İyunun 22-də Zirə Cümə məscidi kompleksi istifadəyə
verilib.
Axar.az xəbər verir ki, məscid kompleksi Aydın Qurbanov adına
Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun
təşəbbüsü ilə inşa olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə
yaradılan şəraitlə tanış olublar.
Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək
diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti
illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə
xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət
mərkəzində saxlanılıb. Son bir neçə ildə ölkədə onlarla məscid,
ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə
verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi
fəaliyyəti ilə seçilib. Xəzər rayonunun Zirə qəsəbəsində Zirə Cümə
məscidinin istifadəyə verilməsi milli mənəvi dəyərlərin qorunması
istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini
ibadətgahlarından biri olub. Uzun keçmişlər bu dini ocağın da
həyatında öz izini qoyub. Tədricən yararsız vəziyyətə düşən
məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti
işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə
nəticələndi. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində
paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz
qapılarını insanların üzünə açıb.
Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin
hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini
ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər
cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə
bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb.
Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin
keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin
ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar
yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin
əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş
yaşıllaşdırma işləri görülüb.
Kompleksin axundu sakinlər adından Azərbaycanın birinci xanımını
salamlayaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Xəzər rayonunda böyük
abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü
bildirib. Qeyd edib ki, indi rayonda yeni məktəblər, xəstəxanalar,
stadionlar qurulub.
Zirə Cümə məscidinin istifadəyə verilməsinin Qurani-Kərimin
nazil olduğu Ramazan ayına təsadüf etdiyini deyən məscidin axundu
ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanmasına görə
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin
minnətdarlığını bildirib. İyirmi dörd ildir ki, bu məsciddə
fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra
da məscidin insanlara xidmət edəcəyini vurğulayıb, sakinlərin
sevincinin həddi-hüdudu olmadığını söyləyib.
Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə
xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm
dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin
tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd
edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub.
Xəzər rayonunun sakinləri onlara bəxş edilən sevincə görə
minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Mehriban
Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla
xatırladıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss
etdiyini vurğulayıb. Mehriban Əliyeva qəsəbə sakinlərinə onun böyük
hörmətini və təbriklərini çatdırmağı xahiş edib.
Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə
olunub.