"Azərbaycanda insanlar hazırda əllərində qalan pulu
maksimum dərəcədə qorumağa çalışırlar".
Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə
ekspert Nüsrət İbrahimov evlərin qiymətinin aşağı düşməsi ilə
əlaqədar məsələyə münasibət bildirərkən söyləyib.
O, evlərin qiymətinin düşməsinə Rusiyadan, Ukraynadan bu bazara
gələn pul kütləsinin azalmasının şərait yaratdığını deyib:
"Evlərin qiymətlərinin dəyişməsi bir neçə amillə bağlıdır. Əmlak
iqtisadiyyatın tərkib hissəsi olduğu üçün müəyyən dövr ərzində
qiymət gah qalxır, gah stabil olur, gah da yenidən düşür. Bu
dəyişmə simvolikdir. Bu gün qiymətlərin düşmə dövrü gəlib çatıb.
Ona görə də evlərin qiymətinin düşməsi qaçılmazdır. Mövcud
qiymətlərlə alıcılıq qabiliyyəti arasında yaranmış fərq də
qiymətlərin düşməsinə təsir edir. Bu gün qiymətlər insanların
potensial alıcıların alıcılıq qabiliyyətini üstələyir. Ona görə də
bazarda aktivlik aşağı düşüb. Bu səbəbdən də qiymətlərin düşməsi
qaçılmazdır. Bu bir tərəfdən daxili alıcıların bazardan küsməsi,
digər tərəfdən isə Rusiyadan, Ukraynadan bu bazara gələn pul
kütləsinin sıfır səviyyəsinə düşməsi ucbatından baş verir. Bütün
bunlar pul kütləsinin axınının bazarda xeyli məhdudlaşmasına
gətirib çıxardıb. Bu da qiymətin düşməsinə başqa bir tərəfdən
şərait yaradır".
Ekspert evlərin qiymətlərinin ucuzlaşmasının 2016-cı ildə də
davam edəcəyini bildirib:
"Neft birjalarında, qonşu regionlarda baş verən hadisələr,
Rusiyada rus rublunun məzənnəsindəki faktlar insanları bir qədər
ehtiyatlı davranmağa sövq edir. Onlar demək olar ki, əllərində
qalan pulu maksimum dərəcədə qorumağa çalışırlar. Evlərin
qiymətinin hansı aylarda daha çox düşəcəyini demək çətindir. Amma
onu deyə bilərəm ki, bu proses artıq başlayıb. Ona ötən ilin
dördüncü rübündən başlayaraq start verilib. Hər ay təxminən yarım,
ya da bir faiz qiymət düşməsi qeydə alınır. Məsələn, yanvar ayında
yeni tikililərdə 2,27% qiymət düşümü baş vermişdi. Əgər biz
2008-2009-cu illərin təcrübəsinə istinad eləsək görərik ki, 2008-ci
ilin sentyabrından 2010-cu ilin üçüncü rübünün sonuna qədər bazarda
aktivlik aşağı düşmüşdü. Nəticədə bazarda 23% azalmışdı. Bu
təcrübəyə istinad eləsək, 2015-ci ildə qiymətlərin hardasa 8-10%
düşməsinin qaçılmaz olduğunu söyləyə bilərik. 2016-cı ildə də
qiymətlərin düşməsi davam edəcək".