Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində
idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin
cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı
mərhələsi keçirilib.
Axar.az xəbər verir ki, təlimlərdə əsas məqsəd birlik və
birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin
idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır
şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin
qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin
artırılmasından ibarətdir.
Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və
zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu,
40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə
sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb
olunub.
Əvvəlcə müdafiə naziri Zakir Həsənov komanda məntəqəsində olub,
birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah
rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə
bağlı tapşırıqlar verib və məruzələri dinləyib.
Daha sonra döyüş atışlı taktiki fəaliyyətlər mərhələsi başlayıb.
Təlimə uyğun olaraq siqnal minaları ilə şərti düşmənin və
Azərbaycan silahlı bölmələrinin ön xətti nümayiş etdirilib. Təlimdə
hücum əməliyyatının qərarına uyğun olaraq, hücumun atəş hazırlığı
üç atəş basqını üzrə planlaşdırılıb. Birinci atəş basqınında düzünə
tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan
batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan
sistemlər batareyası və digər artilleriya divizionları və
batareyaları iştirak edib. İkinci atəş basqını ordu və cəbhə
aviasiyasının vasitəsilə yerinə yetirilib və burada Silahlı
Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri
iştirak edib. Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış
tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və
reaktiv artilleriya divizionları təlimlərə qoşulub.
Hücumun atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki
qrupları üç istiqamətdə müdafiəni yararaq, şərti düşmənin dayaq
məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank
əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi
tutaraq, bu maneələrdən keçidlər açan mühəndis texnikasını öz
atəşləri ilə himayə edib, həmçinin ikinci eşelon bölüklərinin
döyüşə yeridilməsinə şərait yaradıb. Təlimin növbəti mərhələsində
düşmənin mina sahələrindən keçidlərin açılması müşahidə olunub.
Təlimdə helikopterlər vasitəsilə dağ aşırımlarına taktiki desant
qruplarının endirilməsi icra edilib və bu, döyüş helikopterləri ilə
dəstəklənib. Təlimin son mərhələsində canlı qüvvənin və hərbi
texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi izlənilib,
helikopterlərlə təxliyə həyata keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki,
təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən
nəzərə alınmaqla, əməliyyatların silahlanmada olan yeni texnoloji
vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Nazir
deyib: "Baş Qərargah qarşısında qoyulan vəzifəyə uyğun olaraq
təlimlər maksimal döyüş şəraitinə uyğun keçirildi. Topçular,
tankçılar, piyada döyüş maşınları və pilotlar əlaqəli şəkildə
işləyərək bütün hədəfləri dəqiqliklə vurdular, qarşıya qoyulan
vəzifəni yüksək səviyyədə icra etdilər. Bununla belə, təlimlər
zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə
qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin
keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri
yoxlanıldı və bunlar daha dərindən təhlil ediləcək".
Sonda təlimdə fərqlənən bir sıra hərbi qulluqçular
mükafatlandırılıb.