Yuxarı

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən dəfə masaj salonunda işləyən bir qadın haqqında yazı yazmışdım. Yazını müxtəlif saytlar, Feysbuk, İnstaqram səhifələri paylaşdı, mindən çox adam fikir bildirdi. Təbii ki, fikir bildirənlərin əksəriyyəti qadını da, yazı müəllifini də söydü. Masaj salonunda işləyən qadını beş söyürdülərsə, yazı müəllifini on beş söyürdülər.

Bu söyüşlərin ünvanı mən idim və çox pis sarsıntı keçirdim, ancaq Allah üzümə baxdı ki, adımı hallandıran olmadı, çünki müəllifi qeyd etməmişdilər. O qədər söyüldüm ki, az qala, özüm də camaata qoşulub, müəllif haqqında dişimin dibindən çıxanı deyəcəkdim.

Məsələ bundan ibarət idi ki, qadın əri tərəfindən tərk edilib və körpə balasıyla tək-tənha, çarəsiz qalmışdı.

Bu cəmiyyət də elə müqəddəs, ali insanlardan ibarət deyil ki, boşanmış, tənha, çarəsiz qalmış bir qadına, bir anaya hörmət etsin, qucaq açsın. Əminliklə demək olar ki, o qadın körpə balasını götürüb, indi onu fahişəliyinə görə söyən, ölümünü arzulayan kişilərin qapısını döysəydi, əlbəttə ki, adamlar qadına qucaq açacaqdılar, ancaq sözün həqiqi mənasında qucaq açacaqdılar.

Qadına nifrət qusurlar ki, niyə gedib ofisiant işləməyib, masaj salonuna üz tutub?

Bunu deyən kişi cinsinin nümayəndələri, yəqin, restorana, kafeyə, istirahət mərkəzinə getməyib: sifariş üçün yaxınlaşan ofisiant qızlara nömrə vermək bir yana, az qala, ağızlarının içinə düşən yanıq gədələrə şahid olmayıb və xəbərləri yoxdur ki, qızdan yaxınlıq görməyəndə, öz ətraflarına qız haqqında hər cür fantaziya uydurub, bəh-bəhlə danışanlar elə öz həmcinsləridir.

Siz nə zaman çarəsiz bir qadına əxlaqıyla, namusuyla yaşamağa imkan verdiniz ki, indi də durub qeyrətdən danışırsınız? Yolda tənha dolaşan bir qız görəndə ac canavarlar kimi dalıyca sürünürsünüz, nəfəs almağa belə imkan vermirsiniz, fürsət tapsanız, elə yolun ortasındaca əlini-qolunu bağlayıb, təcavüz edərsiniz.

İndi sizlərin fahişəyə çevirdiyi bu qadının üsyanını, əzabını qələmə almağım sizi qıcıqlandırır, ancaq düşünmürsünüz ki, yaşadığınız cəmiyyətdə bu qədər fahişəyə çevrilmiş qadının olması bəlkə də elə sizlərin əl işidir?!

Yazı müəllifini fahişəliyi təbliğ etməkdə ittiham edirsiniz, söyürsünüz, qorxularınızı dilə gətirirsiniz ki, guya biraz iradəsi zəif olan qızlarçün bu yazı reklam xarakteri daşıyır. Əslində, sizin qorxunuz bu deyil. Siz özünüzü çox yaxşı tanıyırsınız, elə mən də sizi çox yaxşı tanıyıram: sizə görə, bir qadın ana-bacınız, qohum-əqrəbanız, dost-tanışınız deyilsə, cinsəl tələbatınızı ödəyəcək potensial insandır.

Demək olar, bu cəmiyyətin hər təbəqəsindən insanla fərqli sahələrdə eyni mühitdə çalışmışam. Söz cavanlıq etməkdən düşəndə hamınız bəh-bəhlə qonşuluğunuzda olan dul qadınlardan, təzə gəlinlərdən ağzınızın suyunu axıda-axıda danışıb, cinsəl fantaziyalarınızı dilə gətirmisiniz. Birinizin də dilindən eşitməmişəm ki, hər hansı səbəbdənsə boşanan və ya dul qalan qadınla ailə qurmaq istəyəsiniz.

Bəlkə, biriniz çarəsiz qalan bir qadına əl tutmusunuz?

Yox, əlbəttə, sizin işiniz ancaq papaq altında gizlənib, insanlara qeyrət dərsi keçməkdir, çünki sizin qeyrət anlayışınız göbəkdən aşağıdır.

Ümumiyyətlə, həyata baxışınız da göbəkdən aşağıdır, başınız da göbəkdən aşağıda yerləşir. Dilinizdən bu qədər təhqirin, söyüşün çıxmağının hamısının səbəbi budur – başınız çox pis yerdə yerləşir.

Masaj salonunda işləyən o qadının faciəsi sizin güzgünüz idi, özünüzü gördünüz o güzgüdə və gördüklərinizə tüpürməyə başladınız. Ancaq söyməyi, ittiham etməyi bilirsiniz. Bu təfəkkürünüzə gələcək nəsillər də tüpürəcək.

Böyük Mirzə Cəlilin dediyi kimi:

“Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarixlərinizin kitabında bu qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: “Tfuuuu sizin üzünüzə!”

Tarix
2018.08.09 / 10:31
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla