Son günlər xalq artisti Flora Kərimovanın SSRİ xalq
artisti, millət vəkili Zeynəb Xanlarovanın sənəti haqqında
səsləndirdiyi fikirlər cəmiyyətdə geniş rezonansa və müzakirəyə
səbəb olub.
Turkustan.info xəbər verir ki, "Bizim Yol" qəzetinin
baş redaktoru Bahəddin Həziyev Feysbuk səhifəsində mövzu ilə bağlı
qeydlərini yazaraq F.Kərimovanın mövqeyini müdafiə edib:
Hamı deyir: Filankəs böyük sənətkardır. Türk dünyasının
fəxridir. Nə bilim?! Azərbaycanı dünyada elə tanıdıb, belə tanıdıb.
70 il mövcud olmuş qurama bir ölkənin Sovet xalqı adlanan
"xalq"ının artistidir. Elə nəhəngdir, belə həşəmətlidir-filan.
Ancaq heç kimin telefonunda, ya ümumiyyətlə, musiqi menyusunda o
"nəhəng" müğənninin bir dənə də mahnısı yoxdur. Özləri Flora
Kərimovaya qulaq asırlar, ancaq deyirlər ki, filankəs çox böyük
sənətkardı. Səhv etmirəmsə, Xruşşov haqda lətifədir. Bir şəhərə
gəlir, orda bir heykəl görür. Soruşur ki, bu kimdir? Deyirlər ki,
Puşkin. Deyir: "Qəribədir, "Mumu"nu Turgenyev yazıb, heykəli
Puşkinə qoyublar". İndi bizdə
bunun əksidir. Gündəlik dinlədiyin, sevdiyin sənətçiyə deyil, qulaq
asmadığın, ancaq təbliğatı mötəbər yerdən gələn adama nəhəng
deyirsən.
Bir az dürüst olmaq lazımdır; o SSRİ xalq artistinə axırıncı
dəfə nə zaman qulaq asmısınız?! Ancaq Floranın sənəti göz
önündədir, hər gün qulaqlarımızda səslənir. Mən şəxsən Müslüm
Maqomayevi və Rəşid Behbudovu çıxmaqla qalan SSRİ xalq
artistlərinin sənətini o dərəcədə yüksək sənət saymamışam. Sovetlər
Birliyi qurama dövlət olsa da, böyük dövlət idi. Təbliğat maşını da
çox nəhəng idi. O maşınla istənilən müğənnini əzmək də, nəhəng
sənətkar elan etmək də asan idi. O zaman dünyanı gəzmək və
Azərbaycanı "tanıtmaq" üçün Dövlət Təhlükəsizliyi Komitəsinin seçib
icazə verdiyi müğənnilər var idi. O müğənnilərə DTK səhnədə
oynamağa da, şalvar geyməyə də, konsert vaxtı tamaşaçıların arasına
– salona düşməyə də, kulisdə tamaşaçılarla görüşməyə də icazə
verirdi. Çünki SSRİ DTK üçün o konsertlərdə o tamaşaçılar - SSRİ-də
yaşayan xalqların xaricdəki diasporu haqda qiymətli informasiyalar
vardı. Ona görə də SSRİ-də yaşayan bütün xalqların seçilmiş sənət
adamlarına belə şərait xüsusi olaraq yaradılırdı.
Qaldı Flora xanımın dediklərinə, bunun doğru olduğunu da hər kəs
bilir. Ancaq "filankəs çox nəhəngdir" deyə təsdiq etməkdən
qorxurlar. Başqa dostlarımla yanaşı, jurnalist məsləkdaşlarıma
xüsusi olaraq deyirəm: klişelərlə düşünməyək, dağılmış bir qurama
dövlətin nimdaş təbliğat qəliblərindən çıxmış tezislərdən əl çəkək.
Kimin hələ xəbəri yoxdursa, məlumat verirəm: SSRİ dağılanda
doğulmuş uşağın indi 25 yaşı var! O dövlət dağılıb 25 il qabaq…
Kimsə kimin üçünsə gözəl sənətkar ola bilər (Zövq məsələsində
mübahisə etmirlər). Ancaq bu, onun haqqında tənqidi fikir deyəni
linç etməyə əsas vermir. Şəxsən mən Flora Kərimovanın sözlərinin
tamamilə qəribçiliyə salınmasını neobolşevizmin təzahürü sayıram.
Münaqişədən qorxmayın. Cəmiyyətin inkişafı konfliktlərdən və
onların ədalətli həllindən keçir.
Yeri gəlmişkən, SSRİ-də politologiya elmini qadağan etmişdilər.
Konfliktologiya ilə isə DTK-nın qapalı tədqiqat institutları məşğul
olurdu. Çünki totalitar bir rejim idi; dövlət hamının əvəzindən
düşünürdü. Gerçəkdən böyük yazıçı olan Çingiz Ayrmatov Sovet
təbliğat maşını haqda ironiya ilə belə demişdi: "Sovet İttifaqında
hətta təbii fəlakətlər də… gözəldir".
Belə. Gözəl gününüz olsun!