Türkiyədə ilk dəfə olaraq böyük həcmdə neft ehtiyatı
tapılıb.
Verilən xəbərə görə, Türkiyənin Siirt bölgəsində yüksək çəkili
neft aşkarlanıb. Siirt şəhərinin Ədalət və İnkişaf Partiyasından
olan millət vəkili Afif Dəmirkıran bildirib ki, keçən il başlanılan
qazma işlərində açılan ilk quyuda gündəlik olaraq 150 barel neft
əldə olunacaq.
Onun sözlərinə görə, Siirt bölgəsində olduqca zəngin neft
yataqları var: "Türkiyənin "Güney Yıldızı" və TPAO şirkətlərinin
birgə apardığı qazma əməliyyatlarında Siirtin "Doğu Sadak-1"
quyusunun 2 400 metr dərinliyində zəngin neft ehtiyatı kəşf
edilib".
O qeyd edib ki, gündəlik 150 barel neftin əldə olunması TPAO-nun
Türkiyədə gündəlik bir quyudan əldə etdiyi neftin 3 qatına
bərabərdir və bu gün üçün Türkiyənin ən keyfiyyətli nefti hesab
oluna bilər: "Şirkət bu yataqda neft hasilatını stabil bir duruma
gətirməyi və daha çox neft əldə edilməsini hədəf götürüb. Ehtiyac
yarandıqda ölkənin digər neft şirkətləri də bölgədə neft hasilatına
cəlb oluna bilər. Çünki Siirtdə olduqca böyük həcmdə neft var".
Millət vəkili deyib ki, bu yatağın aşkar edilməsi Türkiyə
iqtisadiyyatına böyük dəstək olacaq: "Türkiyə hər il 60 mlrd.
dollar dəyərində neft və enerji idxal edir. Daha bir neçə belə neft
yatağı aşkar edilərsə, bu, ölkəmizə idxal edilən neftin həcmini
nisbətən azaldacaq" (Apa.az).
Artıq Siirtdəki neft yatağında tapılan neftin nümunələri
laboratoriyaya göndərilib və onun analizi aparılıb. Bu bölgənin
digər ərazilərində də neft yataqlarının axtarışları davam
etdiriləcək.