Yuxarı

Azərbaycana elə bir cadugər gətiriblər ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana elə bir cadugər gətiriblər ki...

Bəli, Fernando Santuş sıradan məşqçi deyil. O, Portuqaliya yığmasını Avropa çempionu edib. Bu ölkənin tarixində bunu bacaran yeganə məşqçidir.

Bəs Santuş bunu necə bacardı və biz, Azərbaycana gələn bu “ağsaqqal”ı niyə hədəf almışıq?

2016-cı ildə Portuqaliya millisində Santuşun sərəncamında xəzinə vardı: ləl-cavahiratla dolu xəzinə - Brunu Alveş, Pepe, Rikardu Karvalyo, Joao Moutinyo, Nani, Rikardu Kuarejma...

Və brilyant – Kriştiano Ronaldo. Santuşun yalnız bir vəzifəsi qalırdı - bu ləl-cavahiratı cilalamaq. Başqa nə işi ola bilərdi ki? Santuş Ronaldoya, Kuarejmaya, Pepeyə futbolu necə oynamaq lazım olduğunu öyrədəcəkdi?

Və bu adam Azərbaycan yığmasının oyununa baxdıqdan sonra AFFA-dan gələn təklifi qəbul edib. Hər halda, AFFA rəsmisi Sərxan Hacıyev belə deyib mətbuata. Nə görüb Santuş Azərbaycan yığmasının heyətində? Zaqreb “Dinamo”sunda heyətə düşə bilməyən Mahir Emrelini? O Mahir ki, “Legiya”ya gedəndən sonra belə demişdi: “Azərbaycanda uşaq futbolunda öyrənməli olduqlarımı indi mənə burada öyrədirlər”. Yəni adam etiraf etmişdi ki, ona Azərbaycanda futbolu necə oynamaq lazım olduğunu öyrətməyiblər, 24 yaşında Polşada öyrədirlər.

Daha kimi görüb Santuş Azərbaycan yığmasında? Türkiyənin ikinci dəstəsində autsayder komandaların da heyətinə düşə bilməyən futbolçuları? Və nə görüb onlarda? Bəlkə brilyantdırlar, xəbərimiz olmayıb?

Yox, şüşədirlər, adi şüşə. Ola bilməz ki, Santuş kimi zərgər şüşə ilə brilyantı ayırd edə bilməsin. Elə gözəl ayırd edir... Amma indi o, şüşəni brilyant kimi görməyə məhkumdur. Daha sifariş almır axı brilyant sahiblərindən.

Yaşının da elə vaxtıdır ki, pul qazanmalıdır.

Azərbaycan ictimaiyyəti buna görə qəzəblidir. Düz 16 il dəyişiklik gözlədi bu ictimaiyyət. Gözlədi ki, yeni AFFA rəhbərliyi dərhal Azərbaycanın bölgələrinə səfər edəcək. Orada infrastruktur quracaq. Brilyant tapmaq üçün.

Brilyantlar oradadır - bölgələrdə, kasıb-kusub evlərində.

Brilyantlar oradadır - oynamağa meydan, geyməyə buts, forma tapa bilməyən məsum baxışlı uşaqların arasındadır.

Amma AFFA rəhbərliyi üzünü o tərəfə - brilyantların olduğu yerə çevirmədi. Brilyantı tapmaq asan deyil. Zəhmət çəkməlisən, tər tökməlisən, üst-başın toz olmalıdır, palçığa batmalısan.

Santuşu gətirdilər. Santuş Azərbaycan yığmasının oyununa baxıb. Nə görüb orada? Brilyant görmədiyi dəqiqdir. Şüşə görə bilər. Şüşədən brilyant hazırlayacaq? Bu iddiadadırsa, deməli, mütəxəssis deyil artıq. Bəs kimdir? Ancaq sadugər ola bilər. Şüşədən brilyant hazırlayacaq cadugər.

Deməli, AFFA Azərbaycana cadugər gətirib. Elə bir cadugər ki...

P.S. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçiləndən sonra Berti Foqtsu yığmaya baş məşqçi təyin etdilər. Almaniyanı Avropa çempionu edən mütəxəssisi. Amma Almaniya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Şotlandiyanı, Nigeriyanı zəlil gününə salmışdı Foqts. Buna baxmayaraq Azərbaycana gətirdilər onu.

2024-cü ildə Rövşən Nəcəf AFFA prezidenti seçilir. Portuqaliyanı Avropa çempionu edən Santuş milliyə gətirilir. Portuqaliya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Polşa yığmasını və “Beşiktaş” klubunu dağıtmışdı Santuş. Belə də təsadüf olar? 16 il fərqlə bir adamın yazdığı eyni ssenari. Kimdir ssenarist?

Tarix
2024.06.14 / 22:48
Müəllif
Natiq Muxtarlı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla