Yuxarı

Fransada Əhmədiyyə Cəbrayılova abidə qoyuldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Montauban şəhərinin yaxınlığında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Kabertat Maquis Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş abidənin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, xatirə abidəsi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə qoyulub.

Bu münasibətlə Montauban şəhərinin yaxınlığında yerləşən, azərbaycanlı partizanlar da daxil olmaqla Müqavimət Hərəkatının qəhrəmanlarının qalıqlarının saxlanıldığı Kabertat Mavzoleyinin qarşısında Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Ayaz Qocayevin, deputat Valeri Rabaultinin, Müdafiə Nazirliyi yanında Veteranlar İdarəsinin yerli bölməsinin direktoru Pyer Amestoyun, Monklar, Vaissak, Negrepelisse, Montriko və Puygaillar şəhərlərinin merlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Tədbir 1944-cü il iyunun 20-də nasistlər tərəfindən Maquisdə qətlə yetirilmiş Fransa Müqavimət Hərəkatının üzvlərini anmaq üçün dini mərasimin icrası ilə başlayıb. Vaissak şəhərinin meri Frensis Delmas və Kabertat Maquis Dostları Assosiasiyasının prezidenti Mişel Po mərasimdə çıxış ediblər. Sonra Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib və Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri Marie-Laetitia Gourdin çıxışında bildirib: "Bu gün Maquis de Kabertatda Midi-Pyrenees, Vosges və Alzas regionlarında Üçüncü Qusar Polkunda döyüşən azərbaycanlıların, xüsusilə Əhməd Mişel kimi tanınan və ya partizan yoldaşları tərəfindən "Xarko" adlandırılan Əhmədiyyə Cəbrayılovun anım mərasiminə toplaşmışıq. İkinci Dünya müharibəsində Qızıl Ordu sıralarında nasistlərə qarşı rəşadətlə mübarizə aparan Əhmədiyyə 1944-cü ilin yazında Fransa Müqavimət Hərəkatına qoşulmamışdan əvvəl Ukrayna və Fransada yerləşən düşərgələrdə əsir olub".

M.Gourdinin sözlərinə görə, Midi-Pyrenees regionunda bir neçə şəhərin azad edilməsində iştirak edəndən və 1944-cü ilin sentyabr ayında general De Qolla Tuluzada görüşəndən sonra Əhmədiyyə Alzasa gedib, orada Mulhaus və Belfort şəhərlərinin azad edilməsində iştirak edib. TEAS əmin olmaq istəyirdi ki, Əhmədiyyənin adı unudulmayıb və buna görə də təşkilat birgə mərasimin təşkili üçün Kabertat Maquis Dostları Assosiasiyası ilə yaxından əməkdaşlıq edib.

Mərasimdə çıxış edən Ayaz Qocayev deyib ki, İkinci Dünya müharibəsi Azərbaycan ərazisinə çatmasa da azərbaycanlılar faşizm üzərində Qələbəyə böyük töhfələr veriblər. 600 mindən artıq Azərbaycan sakini bu müharibədə iştirak edib və onların yarısı canlarından keçərək həlak olub. Azərbaycan müharibədə vacib rol oynayıb və neft resurslarını Qələbənin əldə olunmasına yönəldib. Hitlerin bu sərvətləri ələ keçirmək üçün Bakını zəbt etmək planı var idi. Azərbaycanlılar Avropadakı Müqavimət Hərəkatının bir çox üzvləri ilə çiyin-çiyinə vuruşublar. Onların arasında keçmiş Yuqoslaviya, İtaliya, Polşa və təbii ki, Fransa var idi. Onlardan ən tanınmışı Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək rəsmi mükafatlarından olan "Fəxri Legion" mükafatına və Fransanın Milli Qəhrəmanı adına layiq görülüb.

Maquis de Kabertatda Fransa Müqavimət Hərəkatının sağ qalan üzvlərindən biri Andre Terrassier deyib: "Mən Əhməd Mişeli yaxşı tanıyırdım. O, çox cəsur insan idi və heç zaman üzündən təbəssüm əksik olmazdı".

Müqavimət Hərəkatının Rene Çambard adlı başqa bir üzvünün oğlu da anım mərasimində iştirak edib. O, 1977-ci ildə Əhmədiyyənin onun atasını son dəfə ziyarət etməsi haqqında xatirələrini bölüşüb. Cambard onların bir-birilərinə göndərdikləri məktublar haqqında söz açıb. Bu məktublarda onun atası Əhmədiyyəni "silah qardaşı" adlandırırdı.

Tədbirdə bildirilib ki, Azərbaycanın dilbər guşəsi olan Şəkidə dünyaya göz açmış Əhmədiyyənin hekayəsi vətənpərvərlik, hünər, uğur və əzm haqqındadır. 240 minlik sovet əsgərlərindən biri kimi, o, Don çayı üzərindən keçən İzyum körpüsü yaxınlığında nasistlərə qarşı əməliyyatda əsir düşüb. Əhmədiyyə bir çox düşərgələrdə əsirlik taleyi yaşayıb və sonda Polşa sərhədinin yaxınlığında yerləşən Frankfurt-an-der-Oder şəhərində sovet respublikalarından olan əsgərlər üçün düşərgəyə salınıb. Nasistlərin qələbəsindən sonra Azərbaycana müstəqillik vəd edilməsinə rəğmən, o, nasistlərə qoşulmaqdan imtina edərək düşərgədən qaçmaq və yenidən Qızıl Orduya qoşulmaq qərarına gəlib. Xadimənin köməyi ilə qaçmağa müvəffəq olan Əhmədiyyə Fransa Müqavimət Hərəkatına qoşulub. Çox vaxt o, nasist zabitlərinin baş çəkdiyi restoran və kafelərdə partlayışlar törədir, körpü və dəmir yolu xətlərini sıradan çıxarırdı. O, "Xarko" ləqəbi ilə tanınırdı. Gestapo onun başına görə 10 min alman markası məbləğində mükafat təyin etmişdi.

Fransa-Sovet Paktı bağlanandan sonra, Əhmədiyyə məcburi olaraq Sovet İttifaqına repatriasiya edilib və "NKVD" tərəfindən işgəncələrə məruz qalıb. 1966-cı ildə ona bəraət verilib. Bu, Fransa Prezidenti general Şarl de Qolun Sovet İttifaqına ikinci səfəri zamanı baş verib. Həmin vaxtda o, artıq Şəkiyə qayıdıb, general Şarl de Qolun onu görmək istəyi qəhrəmanın bir gecədə məşhur olması ilə nəticələnib. Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin "Müharibə Xaçı", "Hərbi Şücaət Xaçı" və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Tarix
2016.06.22 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla