas məqsədi nədir.
Əslində Oqtay Gülalıyevin məlum məktubu olmasaydı, bəlkə də
gizlinlər heç vaxt üzə çaxmayacaqdı. Hər şey məhz Gülalıyevin
məktubu ilə başladı. Açığı, Oqtay Gülalıyev bu məktubu ilə
dostlarının əziyyətini də heçə endirmiş oldu. Çünki xeyli müddət
hazırlaşıb Koalisiyanın Ümumi Yığıncağında istədiklərinə nail
olmuşdular. Prinsipcə heç kəs də buna etiraz etmirdi və hər şey də
elə bu şəkildə davam edəcəkdi. Qəfil ortaya Oqtay Gülalıyevin Milli
Şuraya məruzəsi çıxdı və Koalisiya üzvləri bundan bərk narahat
oldular. Hər kəsə aydın oldu ki, MSŞT Koalisiyasının Ümumi
Yığıncağındakı seçkinin taleyi məhz siyasi qərarla həll olunub və
əsas məqsəd də bu vətəndaş cəmiyyəti ittifaqını siyasiləşdirərək
hakimiyyətə qarşı əlavə cəbhə açmaqdır.
İndi Oqtay Gülalıyev desə də ki, hökumət Koalisiyadakı seçkinin
nəticələrinə təsir göstərmək istəyib, bunu heç kəs ciddi qəbul
etmir. Çünki hökumətin doğrudan da belə bir niyyəti olsyadı, o
halda Oqtay Gülalıyev və dostları Koalisiya Şurasının heç
həndəvərinə də yaxın düşə bilməzdilər. Məsələ burasındadır ki,
Milli Şuranın adamlarının seçkinin nəticələrinə təsir göstərməsi
əslində hökumətin prosesə hər hansı müdaxiləsinin olmaması
səbəbindən mümkün oldu.
İndi Koalisiyanın yeni Şurasının legitimlik problemi yaranıb.
İclaslarını belə keçirə bilmirlər. Hələ də Koalisiya Şurasının yeni
koordinatoru seçilməyib. Çünki bu məsələ yalnız "5+1" tərkibinin
iştirakı ilə həll olunarsa, Koalosiya üzvləri həmin iclasın özünü
ciddi qəbul etməyəcəklər. Düşünürəm ki, Koalisiyanın özünün
fəaliyyəti ciddi sual altına düşüb. Çünki böyük əksəriyyət belə
vəziyyətdə davam etməyi məqbul hesab etmir. Ümid edək ki,
Koalisiyanın gələcək fəaliyyətinə yaxınlarda tam aydınlıq
gələcək".