Ana səhifə İqtisadiyyat |
30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər.
Bu sözləri "Azadlıq" radiosuna müsahibəsində MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Millət vəkili bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilə bilər:
"Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan
əmanətlərin məbləği limitsiz olsun. Qanuna əsasən, vətəndaşların
banklardakı 30 min manata qədər əmanətləri qorunur. Amma indi
yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik.
Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini
qorumağa zəmanət verməlidir. Yəni, hər hansı fors-major vəziyyət
yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay
vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi
genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar".
Komitə üzvü dollarla götürülən kreditlər məsələsinə də toxunub: "Bu
məsələ faktiki olaraq razılaşdırılıb. Biz bunu həm Mərkəzi Bankla
razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı
məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem
olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var.
Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə
məzənnəylə -1,05 manatla ödənməsi də gündəlikdədir. Bu məsələni bir
dəfə müzakirə etmişik. Sonra özüm də təklikdə Mərkəzi Bankla,
hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də
budur".
V.Əhmədov qeyd edib ki, 10 min dollara qədər olan kreditlərin
ödənmə qaydası artıq hökumətlə razılaşdırılıb:
"Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə
məzənnəylə -1,05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var,
görək nə zaman qərar verilir".
Deputat Milli Məclisin növbədənkənar iclasında 2016-cı ilin dövlət
büdcəsinə yenidən baxıla biləcəyini də istisna etməyib: "Qanuna
uyğun olaraq dövlət büdcəsinə may və oktyabrda baxıla bilər. Amma
lazım gələrsə, dəyişiklik etmək də problem deyil. Neftin qiymətini
50 dollardan götürmüşük, ancaq hazırda qiymət 30 dollar
ətrafındadır. Təkliflər var ki, 20 dollardan götürək. Məsələn,
Qazaxıstanda 20 dollardan götürdülər. Maliyyə naziri də bugünlərdə
dedi ki, üç variantları var. Amma bununla bağlı qərar cənab
prezidentdən asılıdır".
Bununla belə, Vahid Əhmədov deyib ki, neftin qiyməti büdcədə 20
dollardan götürülsə də, sosial layihələrə təsir etməyəcək:
"Prezidentin göstərişi var ki, sosial layihələrə toxunulmasın.
Yalnız bəzi investisiya layihələri dayandırıla bilər. Ancaq bizim
üçün iki investisiya layihəsi çox əhəmiyyətlidir və onlar
dayandırıla bilməz. Birincisi, TANAP-TAP qaz kəməri, ikincisi də
Bakı-Qars dəmir yoludur. Hər iki layihə Azərbaycan üçün həm
iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bundan başqa
layihələri dayandırmaq olar, problem yoxdur".
Tarix
2016.01.18 / 10:48
|
Müəllif
Axar.az
|