"Türk axını" ətrafındakı son
baş verənlərin regionda sadəcə yeni bir geosiyası oyuna hazırlıq
olduğu istisna edilmir".
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar
Bayramov açıqlama verib. Onun sözlərinə görə, ciddi maliyyə
sıxıntısı içərisində çabalayan rəsmi Afina bu məsələdə Qərbin ona
tanıdığı "sərhədlər" daxilində manevr etməyə çalışacaq:
"Son dövrlər heç də bütün hallarda beynəlxalq öhdəliklərə sadiq
qalmayan Yunanıstanın "Moskva sevgisinin" sonadək davam edəcəyini
proqnozlaşdırmaq çətindir. Yunanıstan ilə Rusiya arasındakı anlaşma
indiki halda hər iki tərəf üçün sərfəli görünür. Afina bununla
potensial maliyyə cəlb etməyə çalışmaqla yanaşı, Rusiyanın bir sıra
aparıcı dövlət şirkətlərini özəlləşdirməsinə əsas olmayan payçı
kimi cəlb etməyə çalışacağı da istisna deyil. Sanksiyalardan
əziyyət çəkən rəsmi Moskva isə son anlaşma ilə Avropa bazarına
çıxışını gücləndirməyə çalışır. Avropa Birliyi də son anlaşmaya
hələlik ciddi reaksiya vermir. Çünki rəsmi Brüssel bununla digər
regional layihələrə, xüsusən də TANAP və TAP-a alternativin
olduğunu nümayiş etdirməklə Xəzər regionunda özü üçün daha məqbul
şərtlər ilə möhkəmlənməyə üstünlük verir. TAP layihəsi ətrafında
Avropanın bir sıra ölkələrində səsləndirilən son spekulyativ
bəyanatlar da məhz buna hesablanıb".
İqtisadçı bildirib ki, Yunanıstan sadəcə Brüsselin deyil, eləcə
də borclu olduğu beynəlxalq maliyyə qurumlarını nəzarətdə saxlayan
Vaşinqtonun da rəyini nəzərə almalıdır:
"Mövcud oyun qaydalarına uyğun olaraq Rusiya Cənubi Avropa
bazarına daha real şəkildə daxil olan zaman Vaşinqtonun bu məsələdə
ciddi təzyiqinin müşahidə ediləcəyi gözlənilir. Əslində, mövcud
geosiyasi və geoekonomik faktorları nəzərə aldıqda TAP Avropa üçün
daha əlverişli və səmərəlidir. Əvvəla, kəmər Rusiyadan kənar
keçdiyi üçün avropalılara "Qazprom"un dominatlığını zəiflətməyə
yardım edir. İkincisi, yalnız Xəzəryanı ölkələrin deyil, eyni
zamanda, İraqın da kəmərə qoşulması imkanları Avropaya qaz nəqlini
fasiləsiz və rentabelli edir.
Üçüncüsü, TAP-ın illik ötürmə qabiliyyəti 60 milyard kub
metrədək artırıla bilər ki, bu da Mərkəzi-Şərqi Avropa ölkələrindən
Bolqarıstan ilə yanaşı digər dövlətlərin də daxili şəbəkə vasitəsi
ilə layihədən faydalanmasına və "Qazprom" asıllığını azaltmasına
imkan verəcək. Bu ayın əvvəlində Bakıda təşkil edilən Beynəlxalq
Neft-Qaz sərgisində Azərbaycan Prezidenti TAP ətrafındakı
müzakirələrə çox doğru qiymət verərək layihənin reallaşmayacağı
təqdirdə bütün tərəflərin uduzacağını bildirdi. Sözsüz ki, bu
reallıq Qərbdə də dəyərləndirilir. Deməli, "Türk axını" ətrafındakı
son gəlişmələrin regionda sadəcə yeni bir geosiyası oyuna hazırlıq
olduğu istisna edilmir".