Çox dəyərli Fikrət Qoca! Biz
görmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrikləşər. Ancaq
sizin mənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi
alt-üst elədi. Və sizə cavab vermək məcburiyyətində
qaldım.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış şair Rüstəm Behrudi
xalq şairi Fikrət Qocanın onun AYB-dən istefa verməsi haqda dediyi
sözlərə cavab olaraq Feysbuk səhifəsində yazıb. Rüstəm Behrudi
F.Qocanın məsələyə münasibətini sərt şəkildə tənqid edib:
"Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident Heydər Əliyevlə
gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim
ki, belə bir təşkilata ehtiyac yoxdur. Çünki dövlət təminatı
altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən
yenə də o fikrimdə qalıram. Qaldı sizin açıqlamanıza... Açıqlamanız
siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil. Mənim
istefa verməyim də ad günü məsələsi yox, YB-nin mənə
münasibətidir.
Siz yəqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki,
gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar.
Bu, çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür
açıqlama verə bilməz! Açıqlamanızdan hiss elədim ki, siz
həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə
olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür
müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi
sizsiniz.
Qaldı adını gündəmə gətirmək məsələsinə, əgər vicdanlı və
məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız, bilərdiniz ki, 40
ildir ki, ömrünü-gününü hay-küy salmadan, vicdanla, ləyaqətlə
ədəbiyyata həsr eləmiş, hələ gənc yaşlarında şeirləri türkdilli
xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə
çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz. Mən sizin
açıqlamanızı qeyri-səmimi, həqiqətdən uzaq bir şey hesab eləyirəm.
Çox hörmətli Fikrət Qoca! Azərbaycan ədəbiyyatı AYB-dən ibarət
deyil. Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır".
Xatırladaq ki, Rüstəm Behrudi ötən gün Yazıçılar Birliyinin ad
günündə "quruca təbriklə" ona xatırlamamasını bildirərək, bu
qurumda qalmağın mənasız olduğunu və istefa verdiyini açıqlamışdı.
Xalq şairi Fikrət Qoca isə Aznyus.az-a açıqlamasında Rüstəm Behrudinin istefası
ilə bağlı bu sözləri demişdi:
"Neyləyək? Ayrılır, ayrılsın da… Yazıçılar Birliyi bir
cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz.
Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, Birliyə ömrü
boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib
soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir. İşi uğurlu
olsun. Bəlkə başqa qurum tapıb, gedib ora üzv olacaq?!"
AYB sədri Anar isə Rüstəm Behrudini çox istedadlı, "əsl şair"
adlandıraraq, verdiyi qərarın tələsik olduğunu bildirmiş və onun ad
gününün qeyd olunmamasının səbəbini işçilərin əksəriyyətinin
məzuniyyətdə olması, AYB-nin binasında təmir işlərinin getməsi ilə
əlaqələndirmişdi. Anar təmir bitdikdən sonra R.Behrudinin ad
gününün AYB-də qeyd ediləcəyini də demişdi.