Yuxarı

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

BMT-dəki məlum hadisəyə görə, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya ilk baxışdan, müəyyən dairələrin qardaşlıq münasibətlərinə zərbə vurmaq cəhdləri kimi görünsə də, bir sual açıq olaraq qalır: Rəsmi Ankaranın susması “razılıq əlamətidir”, yaxud bu kampaniyanın benefisiarı Türkiyə hakimiyyətidirmi?

Bu sualı ön plana çıxaran və təsdiq ehtimallarını gücləndirən amillər var.

Birincisi, Azərbaycana qarşı eyni kampaniya uzun müddətdir davam edir;

İkincisi, kampaniyanın iştirakçıları, bir çox hallarda, təşkilatçıları arasında hakimiyyətə yaxın media resursları və siyasətçilər yer alırlar;

Üçüncüsü, rəsmi Ankara hər şeyə rəğmən – kampaniyanın məqsədyönlü şəkildə aparıldığını, iddiaların əsassız olduğunu və ikitərəfli münasibətlərə zərər verdiyini bildiyi halda, heç bir tədbir görmür, baş verənləri susqunluqla izləyir;

Bu amillər Ankaranın susmasının Azərbaycana qarşı aparılan kampaniyaya razılıq əlaməti kimi qəbul edilir, hətta prosesin məhz hakimiyyət dairələri tərəfindən idarə olunduğunu deməyə əsas verir. Əks təqdirdə, prosesə çoxdan müdaxilə etməli idilər. Burada “Türkiyə mediasında fərqli qrupların, fərqli ideologiyaların olması prosesin qarşısını almağı mümkünsüz edir” əsaslandırması qəbul edilə bilməz. Ki, Türkiyədə anti-Azərbaycan kampaniyasının qarşısının alınmaması ilə bağlı belə “arqumentlər” irəli sürülüb. Keçmişdə və günümüzdə Türkiyədə təkcə dövlətin yox, hakimiyyətin belə maraqlarına uyğun olmayan informasiya axınına dərhal müdaxilələrin edilməsi faktları var, bu baxımdan, Ankaranın səssizliyi kampaniyanın qarşısını almaq iqtidarında olmaması yox, maraqlı olması kimi görünür.

Və bu, Azərbaycan cəmiyyətində haqlı suallar yaradır: Türkiyədə bizi nə hesab edirlər?

Görünür Ankarada belə düşünürlər: Azərbaycan xarici siyasətini Türkiyənin maraqlarına uyğunlaşdırmalı, üçüncü ölkələrlə münasibətlərini qurarkən, hətta hansısa tədbirdə iştirak edib-etməmək qərarında belə onların ambisiyalarını nəzərə almalıdır. Azərbaycana qarşı eyni iddialar üzərindən kampaniyanın uzun müddət davam etdirilməsi yaranmış situasiyanı belə qiymətləndirməyə əsas verir. Halbuki, nə qardaşlıq hüququ, nə müttəfiqlik münasibətlərinə dair rəsmi sənədlər bu ambision yanaşmanı legitimləşdirə bilməz.

Strateji müttəfiqlik tərəflər arasında bərabərlik işarəsi qoyur. Türkiyə müttəfiqliyi diktə kimi anlayırsa, bu, münasibətləri yenidən nəzərdən keçirmək zərurətini yarada bilər. Çünki Türkiyənin maraqları olduğu kimi, Azərbaycanın da maraqları var və rəsmi Bakı milli maraqlarına uyğun müstəqil siyasətin aparılmasında heç vaxt diktəni qəbul etməyib, hətta bu, qardaş ölkədən olsa belə.

Aparılan kampaniyada əsas diqqətçəkən istiqamətlərdən biri də neoosmançılıq yanaşmasının olmasıdır. Belə görünür ki, Türkiyədə kimlərsə, hansısa qüvvələr 1918-ci ildə Azərbaycanı vassala çevirmək (Osmanlı ordusunun tələbi ilə Milli Şuranın fəaliyyətini dayandırması hadisələri tarixi həqiqətlərdir) planlarını yenidən sınaqdan keçirməyə cəhd edir, lakin nə zaman o zamandır, nə də Azərbaycan həmin dövlət. Bu gün Azərbaycanın adekvat addım atmaq haqqı və gücü var.

