Neftin dünya bazar
qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin
artması baxımından vacibdir.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov
açıqlama verib. Ekspert neftin bahalaşma səbəblərinə aydınlıq
gətirib:
"Neftin dünya bazar qiyməti yenidən yüksəlməyə başlayıb. Artıq
Brent markalı neftin hər barreli birjalarda 46 dollara təklif
edilir. Doha samitindən sonra 5 faiz dəyər itirən "qara qızıl"
növbəti 2 iş günündə mövqelərini bərpa edə bilib. Bu həftənin
çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə petrol
işçilərinin tətili ilə bağlı idi. Belə ki, tətil nəticəsində martda
gündəlik 2,8 milyon barrel neft hasil edən sözügedən ölkənin
istehsalı 1,5 milyon barrelə qədər azaldı. Eyni zamanda, gündəlik
istehsal texniki səbəblərdən Venesuelada 200 min barrel, boru
xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barrel
azalıb".
İqtisadçının sözlərinə görə, hasilatın azalması OPEK-ə üzv
olmayan ölkələrdə də müşahidə edilməkdədir:
"Son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft
sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa
təsir göstərir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına
əsasən, OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min
barrel aşağı düşəcək".
V.Bayramov qiymət artımları ilə bağlı hazırkı prosesin nə qədər
davam edəcəyini də açıqlayıb:
"Beynəlxalq Enerji Akademiyası Çin daxil olmaqla bir sıra
ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir. Eyni zamanda,
Rusiya neft hasilatını gündəlik 12 milyon barrelə çatdıracağını
bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon barreli
hədəfləyir. Buna görə də hələlik təklifin tələbi ən azı gündəlik 1
milyon barrel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın
birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər ABŞ hasilatdakı
azalmaları optimllaşdırarsa, o zaman qiymət artımları müvəqqəti
xarakter daşıya bilər.
Həmçinin, neftin dünya bazar qiymətinin hər barreli 60
dollaradək yüksələrsə, o zaman ABŞ-da şist neftinin hasilatı üçün
geniş imkanlar yaranır. Bu isə OPEK ölkələrinin, xüsusən də
Səidiyyənin maraqlarına uyğun deyil. Bu baxımdan əksər beynəxalq
agentliklər neftin dünya bazar qiymətində kəskin artımlar
proqnozlaşdırmırlar. Amma neft bazarı siyasiləşdiyi üçün istənilən
sürpriz gözləniləndir.
Neftin dünya bazar qiymətinin yüksəlməsi "qara qızılın"
ixracatda payının hələ də 85 faiz olduğu Azərbaycana daxil olan
valyutanın həcminin artması baxımından vacibdir. Amma müvəqqəti
qiymət artımları islahatlar paketinə heç bir halda təsir
göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən
zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər".
Qeyd edək ki, bu gün "Brent" markalı xam neftin bir barrelinin
qiyməti artaraq 46,04 dollara yüksəlib.