Tez-tez Türkiyədə olan, burada təqdim edilən hesabatda
adı çəkilən bölgələri birbaşa görən biri kimi bildirmək istəyirəm
ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə kifayət qədər
dəstək vermir. Hətta bəzi Avropa ölkələrində Türkiyə əleyhinə
çalışan, Türkiyədə terror aktları törədən, terror təşkilatına açıq
və ya gizli dəstək verən qrupları və onların əməllərini böyük
üzüntü ilə izləyirik. Terror hər şeydən öncə insanlıq əleyhinə
cinayətdir. İndi müzakirə etdiyimiz məruzədə də Türkiyədə fəaliyyət
göstərən və son 40 ildə 30 mindən artıq insanın həyatını itirməsinə
səbəb olmuş bir terror təşkilatına da açıq şəkildə "terror
təşkilatı" deyilməsi vacibdir. Bu mövzuda ikili standartlara yol
verilməməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) sessiyasında Türkiyə ilə bağlı müzakirələrdə
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva qeyd edib ki, AŞPA-ya üzv ölkələr yarım əsrə
yaxındır terrorla mübarizə aparan Türkiyəyə bu haqlı mübarizəsində
daha çox dəstək verməlidir. Məruzədə qeyd olunduğu kimi, Türkiyədə
sadəcə son bir neçə ay ərzində terrorla mübarizədə 458
təhlükəsizlik əməkdaşı həyatını itirib, 3321 nəfər yaralanıb. O,
Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailələri ilə
görüşdüyünü bildirib. Bu görüşlər əsnasında terror qurbanlarının
yaxınlarının AŞPA da daxil olmaqla, bir çox Avropa qurumlarına
qarşı inamlarının itməsinin şahidi olduğunu vurğulayıb. O insanlar
Avropanın Türkiyəyə qarşı ikili standartlar tətbiq etdiyini
düşünürlər. Bu gün AŞPA-nın buradan "Terrora qarşı hər zaman
Türkiyənin yanındayıq" mesajını verməsi zəruridir. Hazırlanan
hesabatda PKK terror təşkilatına silahı buraxmaq çağırışı var. Biz
bu çağırışı alqışlayırıq. Amma bununla kifayətlənmək olmaz. Terror
təşkilatına təzyiq göstərilməlidir. Bu təşkilatlar silahları
haradan alırlar? Türkiyənin terrorla mübarizədə keçirdiyi
əməliyyatlarda terror təşkilatından ələ keçirilən silahlar əslində
bizə çox şey söyləyir. Biz terror təşkilatına silah, maliyyə və
siyasi dəstək verənlərə də çağırış etməliyik ki, terrorizmi
dəstəkləməkdən əl çəkmək lazımdır. Terrora dəstək verən insanlara,
qruplara heç bir şəkildə haqq verilə bilməz. Terrora açıq və ya
gizli dəstək verənlərin ədalət qarşısında hesab verməsi üçün
birlikdə çalışmalıyıq. Bu məsələdə ikili standartlara yer
olmamalıdır. Əks təqdirdə dünyadakı terror hadisələri daha da
artacaq, insanlığı və mədəniyyətimizi təhdid edən hala gələcək.
Hesabatda adı çəkilən bölgələrdən biri olan Diyarbəkirdə 2016-cı il
mayın 28-də 558 milyon türk lirəsinə başa gələn 116 layihənin
birlikdə açılışının keçirilməsi, eynı zamanda, qeyd edilən digər
bölgələrə qoyulan sərmayələr, Türkiyə dövlətinin heç bir etnik
ayrı-seçkiliyə yol vermədən bütün vətəndaşlarına bərabər şəkildə
sahib çıxdığının göstəricisidir. Türkiyədə olan hər kəs bilir ki,
türk xalqı ilə kürd xalqı arasında heç bir problem yoxdur. Onlar
yüz illərlə bərabər yaşayıblar. Hər kəs çox gözəl bilir ki, Türkiyə
dövlətinin də kürd xalqı ilə heç bir problemi yoxdur. Bu problemi
yaratmaq istəyən terror təşkilatları və bəzi xarici qüvvələr var.
Bunu çox dəqiq görməli və Türkiyənin terrorla mübarizəsinə daha
böyük dəstək verməliyik.