1. Türkiyə-Azərbaycan münasibətlərində qardaşlıq hüququ yox, rasionallıq əsas götürülə bilər.

Türkiyədə neçə ildir həyata keçirilən anti-Azərbaycan kampaniyası və buna qarşı heç bir tədbirin görülməməsi Ankarada münasibətlərə rasional müstəvidə yanaşıldığını göstərir. Görünür, Bakının da münasibətləri rasional müstəviyə keçirməyinin zamanıdır.

2. Susmağımız bilməməyimiz, yaxud çəkinməyimiz demək deyil.

Türkiyədə aparılan kampaniyada Azərbaycan xalqı, dövləti, dövlət rəhbərliyinə qarşı təhqir və təhdidlər irəli sürülür. Azərbaycanda bunu səbrlə qarşılasalar da, “qırmızı xətlərin” keçilməsi Türkiyə və onun rəhbərliyi haqqında adekvat mövqenin ortaya qoyulmasına səbəb ola bilər. Ki, bunun üçün kifayət qədər səbəb, fakt mövcuddur. Yəni Azərbaycanın səbri geri çəkilmək, yaxud bilməmək deyil.

Misal üçün, İsraillə münasibətlərə görə Türkiyədə təhqir dolu hücumlara məruz qalan Azərbaycan Ankara-Təl-Əviv xəttindəki şübhəli əlaqələrdən xəbərdardır.

- İsrail 2019-2023-cü illərdə Türkiyənin ən böyük ticarət tərəfdaşlarından olub. 2023-cü ildə Qəzza müharibəsinin başlanmasından sonra İsraillə ticarət əlaqələrinə embarqo qoyulduğu deyilsə də, proses gizli formada davam etdirilib. Hətta malların İsrail limanlarına daşınmasını gizlətmək üçün təyinat yeri kimi Fələstin göstərilib (Əl-Cəzirənin araşdırması);

- BMT-nin Beynəlxalq Ticarət Statistikası üzrə Məlumat Bazasına görə, 2024-cü ildə Türkiyə İsrailin beşinci ən böyük təchizatçısı olub, ixracın ümumi həcmi 2,86 milyard dollar təşkil edib.

- İsrailə malların daşımasını həyata keçirən əksər şirkətlər hakim AKP-yə yaxın olanlardır: Türkiyə mediasında bununla bağlı faktlar yayımlanıb;

Açıq mənbələrdə yayılan məlumatlar ticarət əlaqələrinin yalnız bir qismidir. Azərbaycanda bütün bunların dilə gətirilməməsi bilmədiyimizdən deyil.

İsrailə görə Azərbaycanın hədəf seçildiyi Türkiyənin bu ölkənin arxasında dayanan ABŞ qarşısında cəsarətsiz mövqeyini də görməmək mümkün deyil. Və suallar yaranır: məsələ İsrailə qarşı siyasətdirsə, Türkiyə niyə ticarət maraqlarını güdür? Niyə ABŞ-a qarşı söz deməyə cəsarət etmirlər? Ankara daxili və regional ambisiyaları təmin etmək siyasətində Azərbaycanı niyə “qurban” kimi görür?

Ankara bütün bunları gördüyümüzü və düşündüyümüzü bilməlidir. Anlamalıdır ki, aparılan kampaniya təkcə ikitərəfli münasibətlərə zərər vurmur, həm də ictimai rəydə “ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda əsas gücə çevrilməsində Türkiyə narahatdır”, eləcə də “Ankarada 44 günlük müharibədə Azərbaycana verilən siyasi dəstəkdən peşman olublar” kimi şübhələrə də yol açır.

Və onu da bilməlidirlər ki, qardaşlıq hüququ münasibətlərdə bərabərlik işarəsinin götürülməsi, yaxud diktə etmək haqqının verilməsi demək deyil.

Tarix
2026.09.27 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla